Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05
-

Rasim Qaraca yazır:


Məktəb yoldaşım Tapdığın ikinci adı vardı – İbadət. Bu adla onu təkcə anası Ballı arvad çağırardı.

Artıq məktəbi bitirməyimizdən nə az, nə çox, tam 35 il keçib. Bir gün onunla rastlaşıram. Bax elə buradaca, öz evlərinin qarşısında, küçə qapısında Tapdıq çömbələrək oturub. Mənə tərəf baxır, ancaq tanımır.

Mən özüm də onu güclə tanıyıram. Bəlkə başqa yerdə qarşıma çıxsa heç ağlıma gəlməz bu adamın o adam olduğu, ancaq burada evlərinin qarşısında gördüyümə görə Tapdıq olduğunu fəhm edirəm.

“İbadət, necəsən?” deyirəm. Yad bir adamın onu İbadət deyə çağırmasından diksinib baxır, bir an sonra tanıyır, ayağa qalxıb görüşür. Hal-əhval tuturuq. Yalan olmasın, bəlkə 20 ildir görüşmürük. Üzü tüklü, gözləri çuxura düşüb. Çox qocalıb. Məhəllə komandamızın hücumçusu, diribaş, cüvəllağı uşaq indi aciz, köməksiz, xəstəhal bir varlığa çevrilib.

Hər gün futbol oynadığımız məhəllə uşağı Tapdıqla yollarımız ayrılıb. Əsgərliyə gedib, qayıdıb, dəmiryol stansiyasında işə düzəlib, hələ də orada işləyir. Evlənib, uşaqları olub, sakit həyat yaşayıb.

Şirvan şəhərində, Köhnə Şəhər deyilən məhəllədə, Foto Arzudan Köhnə Pekarnıya gedən keçmiş 28 aprel küçəsində, 14 nömrəli məktəblə üzbəüz olan ata evimizdən çıxıb yola düzəlirəm. Səlyan pavarotuna qədər piyada getmək niyyətim var, uşaqlığımın keçdiyi bu yerlərə göz qoymaq istəyirəm, baxım görüm hələ nə var nə yox.

Yan qonşumuz Mirqani dayı çoxdan rəhmətə gedib, ancaq küçədəki qaz borusunun üstündə oturan adam elə Mirqani kişinin özüdür ki var. Artıq saçları ağarmış oğlu Xəyal atasının kopyasıdır. Adamın inanmağı gəlmir. Ancaq divar həmin divar, pələd həmin pələd, adam həmin adam.

Bir neçə ev aralıda Tapdıqgilin evində də eyni mənzərədir. 20 ildə, 30 ildə, bəlkə 50 ildə mənzərə dəyişməyib: divar, ev, dam, elektrik dirəyi necə varsa eləcə də qalıb. Dəyişən təkcə adamlardır.

Tapdıqla sağollaşıb ayrılırıq. Bir az gedəndən sonra yadıma düşür, geriyə qanrılıb soruşuram:

“Tapdıq, anan sağdırmı?”

Tapdığın cavabı gözlənilməz olur:

“Anam da ölüb, arvadım da.”

“Allah rəhmət eləsin” deyib yoluma davam edirəm. Ancaq bu sözlər məni nədənsə, çox təsrləndirir, elə bil başıma daş düşür. Ay allah, bu adam nə qədər böyük dərd içərisində imiş. Uşaqlıq yoldaşımın nə qədər kimsəsiz olduğunu bu iki kəlmədən anlayıram. Bir insan yoldan keçən birisinə durub-dururkən “anam da ölüb, arvadım da” deyirsə, məncə bu, insan tənhalığının son həddi olmalıdır.

Həyatın bütün mənalarına canlı abidə kimi Tapdıq oradaca, küçə qapısında çömələrək oturaraq siqaretini tüstülətməyə davam edəcək, gəlib gedənin arxasınca baxacaq, soruşan olsa “anam da ölüb, arvadım da deyəcək”.

Bir azdan sonra Tapdıq özü də bu həyatda olmayacaq. Dünya beləcə fanidir bax...

qaynar.info

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG