Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

Şəhriyar istəyib “Ətriyyatçı”dan nəsə əxz eləsin, amma...


Cavanşir Yusifli

Cavanşir Yusifli

-

Tənqidçi Cavanşir Yusifli gənc yazar Şəhriyar del Geraninin romanı haqda:

Kitabın üz qabığındakı 18+ işarəsi və arxa qabığındakı məzmunsuz erotik rəsm... onun ifadə etməyə çalışdığı mətləblə qətiyyən uzlaşmır...

O hekayələri yazan nasirin birdən-birə belə bir roman yazması şəxsən mənim üçün çox təəccüblüdür. İndi hekayələrin məzmunu yadımda qalmasa da, onların nə dərəcədə zəif alınması yadımdadır.

Xarakterində elə cəhətlər var ki, Şəhriyarın istedadının tam gücü ilə reallaşmasına mane olur...

Şəhriyarın romanı Zaur və Təhminə əhvalatından çox Ə. Əylislinin “nəğməkar bibisini” xatırladır...

Bu sırtıq həyat, bu fahişə dünya, bu mərdi namərdin ayağına verən fələk nə üçün, hansı üzlə bütün olmayan gözəllikləriylə təsvir olunmalıdır?..


Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Cavanşir Yusifli


ŞƏHRİYARIN İNTİHAR HÖRÜYÜ


Gənc nasir Şəhriyarın “İntihar hörüyü” romanının müzakirəsi mübahisə üçün az mövzu versə də, onun müxtəlif baxış bucaqlarından təhlili bütövlükdə gənc nasirlərin axtarışlarını incələmək mənasında önəmlidir.

Indinin ədəbi nəsli sələflərindən təkcə poetik dünyagörüşü ilə deyil, həm də bu dövrün onlara aşıladığı qəribə çılğınlığı, janrdan janra sürətlə adlaması, güclə hekayə qaralayan adamların birdən roman(lar) yazması... daha nələrlə fərqlənir.

Hətta onların sələfləri arasında da elə gözəl hekayə ustaları var ki, “roman epidemiyası” başlayandan sonra əsl təyinatında (marşrutdan) çıxmaqla öz yaradıcılığında qəza vəziyyəti yaradıblar. Hekayə ilə Mopassanın həndəvərinə düşə bilməyənlər romanla daha əzəmətli görünmək arzusunda bulunur və beləcə nəsrimizdə janr hərc-mərcliyi baş alıb gedir.

Ancaq gənc bir yazıçının ilk romanına bu mətnin ölçüsü, tutumu və digər keyfiyyətlərini nəzərə almadan baxmaq, fikrimizcə insafsızlıq və bir az da sərt söyləməli olsaq qəddarlıq olardı.

Şəhriyarın yaradıcılıq diapazonuna (belə demək olarsa-!) bələd olduğumdan bu romanın uğurlu və naqis cəhətləri haqqında onu canlı klassiklə müqayisədə deyil (guya bu roman məşhur Təhminə və Zaur əhvalatının bir budağıymış -?), məhz bədii mətnin keyfiyyətlərini incələyərək qiymət vermək lazımdır.

Əvvəlcə romanın məziyyətləri haqqında. Mən “Oxu zalı”nda təşkil edilən hekayə və şeir müsabiqələrində olub ki, Şəhriyarın şeir və hekayələrinə də qiymət verməli olmuşam. O hekayələri yazan nasirin birdən-birə belə bir roman yazması şəxsən mənim üçün çox təəccüblüdür. İndi hekayələrin məzmunu yadımda qalmasa da, onların nə dərəcədə zəif alınması yadımdadır.

Şəhriyar şübhəsiz ki, çox istedadlıdır, xüsusən son şeirləri onun poetik istedadının gözlənilməz cəhətlərini ortaya qoyur. Şəhriyarın başına gələn məlum hadisə, bu ağır sınaqdan mərdanə şəkildə çıxması onun ədəbiyyatda təsadüfi adam olmamasının birbaşa təsdiqidir. Şəhriyar indi hərbi xidmətdədir. Xarakterində elə cəhətlər var ki, onun istedadının tam gücü ilə reallaşmasına mane olur. Şəhriyarın tələskənliyi, yazının ortasında onun nəşri haqqında düşüncələrə dalması ... bütün bunlar bəlkə də gənclik temperamentindən irəli gəlir, olsun illər keçdikcə bu cəhətlər də ortadan qalxacaq. Şəhriyarın burda sadalamadığım digər cəhətləri onun parlaq istedadı ilə hələlik yanaşı addımlayır, bu romanda bütün bu cəhətlər potensial şəkildə ifadəsini tapıb.
Şəhriyar del Gerani

Şəhriyar del Gerani


Mən Şəhriyarın “İntihar hörüyü” romanının əsas məziyyətini aşağıdakı kimi ifadə etmək istərdim. Bu roman, belə bir təhkiyə strukturu əslində bizdə yeni roman tipinin poetik bəlirtisini – danışa-danışa şüuraltında fırlanan, bizim mahiyyətimizi daha dürüst ifadə edən nəsnələrin ifadəsini ortaya qoymaq. Elə bir formada ki, arxa planı (danışanda qəsdən unudulan planı) önə çıxarmaqla güzgüdə görünənlərin puçluğunu göstərmək, bu məqam dilin, nitq axınının çox zaman səssizcə deyilən ifadələrinin dövrəyə girməsi ilə sıx əlaəlidir. Güzgünün rənglə qaraldılmış üzündən həyata baxmaq üçün onun lap dərinliyindən gəlmək lazımdır. Müəllif bütün təhkiyə boyu məhz belə bir cəhəti yüzdə-yüz ifadə etməyə çalışır. Romanda elə buna görə də bütün əlavə təfərrüatlar (müəllifin təhkiyə mövqeyi baxımından - !) ixtisar edilir, yerdə cəmi-cümlətanı 20 abzas qalır.

Bu 20 abzas arasında hadisələrin kəsilib atılması, müəllifin az qala hər kəlmə başı hər şeyi nəql etməkdən nəfəsinin təngiməsi (... bəlkə bunlara heç ehtiyac yoxdu..., deməsi) hardasa ilişib-qalan əsas mətləbə çatmaq istəyir. Müəyyən məqamlarda gah sıx-sıx, gah da bəzi yerlərdə az-az dil qüsurlarına yol verilməsinə baxmayaraq Şəhriyarın sintaksisi təhkiyə massivi, poetik struktur kimi önəmli cəhətlərə cavab verir.

Məsələ onda deyil ki, Şəhriyar burda həyatın “cındırından cin hürkən” bir mətləbini bütün künc-bucaqlardakı ən abırsız ifadələrlə birlikdə çatdırmağa çalışır. Şəhriyar qapı arxasında saxlanılan ifadələri, nitq qəliblərini canlandırmağa çalışır, müəyyən məqamlarda buna nail olur, əksər hallarda isə sadəcə uğursuzluğa düçar olur. Məsələ onda deyil ki, Şəhriyar “İntihar hörüyü” romanında hər şeyin, hər bir nəsnənin astar üzü ilə çıxış edir, babasının xarakterini, nənəsinin (nənəş...) sözlərini astar tərəfinə çevirib işıqlandırır. Bayaq qeyd etdiyim kimi, Şəhriyar bəlkə özü də bilmədən milli nəsrdə yeni bir yolun, yeni bir üslubi təmayülün bəlirtilərini ifadə edir. Kitabın üz qabığındakı 18+ işarəsi və arxa qabığındakı məzmunsuz erotik rəsm... onun ifadə etməyə çalışdığı mətləblə qətiyyən uzlaşmır.

Şəhriyarın romanı Zaur və Təhminə əhvalatından çox Ə. Əylislinin “nəğməkar bibisini” xatırladır. Ancaq ikinci təsadüfdə təhkiyə metodu daha proqressivdir. Ancaq... yuxarıda qeyd etdiyimiz komponentlər əyaniləşsəydi. O ki qaldı, romanda həyatın, dilin, nitqin belə deyək, “ən üfunətli” ifadələrinin dövriyyəyə alınmasına, burda birbaşa tənqid özünü doğrultmur. Heç kəs deyə bilməz ki, müəllif nəyə görə məhz bu “kəsiklər” üzərində gəzişməklə poetik niyyətini ifadə etməyə çalışır? Kim deyə bilər ki, bu gözəl həyatı elə gözəl donunda təsvir etmək lazımdır.

Əgər Mirzə Cəlilin tiplərindən biri zaman keçdikcə (nağıllarda deyildiyi kimi, dərələrdən sel kimi, təpələrdən yel kimi) onun yaradıcılığının araşdırıcısına (özü də çox görkəmli tədqiqatçısına) çevrilirsə, onun həyat və yaradıclığını ən üfunətli nitq praktikasından baxıb da təhlilə çəkməsək, bunun nə ləzzəti olacaq? Əgər o alimcığazlar hər gün bizim ürəyimizə tüpürürlərsə, bədii əsərdə bu sırtıq həyat, bu fahişə dünya, bu mərdi namərdin ayağına verən fələk nə üçün, hansı üzlə bütün olmayan gözəllikləriylə təsvir olunmalıdır. Təkcə ona görəmi ki, “dünyanı gözəllik xilas edəcək?” Yalan sözdü, bu halda bizi heç nə xilas etməyəcək, bunlar, bu saxta, geydirmə alimlər və onların portretlərinin çərçivəsindən o tayda qalan əzəmətli fiqurlar... bizim son nəfəsimizə belə tüpürəcəklər. Bundan arxayın olub yaşamaq lazımdır.

Şəhriyarın “İntihar hörüyü” romanında yuxarıda qeyd etdiyimiz üslubi metod işlək mexanizmə malik deyil, əksər məqamlarda bu – söz olaraq qalır.

Nə üçün?

Fikrimizcə, Şəhriyar oxuduqları ilə yazmaq istədikləri arasında qalıb. Bizim nəsrdə “Otel odası” povestinin məzmun planınında dünya nəsrində məşhur əhvalatların qırıntılarını tapmaq heç də çətin deyildir. Ancaq kimsə əlini (və ya barmağını) bu kəsiklərdən birinin üstünə qoyub deyə bilməz ki, yazıçı plagiata yol verib. Eyni mətləb – ömrünü, həyatını itirən adamın dalana dirənməsi, qərib otel odalarında can verməsi... mətləbi ən çox dövriyyədə olan mətləblərdəndir. Məsələ mətləbin poetik həllindədir.

Şəhriyar şübhəsiz ki, (özü boynuna almasa da) “Ətriyyatçı”dan nəsə əxz etmək istəyib. Ancaq bunu mexaniki hərəkətlə etdiyindən çapıq yeri göz önündədir. Ətriyyatçıda mətləb, məzmun planı, təhkiyə dinamikası o dərəcədə effektlidir ki, dərhal iki şey yada düşür – bunu mən də yazardım və bəlkə daha qüdrətlə yazardım. Mən bu romanı tərcümə etməyə başlayanda hər gün görüşdüyüm mərhum Mehdi Bəyazid gəldi, söhbət əsnasında bütün ehtirası ilə inandırmaq istəyirdi ki, bax, bu reseptlər haqqında ideya çoxdan idi başımda fırlanırdı. Patrik Züskind məni qabaqladı. Bu fikir o vaxt mənə nə qədər gülməli görünsə də, ürəyimin bir küncündə düşünürdüm ki, ola bilər, bir ideya milyon adamın başına gəlir, ancaq bir nəfər yazır, özü də ilk və son olaraq! Bu ideyanı oğurlamaq yox, onun dərinlik ölçüsünü əxz etmək lazımdır.

Şəhriyar rəsmini cızdığı mətləbin dərinlik ölçüsünü verə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG