Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:39

Gənclər zorakılıqdan şikayət edir, prokurorluq araşdırma aparır


Sərbəst buraxılan gənclər həbsxana şəraitindən danışdılar
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Sərbəst buraxılan gənclər həbsxana şəraitindən danışdılar

-
Binəqədi rayon prokurorluğu Binəqədi istintaq təcridxanasında saxlanılarkən AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı, «NİDA» vətəndaş hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər və «Azad Gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı pis rəftarın olub-olmaması ilə bağlı araşdırmaya başlayıb.

Bu haqda AzadlıqRadiosuna gənclərin vəkili Tural Hacıbəyli məlumat verib.

«ZORLA BAŞLARI QIRXILIB, QOLLARI BURULUB»


«Pis rəftarı törədən və zorakılıq edən polis məmurlarının şəxsiyyətinin müəyyən olunması və barələrində cinayət məsuliyyətinə cəlb olunmasını istəmişik. Gənclərin iradəsinin əleyhinə, zorla başları qırxılıb, qolları burulub. Saçlarını qırxandan sonra şəkillərini çəkiblər. Bundan başqa vəkillə görüşə şərait yaratmayıblar, evdən gələn yemək və əşyaları onlara çatdırılmasına, kitab, qəzet verilməsinə, hamamdan istifadəyə qadağa qoyublar. verməyiblər. Bakı şəhər Baş Polis İdarəsinin bəzi məmurları təcridxanaya gələndə onları gəzinti hüququndan məhrum ediblər. Hesab edirik ki, onların şəkilləri gənclərdən gizlin polis əməkdaşları çəkib. Sonralar bu şəkillər yayılıb, üstündə təhqiramiz ifadələr yazılıb».

İkisi izahat verib, 10 gün ərzində qarşı tərəfin ifadələri alınacaq. Bundan sonra cavab verəcəklər ki, onların əməlində cinayət tərkibi olub, yoxsa yox.

Əbülfəz Qurbanlı və Turqut Qəmbər prokurorluqda izahat verib. İlkin Rüstəmzadə isə həbsdə olduğunda ifadə verə bilməyib.

10 gün ərzində qarşı tərəfin ifadələri alınacaq. Bundan sonra polis əməkdaşlarının əməlində cinayət tərkibinin olub-olmaması müəyyənləşdiriləcək.

Aprelin 30-da Neft Akademiyasında kütləvi qətlin növbəti ildönümü günü «Terrora yox!» şüarı altında aksiya keçirilmişdi. Hər üç gənc həmin icazəsiz aksiyada iştiraka görə saxlanılmışdı. Nəsimi rayon məhkəməsinin qərarı ilə Əbülfəz Qurbanlı və Turqut Qəmbər 10, İlkin Rüstəmzadə 15 gün müddətinə həbs edilmişdi.

Gənclər Binəqədi istintaq təcridxanasında saxlanıldıqları vaxt başlarının zorla qırxıldığını bildirmişdilər. Təcridxananın həyətində təmizlik vaxtı şəkilləri çəkilərək internetdə yayılmışdı.

OMBUDSMAN APARATI: «ARAŞDIRMANI DİQQƏTDƏ SAXLAYACAĞIQ»

Ombudsman Aparatı da Daxili İşlər Nazirliyinə müraciət edərək gənclərə olan bu münasibətin araşdırılmasını istəmişdi.

Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, onlara DİN-dən cavab gəlib:

«Daxili işlə nazirinin imzası ilə gələn cavabda bildirilib ki, orada saxlanan Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə ilə bağlı araşdırma aparılıb. Onlarla qanunvericiliyin tələbinə uyğun olaraq rəftar edilib. O da bildirilirdi ki, həmin şəxslər məntəqədən azad olunarkən məntəqədə saxlanılan şəxslərin qeydiyyatı və təklifləri kitabında şəraitdən və polis əməkdaşlarından şikayətləri olmadığını qeyd ediblər».

Ehsan Zahidov
Ehsan Zahidov
Vüqar Məhərrəmov deyir ki, bu məsələ müvəkkilin diqqətindədir: «Biz araşdırma aparırırıq, məsələnin prokurorluqda araşdırılmasını da diqqətdə saxlayırıq».

DİN: «KİMƏSƏ ZOR TƏTBİQ ETMƏK QEYRİ-MÜMKÜNDÜR»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Ehsan Zahidov isə deyir ki, saxlanılan şəxslərə hər hansı təzyiqdən söhbət gedə bilməz:

«Təcridxana müasir standartlara uyğun qurulub, rəhbərlik tərəfindən daim nəzarət olunur. Saxlanılan şəxslərlə bağlı davranış təsdiq olunmuş daxili nizam-intizam qaydalarına uyğun həyata keçirilir. Kiməsə zor tətbiq etmək, kiminsə mənəviyyatını alçaltmaq qeyri-mümkündür. Buna ehtiyac da yoxdur. Araşdırma başa çatar, araşdırmanı apara orqan hüquqi qiymət verər. Ancaq gənclərin iddia etdikləri kimi davranış olmasına inanmıram».

Sentyabrın 2-də, Human Rights Watch beynəlxalq hüquq təşkilatı Azərbaycanla bağlı yeni hesabat yayıb. Hesabatda cəzaçəkmə müəssisəsində pis rəftar və işgəncəyə məruz gənclərin adları da qeyd edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG