Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:48

İsmayıllıda dərzilərin şikayəti: «Bazarmıza mane olurlar»


-
İsmayıllı bazarında dərzi işləyən Fikrət Mehtiyev deyir ki, yerli hakimiyyət orqanları onlara məktəbli formalarının satış və sifarişini qəbul etməyi qadağan ediblər. Fikrət Mehdiyevin sözlərinə görə, onlara deyilib ki, satdığınız mallar Çin istehsalı olan parçalardandır bu da insan orqanizminə ziyanlıdır:
«ONLARIN BAZARINA MANE OLURUQ...»
«Qadağanı əsaslandıracaq heç bir sənəd təqdim edilmədən bu xəbərdarlığı etdilər. Bizlər əgər Bakıdan bu formanı on səkkiz manata alıb gətiririksə, üstünə iki manat da qoyub satırıq. Burada məsələ ondan ibarətdir ki, rayonda yeni tikiş fabriki açılıb və özləri tikib baha qiymətə əlli, altmış manata satırlar. Biz iyirmi, iyirmi beş manata satdığımıza görə onların bazarına mane olmuş oluruq. Ona görə də bu metoddan istifadə edirlər. On bir ayda işləyib qazana bilmədiyimiz pulu, məktəbə doğru bir ayda qazanırdıq, onun da qarşısını aldılar».
Məktəbli paltarları satılan İsmayıllı bazarı
Məktəbli paltarları satılan İsmayıllı bazarı
Bazarda satıcı işləyən Mömünə Osmanova deyir ki, ona da eyni məsələ ilə əlaqədar xəbərdarlıq olunub:
«BƏS KASIBLARI NİYƏ DÜŞÜNMÜRLƏR?»
«Əgər bu doğurdan da qadağandırsa onda birinci Bakıdan, Sədərəkdən bunu yığışdırsınlar. Bizlər də malı oradan alıb gətirib, satırıq. Axı elə insanlar var ki, olduqca kasıbdır, baha qiymətə almağa imkanı çatmır. Bəs kasıbları niyə düşünmürlər? Azad bazardan danışırıqsa, bəs bu nədir? Deməli hər sahə bir məmurun monopoliyasındadır deyə biz ac qalmalıyıq .On bir ayda belə alver olmur, hamımız gözləyirik ki, məktəbə bir ay qalmış yaxşı alverimiz olar. Məmurlar buna da imkan vermir. Yəqin insanların imkan sahibi olmağı rayon məmurlarını razı salmır. Lisenziyam var, hər ay vergimi, sosialı vaxtlı vaxtında verirəm. Guya onların tikdiyi formalar keyfiyyətlidir? Elə kim alır narazılıq edir. Elə əhaliyə canı yanandırlarsa ucuz versinlər, ya da ki, imkansızlara yetimlərə havayı hədiyyə etsinlər? Yaxşı mən razıyam elə özlərinin tikdikləri mallardan bir yönlə bizlərə də versinlər, sataq. Belə eləmək olmaz, Allahdan qorxmaq lazımdır».
«RESPUBLİKADA GEDƏN İNKİŞAFA ARTIQ İSMAYILLI DA QOŞULUB»
İsmayıllı Tikiş Fabrikinin direktoru Lətifə Əliyeva isə deyir ki, fabrikdə təşkilatı işlərə aprel ayından başlanıb. Avqust ayında prezident İsmayıllıya səfər etdikdən sonra fabrik fəaliyyətə başlayıb:
İsmayıllı Tikiş Fabriki
İsmayıllı Tikiş Fabriki
«Hal - hazırda altmış işçimiz işləyir. Yaxın vaxtlarda ikinci növbə üçün daha altmış nəfər işçi götürmək planımız var. Fabrikin nəzdində firma mağazamız da təşkil olunub və mallarımız həmin mağaza vasitəsilə satışa çıxarılır. Fabrikimizdə hələ ki, məktəbli formaları tikilir. Çox yüksək keyfiyyətlidir, bizdən forma alanların hamısı razılığını bildirir. Bu da onu göstərir ki, respublikada gedən inkişafa artıq rayonumuz da qoşulub və uğurlu addımlarını atır. Fabrikimizdə istehsal olunan mallar ona görə burada satılır ki, əlavə qiymət qoyulmasın, elə istehsal qiyməti kifayət edir. Kənara digər sahibkarlara mallarımızın satılması üçün verilməsi planımızda yoxdur. Çünki əlavə qiymətlər və pərakəndəlik yaranmasın deyə bu yolu seçmişik. Satışla da elə öz işçilərimiz məşğul olur».
Direktor daha sonra qiymətlərə keçir:
«PARÇALAR PAMBIQDIR, RƏNGİ GETMİR...»
«İbtidai sinif şagirdləri üçün məktəbli formasının dəsti qırx manata, yuxarı sinif şagirdləri üçün isə əlli iki manatadır. Bu ən aşağı qiymətdir. Parçalar pambıqdır, rəngi getmir, sintetika deyil, orqanizm üçün heç bir fəsad törətmir. İstifadə etdiyimiz parça Türkiyə istehsalıdır, yuyulanda rəngin itirmir, çox əzilmir, şaxlığın daim saxlayır. Zəmanətinə daim cavabdehik. Bazarda baş verənlər barədə heç bir məlumatım yoxdur. Bununla bağlı qərar verən təşkilatlar var».
«HEÇ BİR TƏZYİQDƏN, QADAĞADAN SÖHBƏT GEDƏ BİLMƏZ»
İsmayıllı Rayon İcra Hakimiyyətində baş məsləhətçi Valeh Salehov isə deyir ki, müəyyən vaxtlarda aidiyyatı orqanlar bazarda həm geyim mallarının, həm də digər malların monitorinqini aparırlar. Məqsəd birdir, bazarda standarta uyğun olmayan, orqanizm üçün təhlükə mənbəyi olan malların qarşısını almaqdır. Ölkəmizdə olduğu kimi, rayonumuzda da azad sahibkarlığın inkişafı daim rayon rəhbərliyinin diqqətində olub və bu istiqamətdə dəfələrlə sahibkarlarla görüş keçirilib. Onların problemləri dinlənilib. Elələri olub ki, kömək də göstərilib. Rayondakı tikiş fabrikinin rəhbərliyə heç bir aidiyyatı yoxdur. Rayon rəhbərliyi sadəcə onlara şərait yaradıb və fəaliyyətə başlamalarına təkan verib. Bazarda alverlə məşğul olanların dedikləri həqiqətə uyğun deyil. Onlara təzyiq edilmir. Sadəcə onlara izah edilib ki, keyfiyyətsiz və standarta uyğun olmayan malların satışı yolverilməzdir. Mənə elə gəlir ki, vəzifəmizdən, tutduğumuz mövqedən aslı olmayaraq, hər birimiz üçün önəmli olan vətəndaşlarımızın sağlamlığıdır».
XS
SM
MD
LG