Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:31

Ədəbiyyatda erotika, yoxsa erotikada ədəbiyyat?


İradə Musayeva

İradə Musayeva

-

İradə Musayeva:

Artıq ədəbi mətndə erotika yox, erotik təsvirlərdə ədəbiyyat axtarmalı oluruq.

Şəhriyar del Geraninin “İntihar hörüyü” əsəri də bu silsilədəndir.


Şəhriyarın həcm etibarilə kiçik olan bu əsərin üzərində çox işləməsi, fərqli forma, ifadə və dil texnikası nümayiş etdirmək cəhdi, oxucu ilə birbaşa, səmimi, ancaq məzmun dairəsindən kənara çıxmadan ünsiyyətə girməsi bacarığı təqdirəlayiqdir.

Lakin... Şou və əyləncə ədəbiyyatı assosiasiyası əsərin keyfiyyətlərini, müəllifin istedadını kölgədə qoyur...


Tənqidçi İradə Musayeva bu məqaləsi ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Iradə Musayeva


ƏDƏBİYYATDA EROTİKA, YOXSA EROTİKADA ƏDƏBİYYAT?


Həm Azərbaycan, həm də dünya folklor və klassik ədəbiyyatında erotik mövzu həmişə işlənib – daha çox epik növün janrlarında, xüsusilə nağıl, dastan və romanlarda.

Biz hər cür çılpaqlığa erotika deyirik. Halbuki həyatın özündə də kişi-qadın münasibətlərinin mahiyyətini açanda bu əlaqənin min bir cür çaları ortaya çıxır.

Gecə barlarında pul qazanan qadın və onunla “kef” eləyən kişi arasındakı ünsiyyət ilə bir-birini sevən, hörmət edən və “ailə” adlı müqəddəs dairədə bu təmizliyi qoruyan ata-ana, ər-arvad münasibəti, ünsiyyəti təbii ki, eyni deyil.

Ancaq bu münasibətlərin hər ikisində erotika var...

Fərq ruhun, ürəyin, sevginin təcəssümü, tələbi, ehtiyacı olan əlaqə - erotika ilə alver, azğınlıq, əxlaqsızlıq, sözün həqiqi mənasında pozğunluq situasiyasında ortaya çıxan əlaqə - erotikanın simasındadır...

Ədəbiyyatda isə məsələ tam başqadır. Daha çox, intim, gizli, sətiraltı mahiyyət daşıyan bədii mətndə intim münasibətlər hansı məqsəd və hansı üsulla ifadə olunur?

Doğrudanmı bu cür açıq-saçıq səhnələrsiz, cismani qovuşma emosionallığının az və ya yox olduğu ədəbiyyat maraqsızdır?

Az qala müasirlik və modern dünyagörüş meyarına çevrilmiş seksoloji üslub ədəbi düşüncəmizdə inqilab etməyə qadirdimi?

Ruhani tələbatdan yazılan və bu tələbatla da oxunan kitabları doğrudanmı “pastel” naturalizmi diqqət mərkəzində saxlayır?

Düzdür, dünya ədəbiyyatı inciləri (“Min bir gecə”, “Dekameron”, “Madam Bovari”, “Xosrov və Şirin” və s.) içərisində intim münasibətlər səhnəsini əks etdirən əsərlər də az deyil, lakin L. Tolstoy, M. Dostoyevski, A. Kamyu, A. Ekzüperi, U. Folkner, E. Heminquey və başqa bu kimi böyük sənətkarlar qədər emosional, kişi-qadın münasibətlərində mübhəmliyin, mənəvi-ruhi və maddi-cismani-nəfsani paralelliyin hormoniyasını psixoloji ustalıqla sistemləşdirən və əsər boyu nəzarətdə saxlayan yazıçılar niyə bu üsuldan istifadə etməyiblər?

Halbuki onlar ictimai qınaq və kütlə zövqü tələbatı səviyyəsi ilə əsla hesablaşmayan müəlliflər idi...

Çağdaş Azərbaycan ədəbiyyatında gənclərin romanlarında başqa bir mənzərə ilə rastlaşırıq. Artıq ədəbi mətndə erotika yox, erotik təsvirlərdə ədəbiyyat axtarmalı oluruq. Şəhriyar del Geraninin “İntihar hörüyü” əsəri də bu silsilədəndir.

Şəhriyar Mark Oyerbaxın “Düşmənin əlinə keçməməkçün son gülləni öz başına çaxan əsgərin sağ qalması nə qədər səadətdirsə, eynən o qədərdi mənimki...” – fikri ilə romanına başlayır. Sonda rəngbərəng qadın saçlarından rəssam əliylə hörülmüş intihar hörüyündən asılmış qəhrəmanın sağ qalma və ya intihar şansı haqqında düşünəndə bu sitat yada düşür.

Müəllif əsərini 7 söhbət, 21 abzas kontekstində ümumiləşdirib. Hər biri bir mikromətn olan abzaslarda sujet, kompozisiya, ideya-məzmun tamlığı mövcuddur.

Bir söhbət üç abzasdan ibarətdir.

Birinci söhbətdə Saranın zorlanma xəbərinin hay-küyü fonunda çox obrazlarla tanış oluruq:

Cüllüt (“Cüllüt də mənim əziz-girami oğru dostumdu. Vur-tut 34 kilo olar-olmaz. Ağzının kənarından çənəsinin sol tərəfinə uzanmış mötərizə formalı çapığı var”),

Sara (“Sara qəsəbə məktəbinin səkkizinci sinfində oxuyurdu. Dərsdən çıxıb evə qayıdanda kimlərsə maşına basıb aparıbdır. Sonra aləmə qıy düşüb ki, bəs iki nəfər avara qızı qaçırdıb, başına itin oyunun açıblar, zorlayıblar, sonra da küçənin ortasında düşürdüb başlarından eləyiblər”),

əsərin baş qəhrəmanı Samralın atası, anası, babası, nənəsi (“Mən bu axmaq qocanın (babanın – İ.M) üzündən anasız böyümüşəm. Anam deyilənə görə gözəl olub. Əri, yəni atam içkidən ölüb, qaraciyəri partlayıb. Partlayıb deyəndə ki, serrozdu, nə zibildi onnan olub. Atamdan sonra gözəl anamın adına söz çıxıb. Rayon icra hakimiyyətində katibə işləyən anam, sən demə icra başçısı ilə gəzirmiş, özü də ayaqyalın-başıaçıq. Babam da bu biabırçılığa dözməyib anamı yamanca əzişdirib, baltayla üstünə gedirmiş ki, ayağınadöndüyüm çıxıb aradan. O gedən, bu gedən. Haçandan – haçana xəbər çıxıb ki, bəs Bakıda bir biznesmenlə yaşayır. Babamın bu düşük papaq söhbəti məni anasız böyüdüb. Bu zəvzək qoca belə danışanda nənəm pıçıltıyla “papağına it işəsin, özü də qonşunun ağsaq iti” – deyir.”),

dayı (“İllərdi batinkada, hərbi formada igidlik eləyir. Kişinin oğlu səkkiz ildən sonra təqaüdə çıxıb kef eləyəcək. Nə az nə çox on yeddi ildi daban döyür. Subaydı, bir qızı var. Nənəm deyir, kimdən olduğunu bilmirəm.”) və başqaları ilə...

“İntihar hörüyü”ndəki həyat, insanlar, münasibətlər, təsvirlər – hər şey eybəcər və iyrəncdir. Yəqin ki müəllif qəsdən, bilə-bilə reallığa – ictimai-siyasi və ailə-məişət yaşantılarımıza bu pəncərədən baxıb.
Şəhriyar del Gerani

Şəhriyar del Gerani


Hər kəs əxlaqsız, riyakar, təmənnalı və qorxaqdır.

Atılmış, qeyri-qanuni doğulmuş, qoyun-keçi südü ilə böyümüş, zorlanmış uşaqlar, qardaşqızına təcavüz edən əmilər, “yelbeyin” dayılar”, “ağsaqqal, ağbirçək ” ola bilməyən ağzı söyüşlü nənələr, babalar, “alkaş” atalar, “ayağısürüşkən” analar və hətta təsvirlər belə eybəcədir.

Ancaq müəllif bunların hamısını ustalıqla, bədii-estetik intellektuallıqla əks etdirə bilib, eybəcərlikləri ədəbiyyatlaşdırıb:

“Kibrit qutusuna tüpürüb suya buraxıram. Axır, düşürəm dalıyca, naməlum ömrünü yaşayan məsum ağız suyumun burulğanlı, keşməkeşli həyat yolunu izləyirəm. Arabir, qarşısına söyüd budaqları atıram. Hərdən əlimə götürdüyüm çomaqla dalğa yaradıram. Tanrılıq eləyirəm kibrit qutusundakı tüpürcəyimə. Elə bilirəm Allah da belə oynayır mənimlə. Birdən gedib ilişir arxın o tərəfindəki kolun suya daraşan qıvrım qol-qanadına. Heç cür kömək eləyə bilmirəm yazığa. Əyilib bir yekə kəsək götürüb selbə sıxıram, gedib dəyir düz təpəsinə, batır suyun dibinə, islanır, ağırlaşır, öləziyir. Bir neçə metr kənardan ölümcül halda çıxıb ağır-ağır irəliləyir və titanik əzəmətiylə batır ”,

“Nənəm məni çox istəyir. Gecələr dizinin dibində oturub qırış çənəsinə xüsusi qarılıq verən seyrək cod saqqalını dartışdırıram. Təndirin küt gedən kündəsi kimi ləzzətlidi nənəmlə oynamaq”,

“Hər görüşü (məktəbdə qızla görüşməkdən ötrü onlara şərait yaradan gecə axranına bunun müqabilində balıq tutmaq üçün qurd çıxardıb verir. – İ. M) əlli qurda razılaşmışıq. Əcəb işdi. Keçən görüşümün qurdlarını hələ verməmişəm. bu dəfə də verməsəm gələn görüş qurdum əlimdə qalacaq deyəsən. Amma heç gələn görüş nə vaxt olacaq bilmirəm.”,

“Saçını hörüb hədiyyə elədi mənə. Ətirləyib vermişdi. qadın ətrindən zəhləm gedir. O vaxt Orlan adlı alman cinsi itim vardı. Sidiyə gedəndə tutdum altına, iki dəfəyə o murdar fransız qoxusu çəkildi getdi.”


Əsərin bədii quruluşunda və ideoloji qatlarında çoxvariantllılıq, mürəkkəblik, mücərrədlik yoxdur. Bəzi məqamlarda absurd yanaşmalar məna yayındırmaları, anti-dünyagörüşlərin qarşılaşdırılması olsa da, mətnin məzmunu və ifadə tərzi sadə, aydın, anlaşıqlıdır. Baxmayaraq ki, bütün təhkiyə və təsvirdəki özünüifadə bizim öyrəşdiyimiz ədəbiyyatın tərsidir, yəni anti-ədəbiyyadır.

Postmodernizmə məxsus dağıdıcı (nizamlı, standart, əsrlər boyu bəyənilmiş, təqdir olunmuş ənənələrin, analiz, ümumiləşdirmə və tipikləşdirmə metodunun əksinə olan) ironiyalı, kobud, ideyasızlığı təlqin edən ideyalarla oxucusunu “ələ salan”, açıqlığın patoloji həddinə qədər (cismani mövcudluğun bütün örtülü, ayıb hesab edilən, hətta üfunətli yerlərinə qədər) onu “səyahətə çıxaran” müəllif təxəyyülündə onun “mən”i, subyektivizmi diqqətdən qaçmır.

Postmodernist estetikada olduğu kimi “İntihar hörüyü” əsərində də ilk baxışda əxlaqlı, mədəni, obyektiv və mental olan heç nə yoxdur. Ancaq öz-özümüzə sual verəndə ki, bu hadisələr, bu yaşantılar bizə tanışdırmı? Bu insanları, bu taleləri, bu kəndləri, küçələri, evləri görmüşükmü? Əsərdə eşitdiklərimizi həyatda eşidəndə eyni reaksiya, eyni təəssüf və ya leqeydliklə (məsələn, kəndə səs yayılır ki, Saranı aparıb başına oyun açıb, sonra da gətirib kəndə atıblar) münasibət bildiririkmi? Deməli, əslində bu əksetdirmədə heç nə “anti” deyil. Yəni anti-mədəni, anti-mental, anti-əxlaqi heç nə yoxdur. Bu həqiqətdən qaçmaq saxtakarlıq olar. Təbii canlı varlıq olan insanı təbii yaşantıları, duyğuları, nəfsani istək və arzuları ilə təsvir etmək, əlbəttə, yazıçıya irad tutulmaz.

Əslində burda insan taleləri, faciələri, total təcavüzə, təzyiqə, qəddarlığa tuş gəlmiş, məhv edilmiş “xoşbəxt gələcəklər” var.

Burda insanlar heyvanlar və cansız əşyalar qədər dəyərsizdir.
Almaniya - "Min bir gecə"yə illüstrasiya, rəssam Franz von Bayros, 1913

Almaniya - "Min bir gecə"yə illüstrasiya, rəssam Franz von Bayros, 1913


Əsərin baş qəhrəmanı Samral – nifrət, kin və sıxıntılar içərisində böyüyən bu oğlan nə qədər qadın taleyində, onun pozulması, daha da rəzil duruma salınması prosesində iştirak edir. (Sonda onların saçlarından hörülmüş kəndirdən özünü asması təsadüfi deyil. Bizdə elə təsəvvür yaranır ki, qadınların ahı, naləsi, qisası intiqamıdır. Bu intiharda heç bir qadının qanı yerdə qalmır. Məhşər gününün hesabı kimi hər bir saç sahibinin haqqını tələb edir və onu cəzalandırır.)

Samral həyatın dibində yaşayan bu fahişələrin rəsmini çəkir, onların təkcə cismi ilə deyil, həm də ruhu ilə oynayır. Əslində cəmiyyətlə normal sosial əlaqələrini itirmiş bu qadınlar Samralın özünü bataqlığa sürükləyir, onu tənhalaşdırır.

Samral onlara nifrət etmir, onları qətiyyən günahlandırmır, hətta Sara haqqında danışanda ona “Mənim balaca fahişəm” – deyir (Təbii ki, burda Markesin “Mənim kədərli fahişələrim” əsəri yada düşür). “Mən ona yaxınlaşıb dizinə bağlaması üçün yaylıq uzatdım, o, yaylığı alıb gözünü sildi. Yalnız indi ürkək sızıltısını eşidə bildim. Qadınlar belə də ağlaya bilirmiş. Eynən balıqlar kimi səssiz. Onun hıçqırıqları milçək vızıltısından da zəif idi. Amma, ilk dəfə idi diz çökmək istədim kiminsə qarşısında. O, ağlamırdı, bu səs Allahın səsinə oxşayırdı. Allah ağlayırdı. Sara hansısa vicdansızlığın qurbanı idi. Bütün vicdansızlıqlarda Tanrı əzab çəkir məncə. Indi isə, Tanrı Sarada ağrıyırdı, üzülürdü.”

Demək olar ki, bütövlükdə mənfiliklərlə dolu olan bu əsərdə “mənfi qəhrəman” deyə birini günahlandıra bimərik. Hamı haqlıdır, hamının, hətta uşağını atan ananın, qızını evdən qovub çöllərə salan babanın, əxlaqsızlıqla pul qazanan qadının da bəraəti var bu əsərdə.

Amma hamı da başdan-başa çirkab və suç içərisindədir. Cəmiyyət iyrəncdir, insanlar isə fərd və tale olaraq məsum, günahsızdır...

Müəllifin də dediyi kimi, “dairəvi aldanışlar” bütün insanları eyni nöqtədə, eyni məkanda birləşdirir. “Biz dostlaşdığımız, sevişdiyimiz adamlara özümüzü paylamaqla keçiririk ömrümüzü. Hamıya veririk. Belə ki nə vaxtsa bir gün bütün yollar mənə aparacaq ayaqlarımı.”

“Özünü paylamaqla ömrünü keçirən tale sahibi Allahını heç vaxt tərk etmir, Allahsız iş tutanda belə... “Allah...Əslində o, yaxşı yaradandı. Inanıram ona. Sevirəm onu. Təkcə o mənimlə birlikdədi bu sonsuz kimsəsizlikdə. Allah yaxşı Allahdı, çox yaxşıdı.”

11-ci abzasa qədər hadisələr Samralın dilindən söylənir. 11-ci abzasdan isə təhkiyə elə Samral üslublu bir jurnalistə keçir. O, 4 il qabaq, qarlı fevral axşamlarından birində döyülüb zibil yeşiklərinin arasına atılmış sərxoş rəssam Samral Alızadənin şəhər həyatını və onun həyatındakı qadınların hekayəsini anladır bizə... Bu anlatmada Samralın kədərli həyatı, miskin və kimsəsiz durumu ön plana çəkilir, intihar situasiyası üçün zəmin hazırlanır. Tənhalığın, kədərin, özünə və ətrafa nifrətin doğurduğu intihar psixologiyasına hazırlıq vəziyyəti inandırıcı təsvir edilib. Onu da qeyd edək ki, Samral bir azərbaycanlı kimi dünya ədəbiyyatının intihar qəhrəmanlarından heç də balaca görünmür. Baxmayaraq ki, onların həyatından, taleyindən mənimsənilmiş detallar çoxdur...

Məqalənin əvvəlində ədəbiyyat və erotikanın qarşılıqlı əlaqəsindən söz açmışdıq. Yenə o məqama qayıdırıq. Erotikada əriyən ədəbiyyat əsəri məğlub duruma salır və erotoqrafomaniya nümunəsinə çevirir. Yəni erotik boşboğazlıq... Yuxarıda qeyd etdiyimiz müsbət cəhətlər də məhz həmin səhnələrdən silkələyib çıxartdımız ədəbiyyat elementləridir.

Ədəbiyyat gözü ilə axtaranda bu dünyada hər şeyin, ən çirkli hesab etdiyimiz şeylərin belə obrazı, poetikası, estetikası var. Şəhriyar əxlaqı pozulmuş, yolunu azmış insanların və cəmiyyətin anormal, ikrahdoğurucu münasibətlərinin də estetikasını yarada bilib.
Şəhriyar del Gerani

Şəhriyar del Gerani


Fəqət, eyni mənzərə və əhvalatları təsvir edən (məsələn, bütün qızlarla olan münasibət eyniliyi) səhnələrin yekrəngliyi və bədən, cism, fizioloji varlıq nəfsinin tələbləri qılafından çıxa bilməmək zəifliyi əsəri böyük ədəbiyyat cığırına sala bilməyib.

Ədəbiyyatın mayasında bəşəri, qlobal etika və estetika anlayışının mahiyyəti gizlənir. Bütün dünyada mədəni, mənəvi təkamülün hərəkətverici mexanizmlərindən biri olan ədəbiyyata biz həm də dəyərlər, ideyalar mənbəyi, stimulu kimi baxmalıyıq. Sözün geniş və açıq mənasında ədəbiyyat bəşəriyyətin, insanın və insanlığın estetik duyumuna, zövgünə, ruhuna və çəkinmədən deyirik, həm də əxlaqına, bəli, əxlaqına (!) xidmət edən, bütün dövrlərdə, bütün sivilizasiyalar, tarixi çaxnaşmalar və deqradasiyalar qarşısında əriməyən, əyilməyən mənəviyyat poetikasıdır.

Erotizmə, homoseksualizmə, satanizmə və s. bu kimi zərərli “izm”lərə səsləyən mətnlər ədəbi, bədii, poetik və s. forma keyfiyyətləri ilə zəngin ola bilər, ancaq düşüncə, fikir, məntiq və ideya baxımından puç, sıfır və heç olan mətnin oxucuya, cəmiyyətə vurduğu ziyanı taun və “SPİD” xəstəliyinə bənzədə bilərik – surətlə yayılan tauna və pis münasibətlərdən yaranan “SPİD”ə!

Belə getsə, deyəsən bizə Nuhun gəmisi lazım olacaq. (Hər canlıdan bir cüt götürüb geriyə baxmadan qaçmaq – azğınlaşmış, quduzlaşmış insanların əməllərinə baxmadan qaçmaq!)

Kitabın sonunda Şəhriyar öz imzası ilə “son söz” - epiloq yazıb: “Düşünürəm romanda məni çox yerdə görənlər oldu. Əlbəttə, yaxından tanıyanlar bu gümana düşdülər. Dostum bir böyük “təəssüf” etdi, sevgilim qısqandı, atam hirsləndi, anam... yox, anam yoxdu axı. Artıq ikinci qışdı o üşümür...
Mənsə etiraf edirəm: “bu romanda heç bir yerdə mən yoxam.”

Bu təbiidir. Bütün yazıçılar, hətta müəllifini daha tez ələ verən təhkiyəli əsərlərin müəllifləri - nasirlər yox, personajlarını sərbəst səhnəyə buraxıb dialoq və monoloqlarla onları kənardan idarə edən dramaturqlar da öz əsərlərinin “çox yerində görünür”.

Və Şəhriyarın son olaraq sanki, “məni qınamayın mən ətrafdakı insanlardan və real faktlardan yazmışam (“...bütün obrazları, personajları, tipləri, tufeyliləri, axmaqları yaxından-uzaqdan tanıyıram”) – deməsi də aydındır.

Hətta oxucusuyla daha bir “oyun” – “...bir etiraf etsəm, desəm ki, “bu romanı mən yazmamışam, yaxın dostumun əsəridi, özü istəmir onu yazıçı kimi tanısınlar, mənə verib öz imzamla çap elətdirməyimi istədi” - oynaması da Şəhriyarı müəllif “mən”i kimi mətnin iştirakçılığından uzaqlaşdırmır.

Şəhriyarın həcm etibarilə kiçik olan bu əsərin üzərində çox işləməsi, fərqli forma, ifadə və dil texnikası nümayiş etdirmək cəhdi, oxucu ilə birbaşa, səmimi, ancaq məzmun dairəsindən kənara çıxmadan ünsiyyətə girməsi bacarığı təqdirəlayiqdir.

Hadisədən hadisəyə, təsvirdən təsvirə ustalıqla keçə bilir. Bəzən məişətdən fəlsəfəyə (məs. s 25, 34) və ya ictimai-siyasi nüanslara (s 8, 40) elə kəmənd atır ki, təhkiyənin tərzi, ahəngdarlığı və məntiqi intensivliyi pozulmur. Maraqlı ifadələr və deyimlər işlədir:

“Rayon İcra Hakimiyyətində katibə işləyən anam, sən demə, icra başçısıyla gəzirmiş. Özü də ayaqyalın-başıaçıq. Babam da bu biabırçılığa dözməyib anamı yamanca əzişdirib, baltayla üstünə gedirmiş ki, ayağınadöndüyüm (adətən biz gözünə döndüyüm” – deyirik. Burada qaçmaqla bağlı “ayağınadöndüyüm” ifadəsi maraqlı alınıb.) çıxıb aradan ”.

“Cəmi-cümlətani iki övladları olub. Biri evdən qaçıb, anam olan tayı. O biri də yelbeyin hərbçidi, dayım olan tay.”

“Hələ bir gün atışmadan deyim sizə. Ağızlı-burunlu atışma.”

“Xocalı sakini rəsminin qabağında dolumsunmuşdu”. Doluxsunmaq (doluxmaq) sözünün əvəzinə dolumlu olmaq, dolmaq anlamları daha dolğundur.

“Heç kimə getdim, heç bir ünvana sarı yollandım. Kimsəsizliyə və ya kiməsə...”

“Qarlı fevral axşamçağısından danışım sizə”

“O, Montində, kirayə birotaqlı sovetdənqalma bəstəboy evdə yaşayırdı ”

“Bax, belə yarızayıl-yarıaxmaq ” və s.


Postmodernist ədəbiyyatda olduğu kimi, bu əsərdə də müəllif cəmiyyətin və insanların işinə qarışmır, yəni münasibət bildirmək, mövqe, tərəf tutmaq prinsipi açıq hiss olunmur. Lakin mətnin özü təbliğat işini görür: Şou və əyləncə ədəbiyyatı assosiasiyası əsərin keyfiyyətlərini, müəllifin istedadını kölgədə qoyur...

Günün bütün mövzuları

XS
SM
MD
LG