Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29
-
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbəri Səfir Janez Lenarčič AzadlıqRadiosunun suallarını yazılı cavablandırıb:
- Cənab səfir, ATƏT/DTİHB müşahidəçiləri ölkənin demokratik inkişafı baxımından 2010-cu il parlament seçkilərinin mənalı irəliləyiş olmadığını, anlamlı və rəqabətli seçki üçün vacib şərtlərin çatışmadığını bildirirdilər. O vaxtdan bəri nə dəyişib?
- ATƏT/DTİHB-in 2013-cü il prezident seçkisini müşahidə missiyası ötən həftə işə başlayıb. Bu missiya seçkinin sonunadək prosesin ATƏT öhdəliklərinə və beynəlxalq demokratik seçki standartlarına necə və hansı dərəcədə uyğun gəlib-gəlmədiyini dəyərləndirəcək. Missiya ötən seçkidən sonra seçkinin keçirilməsi prosesində uyğun dəyişiklikləri, DTİHB-nin 2010-cu il seçkilərindən sonrakı tövsiyələrinin necə yerinə yetirilməsini nəzərə alacaq.
- MSK-nın təsdiqlədiyi namizədlərdən biri həbsdədir, müxalifətin ilk vahid namizədinin qeydiyyatından imtina edilib. Bütün bunlar diqqətə alınarsa, Azərbaycanda seçkiöncəsi durumu necə qiymətləndirirsiniz?
- İşə başlayan seçki müşahidə missiyası seçkiöncəsi durumun bütün aspektlərini nəzərə alır. Bu məsələlər sentyabrın ortalarınadək açıqlanacaq birinci aralıq hesabatda əksini tapacaq. Missiya bütün prosesi izləyəndən sonra bu və digər məsələlərə dair dəyərləndirməsini yuxarıda qeyd etdiyim öhdəlik və standartlara uyğun şəkildə diqqətə yetirəcək. Öncə seçkidən bir gün sonrakı ilkin bəyanatda, seçki prosesi bitəndən sonrasa səkkiz həftə içində bütün bunlar yekun hesabatda əks olunacaq.
- İndiki prezidentin üçüncü dəfə öz namizədliyini verməsini yerli və beynəlxalq hüquqşünaslar birmənalı qarşılamayıb və ziddiyyətli sayıblar. Bu məsələdə sizin mövqeyiniz necədir?
- Dövlət, yaxud hökumət başçılarının vəzifədə qalmasına dair ATƏT öhdəliklərində məhdudiyyət yoxdur – ATƏT-in bəzi üzv ölkələri belə məhdudiyyət tətbiq edib, bəziləri yox. Bu, konkret ölkənin hüquq çərçivəsindən asılıdır və qərarı hər bir dövlətin özü, əsl demokratik və inklüziv proses vasitəsilə (“inklüziv” deyərkən, bu halda seçicilərin seçki prosesinə qatılması, prosesin ayrılmaz hissəsinə çevrilməsi nəzərdə tutulur – red.) qəbul edir.
- Televiziyalardan yalnız İTV ödənişli təşviqat üçün MSK-ya üz tutub. Yerli müşahidəçilər bunu özəl televiziyaların digər namizədlərin reklamlarını yaymaq istəməməsinə bağlayırlar. Bu məsələ barədə Sizin düşüncələrinizi bilmək maraqlı olardı...
MSK-nın iclası

MSK-nın iclası

- Medianın seçki kampaniyasını, bütövlükdə seçkinin gedişini işıqlandırması müşahidə missiyasının hərtərəfli media monitorinqindən yararlanmaqla yaxından öyrənəcəyi başqa aspektdir. Medianın seçki prosesində rolu ilkin dəyərləndirmədə və yekun hesabatda dəyərləndirmənin mühüm hissəsi olacaq.
- Əvvəlki müşahidələrə görə, media daha çox hakim partiya və onun namizədinə yer ayırıb. Sizcə, media kampaniyasının aparılmasında, seçki orqanının media kampaniyasına nəzarətində nələr dəyişməlidir?
– 2010-cu il parlament seçkilərinə dair yekun hesabatda tövsiyə olunurdu ki, azad və müstəqil media inkişaf etdirilsin, media orqanlarının redaktə siyasəti hakimiyyətin müdaxiləsi olmadan müəyyənləşdirilsin və jurnalistlər aşırı təzyiqə məruz qalmasın. O da tövsiyə olunurdu ki, media orqanları, özəlliklə seçki dönəmində siyasi qüvvələrə dair ədalətli, obyektiv və balanslı xəbərlər hazırlasın, dövlət sahibi olduğu və maliyyələşdirdiyi medianın namizədlərlə bərabər davranmasını təmin etsin. 9 oktyabr seçkisini izləyəcək missiyanın apardığı media monitorinqi bunun necə olduğunu da qiymətləndirəcək.
- Bir neçə jurnalist həbsdədir. Cinayət cəzası onlayn ifadəyə də aid edilib. İfadə azadlığının təminatı məsələsi də gözə alınsa, ölkədə seçkiöncəsi media mühitini necə dəyərləndirirsiniz?
- ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatović ötən mayda bu məsələdən narahatlığını bildirib və durumu «Azərbaycanda media üçün getdikcə artan düşmən mühiti» kimi təsvir edib. Bu narahatlıq ATƏT-in iyunun 17-21-də Azərbaycana ehtiyacları dəyərləndirmə missiyasının hesabatında da əksini tapıb: «Jurnalistlərin saxlanması, diffamasiyaya dair məhkəmə iddiaları və digər təzyiqlər hələ də media azadlığına təsir edir və bu mühit ideyaların azad ifadəsi üçün əlverişli deyil». Missiyanın media monitorinqi kampaniya dönəmində medianın işinin ATƏT öhdəliklərinə və beynəlxalq demokratik seçki standartlarına uyğunluq dərəcəsini qiymətləndirəcək.
Dunja Mijatović

Dunja Mijatović

- Yuxarıda deyilənləri nəzərə alaraq, seçkilərin azad və ədalətli keçiriləcəyi barədə nə demək olar?
- Belə anlayıram ki, dəyərləndirməni “azad və ədalətli” kimi ifrat sadə deyimlə ümumiləşdirməyə maraq var. Hər bir seçki mürəkkəb prosesdir, onunla ədalətli davranmağa çalışır və ifrat sadələşdirilmiş ifadələrdən qaçırıq. Seçkidən bir gün sonra verəcəyimiz bəyanatda prosesin müsbət aspektləri, eləcə də nöqsanları qeyd olunacaq. Missiyanın yekun bəyanatında bütün bunlar daha ətraflı dəyərləndiriləcək və seçki prosesinin təkmilləşdirilməsinə dair tövsiyələr veriləcək.
- Beynəlxalq müşahidəçilər son seçkinin ATƏT-in demokratik seçkilərə dair əsas öhdəliklərinə və Azərbaycanın yerli qanunvericiliyinin mühüm elementlərinə uyğun gəlmədiyini vurğulayırdılar. 2010-cu il parlament seçkisindən sonra ATƏT/DTİHB tövsiyələrinin yerinə yetirilməsi yönündə irəliləyiş görürsünüzmü?
- DTİHB 2010-cu il seçkilərinə dair hesabatındakı tövsiyələr barədə Azərbaycan hakimiyyətindən əlavə məlumat almayıb. İndiki seçkini müşahidə missiyası (SMM) həmin tövsiyələrdən hansıların yerinə yetirilib-yetirilmədiyini öyrənəcək.
- 2010-cu il tövsiyələrindən yerinə yetirilən birini misal gətirə bilərsiniz?
- Qanunvericiliyə dəyişiklərə baxsaq, ehtiyacları dəyərləndirmə missiyası bildirib ki, seçki qanunvericiliyinə dəyişikliyə dair bir tövsiyə nəzərə alınıb, şikayətlərə və müraciətlərə baxılması müddəti qısaldılıb. Qanunvericiliyə dəyişiklik tələb etməyən tövsiyələrə gəlincə, SMM onlardan hansıların yerinə yetirildiyini müəyyənləşdirəcək.
- Əksər müşahidəçilər seçkinin taleyinin səssaymada həll olunduğunu düşünür. DTİHB müşahidəçiləri səslərin sayılması və nəticələrin elanı prosesini necə izləyəcəklər?
- ATƏT-in bütün digər üzvləri kimi, Azərbaycanın da “səsləri vicdanla saymaq və bu barədə hesabat vermək” öhdəliyi var. Ehtiyacları dəyərləndirmə missiyası öz hesabatında tövsiyə edib ki, seçki günü prosedurlarını izləmək və bu öhdəliyin icrasının necə yerinə yetirilməsini dəyərləndirmək üçün 280 nəfərlik qısamüddətli müşahidəçi göndərilsin.

Şərhləri göstər

XS
SM
MD
LG