Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:57

Ombudsman: Ümid edirik əfv fərmanı veriləcək


-
12 sentyabr - Azərbaycanın media icmalı

PROBLEMLƏRİN MƏNGƏNƏSİNDƏ BOĞULAN BİNƏQƏDİLİLƏR


«Azadlıq» qəzeti yazır ki, Binəqədi kəndinə gedən yolda kosmetik də olsa təmir işləri aparılır: «Neft quyularının gətirdiyi çirkabları örtmək üçün yolun kənarları hasarlanır, bahalı daşlar bu divarlara hörülür. Bu çirkabı təmizlətdirmək əvəzinə icra hakimiyyəti onları görməmək üçün daha «böyük işlər»ə baş vurub. Halbuki, o yolları təmizlətdirməyə daha az vəsait sərf olunardı. Binəqədililər bu çəkilişdən narazıdırlar. Onlar deyirlər ki, yolun kənarına çəkilən hasar görüntü baxımdan yaxşı olsa da, ancaq narahatlıq doğurur: «Hər hansı bir qəza ölümlə nəticələnə bilər. Çünki idarəetməni itirən sürücünün avtomobili divara çırpılacaq».

Qəzet yazır ki, bütövlükdə Binəqədi rayonunda isə son iki ildə Heydər Əliyev parkı üç dəfə yenidən qurulub. Əhalinin problemləri, zibilliklər isə hasarlarla gizlədilir.

ZAHİD ORUCUN QARDAŞININ SƏLAHİYYƏTLƏRİNƏ XİTAM VERİLDİ

Prezidentliyə namizəd Zahid Oruc

Prezidentliyə namizəd Zahid Oruc

«Mediaforum» saytı yazır ki, «Mərkəzi Seçki Komissiyası 103 saylı Gədəbəy seçki dairəsi komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə oktyabrın 9-da keçiriləcək prezident seçkisinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verib. Zakir Orucov prezidentliyə namizəd Zahid Orucun qardaşıdır.

Seçki Məcəlləsinə görə, qeydə alınmış namizədlərin yaxın qohumları (həyat yoldaşı və həyat yoldaşının yaxın qohumları, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə müvəqqəti xitam verilir və onu əvəzedici üzv əvəz edir».

«ÜMİD EDİRİK Kİ, ƏFV FƏRMANI VERİLƏCƏK»

Elmira Süleymanova

Elmira Süleymanova

Bunu jurnalistlərə açıqlamasında (modern.az) Ombudsman Elmira Süleymanova deyib. «Bu, ölkə başçısının səlahiyyətinə aid olan məsələdir və ölkə başçısı mütəmadi olaraq ildə bir neçə dəfə belə qərarlar verir. Ombudsman aparatı olaraq hər ay əfvlə bağlı bizə daxil olan müraciətləri Əfv komissiyasına göndəririk və bizim təkliflərimizə orada baxılır. Biz Ombudsman aparatı olaraq bizim hüququmuz yoxdur ki, onların işinə qarışaq, qərar vermək hüququmuz yoxdur. Təklif vermək hüququmuz var ki, biz də bu hüquqdan istifadə edirik».

«BİR SEÇİCİNİN SƏSİNƏ 70 SENT ÖDƏNƏN ALMANİYA»

«Bizim Yol» qəzetinin Almaniyada ezamiyyətdə olmuş müxbiri yazır ki, bu ölkədə ortabab jurnalda 200 əməkdaş, 50 redaktor çalışır, əməkhaqqı ikimin avrodan başlayır.

Almaniyada polis-jurnalist qarşıdrumasına da nadir hallarda rast gəlinir. Qəzet rəhbərlərindən biri deyib ki, bir dəfə aksiyada polis fotoreportyorun şəkil çəkməsinə mane olmuşdu. Mübahisə məhkəmə müstəvisinə çıxdı və jurnalist haqlı çıxarıldı».

BALACA ÜÇƏMLƏRİN NƏNƏSİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR


Bakı sakini Xəyalə Novruzova avqustun 6-da üçəm dünyaya gətirib. Körpələr ailəyə sevinclə birlikdə qayğı da gətirib. Ailənin uşaqlara baxmaq imkanı yoxdur, ona görə də dövlətdən yardım istəyir.

Uşaqların nənəsi Şərqiyə Novruzova «Yeni Müsavat» qəzetinə bildirib ki, qızını və nəvələrini kiçik və şəraiti yaxşı olmayan evində saxlamağa məcburdur: «Onlara baxmaq çox çətindir. Demək istəyirəm ki, onlar üçün hər şey edərəm, çalışıb böyüdəcəm. Balalarımı küçəyə atası deyiləm ki. Ancaq köməyə ehtiyacımız var. Mən dövlət başçısı İlham Əliyevdən, xanımı Mehriban Əliyevadan köməklik istəyirəm. Nəvələrim çox balacadır və hərtərəfli yardıma ehtiyacları var. Ataları da onlardan imtina edib, mən bu barədə danışmaq istəmirəm, ancaq üç uşağa baxmaq çox çətindir, onların evləri də yoxdur».

İLHAM ƏLİYEVİN SƏFƏRLƏRİ

«Azərbaycan» və «Yeni Azərbaycan» qəzetləri prezident İlham Əliyevin son bölgə səfərlərinə geniş yer ayırıb. Qəzetlər prezidentin Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin təmirdən sonrakı vəziyyəti ilə tanış olmasından da yazır:

«Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi ardıcıl surətdə davam etdirilir».

MOSKVADA GƏNCƏLI RUFO HƏBS EDİLİB

Arxiv foto

Arxiv foto

«Turan» agentliyi xəbəri Rusiya mediasına istinadən yayıb. Gəncəli Rufo ləqəbli Ülfət Tağıyev, 2012-ci ildə digər avtoritet – İlqar Cəbrayılovun (Danabaş) - təhlükəsizlik xidmətinin rəisi Aslan Usoyanın (Ded Hasan) qətlində şübhəli bilinir.

«Əməliyyatçıların versiyasına görə, Tağıyev 2012-ci ilin aprelində (həmin vaxt Ülfət hələ kriminal «cinayətkar» deyildi) Moskvada Danabaş ləqəbli kriminal avtoritet İlqar Cəbrayılovun qətlinin icraçısı ola bilərdi.

Həmçinin, Gəncəli Rufo 2013-cü ilin yanvarında Aslan Usoyana qarşı sui-qəsddə iştirak etməkdə şübhəli bilinir. RF DİN-in məlumatına görə, Tağıyev onu izləyib, killerin işini təşkil edib, ona cinayət yerindən qaçıb gizlənməkdə kömək edib.

Rusiya hüquq-mühafizə orqanlarının versiyasına görə, Ülfət Tağıyev digər avtoritet Rövşən Canıyevin (Lənkəranlı Rövşən) ən yaxın əlaltısıdır və bu şəxslərin onlarla ölümdə əli var».

Günün bütün mövzuları

XS
SM
MD
LG