Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:11

«Eurovision işi»nin məhkəməsində hakimlə vəkil arasında mübahisə yaranıb


Yalçın İmanov

Yalçın İmanov

-
Sentyabrın 5-də Ağır Cinayətlər Məhkəməsində «Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində saxlanan baş redaktor Nicat Əliyev və 9 daha nəfərin işi üzrə məhkəmə çəkişməsində hakim Zeynal Ağayevlə vəkil Yalçın İmanov arasında sözlü mübahisə yaşanıb. Nəticədə, hakim bildirib ki, vəkilə qarşı cinayət işi qaldırılması üçün təqdimat verəcək.

Bu barədə vəkil Yalçın İmanovun özü AzadlıqRadiosuna məlumat verib.

Onun dediyinə görə, bir vəkil kimi, rəyçi ekspertlərdən cavab almaqda israrlı davranışı hakim Z.Ağayevi narazı salıb və o, bir neçə dəfə vəkil Y.İmanova xəbərdarlıq edib. Vəkildən «hətta 5 xəbərdarlıq da edə bilərsiniz» sözlərini eşidən və bunu təhqir kimi qiymətləndirən Z.Ağayev Y.İmanova qarşı cinayət işi qaldırmaq barədə təqdimat yazacağını bildirib. Digər vəkilə – Elçin Əliyevə də bənzər xəbərdarlıq edilib.

Vəkil Y.İmanovun dediyinə görə, prosesdə təqsirləndirilən şəxslərin mənzilindən götürülmüş kitablar və disklərdəki görüntülərlə bağlı rəyçi-ekspertlər dindirilib. Disklərdəki görüntülərdə «Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində Bakıda keçirilməsi planlaşdırılan gey-parada etirazlar – dindarların televiziyalarda, özəlliklə ANS-də efirə gedən fikirləri yer alıb:

«Biz ekspertə ünvanladığımız suallara cavab ala bilmədik. Ekspertlər bu materiallar üzrə absurd rəylər verib. Adi bir misal çəkim. Ekspert öz rəyində göstərib ki, Ərşad Əzimzadənin «Möcüzəsiz möcüzə» adlı kitabı qanunsuz yolla ölkəyə gətirilən və yayılan dini təyinatlı vəsaitdir. Xəstəliklərin tibbi yolla müalicəsindən bəhs edən bu kitabın müəllifi Azərbaycan vətəndaşıdır və xaricdə deyil, ölkədə çap edilib».

Yalçın İmanovun fikrincə, ekspertlərə ünvanladığı suallar – «Azərbaycanda çıxan kitab ölkəyə necə idxal oluna bilər? Disklərdə dövlət quruluşuna, hakimiyyət orqanlarına qarşı dözümsüzlük və nifrət aşılayan hansı fikirlər var?» sualları cavabsız qalıb. Vəkil ekspertin sualları cavablamağa hazırlaşması üçün növbəti prosesə gəlməsi haqqında vəsatət qaldırsa da, hakim bu vəsatəti təmin etməyib.

Məhkəmə prosesi sentyabrın 12-də davam edəcək.

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində «Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terrora cəhd ittihamı ilə 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG