Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45
Dünya iqtisadiyatının 90 faizini əlində cəmləyən 20 ölkənin Sankt Peterburqda sammiti başlanır.

Sentyabrın 5-də başlanan 2 günlük sammitdə iqtisadi artım, ticarət, bank şəffalığı və vergidən yayınma kimi məsələlərdə razılaşmaların əldə olunacağı gözlənilir.

Ancaq Financial Times qəzetinin fikrincə, Suriyaya görə ABŞ-Rusiya qarşıdurması G20 sammitini iqtisadi məsələlərdən oğurlaya bilər. Halbuki Suriya problemi sammitin rəsmi gündəliyində yoxdur.

Suriya hökuməti kimyəvi silahdan istifadə etdiyinə görə ABŞ prezidenti Obama Suriyanı hərbi zərbə ilə cəzalandırmağın tərəfdarıdır. Rusiya prezidenti Putin isə avqustun 21-də 1400 adamın ölümünə gətirən kimyəvi hücumu məhz Suriya hökumətinin etdiyinə şübhə edir.

Sammit ərəfəsi Obama deyib: “Mən ümid edirəmmi ki, Putin öz mövqeyini dəyişəcək? Mən həmişə ümidliyəm. Mən onu inandırmaqda davam edəcəm, çünki beynəlxaql aksiya həm effektivdir, həm də bu ölümləri çox sürətlə dayandıra bilər”.

Ancaq bu, çox çətin olacaq.

OBAMA PUTİNİ ŞAGİRDƏ BƏNZƏDİR

Moskvadakı Karnegi Fondundan təhlilçi Dmitri Trenin Financial Times qəzetinə deyib ki, soyuq müharibə başa çatandan ABŞ və Rusiya prezidentləri arasında münasibətlər heç vaxt belə aşağı səviyyədə olmamışdı.

Financial Times bu münasibətlərin pis olmasına bir misal çəkir. Qəzet yazır ki, Kreml Obamanın avqust ayında dediyi sözləri hələ də həzm edə bilmir. Avqustun 9-dakı mətbuat konfransında Obama Putini pis şagirdə bənzətmişdi və demişdi ki, “O, sinfin qabağında yorulmuş uşağa oxşayır” .

ÇAYKOVSKİ

Obamanın Putin qarşısında qaldıracağı digər məsələ geylərin haqlarıdır. Sankt Peterburqdan qabaq İsveçdə olan Obama homoseksualların haqlarını dəstəkləyib.
Beynəlxalq insan haqları fəalları Rusiyada homoseksualarla bağlı qəbul olunan qanunu sərt tənqid edirlər.

Putin isə Associated Pressə deyib ki, Rusiyada geylər əleyhinə qanun yoxdur: “Qeyri-ənənəvi seksual orientasiyalı fərdlər və qruplar əleyhinə qanun yoxdur. Bunu deməklə siz milyonlarla insanda yanlış təsəvvür yaradırsınız. Həqiqət odur ki,belə qanunlar Rusiyada yoxdur. Rusiyada qəbul olunan qanun isə uşaqlar arasında qeyri-ənənəvi seksual orientasiyanı təbliğ etməyi qadağan edir”.

Ancaq Amnesty İnternational beynəlxalq insan haqları təşkilatı dünya liderlərinə müraciət edib ki, G20 sammitində Rusiyanı inandırsınlar ki, bu qanunu ləğv etsin.
Çaykovskinin ev muzeyində onun portreti

Çaykovskinin ev muzeyində onun portreti


İndependent qəzeti xəbər verir ki, Britaniyanın hökumətinin yenicə yaydığı məlumata görə, baş nazir David Cameron da G20 sammitində Rusiyada homoseksualların haqları məsələsini qaldıracaq.

İndependent də yazır ki, Putinin fikrincə, Rusiyada geylər sıxışdırılmır. O hətta çaykovskini misal gətirib. Putin deyib ki, ruslar Çaykovskini sevir, baxmayaraq ki, o, homoseksual olub.

“Həqiqət budur ki, onu buna görə sevmirlər, böyük musiqiçi olduğuna, musiqisinə görə sevirlər”.

G20- Böyük 20-lik

Dünyanın Ümumi Daxili Məhsulunun 90 faizi,
dünya ticarətinin 80 faizi,
dünya əhalisinin 66 faizi
G20 ölkələrinin payına düşür.

G20 1999-cu ilin sentyabrında yaradılıb. Bura Avropa Birliyi və 19 ölkə daxildir.

Bu ölkələr - Argentina, Avstraliya, Braziliya, Kanada, Fransa, Almaniya, Çin, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Britaniya, ABŞ-dır.

G20-də bu 20 üzvdən başqa Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının da təmsilçiləri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG