Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:07

İranda «islami» retuzlar


İranda mənəviyyat polisi retuz geyən qadını saxlayır. 30 avqust, 2013
İranda mənəviyyat polisi retuz geyən qadını saxlayır. 30 avqust, 2013
-
Liberal iranlılar yeni prezident Hassan Rohanidən islahatlar, daha çox sosial azadlıqlar gözləməkdə ikən, mühavizəkarlar da daha sərt qadağalar və standartlar tələb edir.

Özəlliklə də qadınların geyimi məsələsində. İrandakı dindarları indi qıcıqlandıran qadın geyimi – dar retuzlardır. Hətta bu məsələ Economist jurnalının səhifələrinə də gedib çıxıb. Jurnalda İranda dəb – “Gözünü ayağımdan çək” adlı yazı dərc olunub.

Son illərdə İran qadınlarının uzun örtükləri yay aylarında bir az da qısalıb və darlaşsa da, mənəviyyat polisinin ilişməməsi üçün onlar geyimlərinə başqa bir element əlavə ediblər.

İndi dünyanın başqa yerlərində də dəbdə olan dar qadın retuzlarından – legginqlərdən söhbət gedir. Düzdür, Qərbdəkindən fərqli olaraq iranlı qızlar, qadınlar onun üzərindən manto və ya örtük taxılar.

Ancaq məsələ burdadır ki, parıldayan bu retuzlar çadranın önündən görünür və bəzilərinin fikrincə diqqəti daha çox cəlb edir.

İranda bundan xoşlanan gənclər hətta xüsusi retuz fan qrupu da yaradıb, parıldayan retuzlu şəkillərini paylaşırlar. Bu qrupun üzvlərinin sayı minlərlə olandan sonra İran mediası retuzların islami dəyərlərə uyun olub-olmadığını müzakirəyə başlayıb.

Mühavizəkarların internet saytları retuz dəbini Qərbin növbəti mənəviyyata hücumu və cəmiyyətdə şəhvət oyatmaq cəhdi kimi qiymətləndirir. Yazırlar ki, “parıldayan retuzlar üzündən İran gənclərinin əqli və ruhi rahatlığı qalmayıb”. Bir saytda qeyd olunur ki, “bu cür şəraitdə hətta qoca kişinin də ağlı başından çıxar”.

Başqa bir sayt isə retuzlar üzündən seksual zəmində sataşmaların artdığını iddia edir və İslam inqilabının keşiyində duran gəncləri məhəllərindəki bu cür tiplərdən təmizləməyə çağırır.

Bəzi saytlar hətta Bəsiclilərə – könüllü yarımhərbi birləşmələrə retuz geyən istənilən qadını həbs edib cəzalandırmaq səlahiyyəti verilməsini tələb edir.

Yeri gəlmişkən , Azərbaycanda da bir çox islam saytları elə Bakıda görünən bu retuz tendensiyasından şikayət edib, düzgün hicab qaydalarına əməl etməyə çağırırlar.
Economist isə yazır ki, retuz geyən iranlı qızlar indi sosial şəbəkələrdə özlərinə haqq qazandırırlar.

Nilufər yazır ki, “Yaydakı cırhacır istilərdə retuzar çox rahat olur. Üstəlik, bu elə İrandan xaricdə də dəbdədir deyə, biz də bir qadın kimi, hər yerdə geyiləni öz qaydamıza uyğun şəkildə geyinmək istəyirik”.

Başqa biri yazır ki, “ haray-qışqırıq nəyə görə çıxıb, anlamıram. Biz ancaq tünd rənglər geyirik, amma onlar yenə narazıdırlar. Bu ölkədə 10-dan çox qadın eyni şeyi edən kimi, biriləri bunu özlərinə təhqir kimi başa düşüb qarşısını almağa çalışır”.
1979-cu ildəki İslam İnqilabından sonra iranlı qadınların geyimini şəriətə uyğunlaşdırmaq məsələsi hər zaman aktual olub.

Amma Economist onu da qeyd edir ki, illər ötdükcə qaydalar yumşalır. Məsələn, Baş örtüyü – hicab məcburi olsa da, iranlı qızlar başlarını sadəcə yaylıqla örtür və boğazın altından düyünləyirlər, saçları və boyunların görünməsinə heç kim heç nə demir.

Düzdür, həddindən artıq azad geyinən qadınları elə bu gün də mənəviyyat polisi saxlayıb məntəqəyə apara bilər və orada onlara bir neçə saat mənəviyyat dərsi keçəcəklər.

Amma ən azından 15 il əvvəl olduğu kimi, İranda qadınları şəriətə görə geyinmədiyi üçün Bəsic fəalları döymürlər. Odur ki, Economistin fikrincə, elə parıldayan sintetik retuzlar da bu gedişlə İran qadınlarının qarderobunda qalıcı olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG