Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38
-

Ermənistan Yazıçılar Birliyinin (EYB) sədri, publisist, tərcüməçi Levon Ananyan 67 yaşında vəfat edib.

O, birliyə 2001-ci ildən rəhbərlik edirdi və həmin posta 4 dəfə dalbadal yenidən seçilmişdi.

Yazıçılar Birliyinin katibi Edvard Militonyan deyib ki, 12 il ərzində Ananyan birlik üzvləri üçün əlindən gələni edib: “Kiminsə kitabının təqdimatını keçirib, kiminçünsə görüş təşkil edib, kiminsə kitabının müzakirəsini keçirib, bir başqasının sosial problemlərini həll etməkdə yardım edib”.

Ananyan Azərbaycanla həmsərhəd Tavuş vilayətində anadan olub.

Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Amerika yazıçısı Rey Bredberidən və rus yazıçılarından tərcümələr edib.

Amma Ananyanın 12 illik sədrliyi qalmaqalsız da ötüşməyib.

2009-cu ildə bir qrup yazıçı Ananyanı sədr postundan devirməyə cəhd etmiş və sonradan birlikdən istefa vermişdi.

Həmin yazıçıların çoxu sonradan yaradılmış Yerevan Yazıçılar Birliyinə üzv olmuşdu.

Yeni birliyin sədri Abqar Apinyan son illərdə israrlı şəkildə bildirirdi ki, Ananyan EYB-nin sədrliyini kobud prosedur pozuntuları ilə zəbt edib.

Yeni birliyə Sərkis Kareyan da daxildir.

O, 2009-cu ildə EYB-nin ümumi yığıncağında sədr Ananyanın adamları tərəfindən döyüldüyünü bildirirdi.

Amma “qiyamçılar” sonradan EYB ilə konfrantasiyadan əl çəkmişdilər.

2011-ci il aprelin 8-də Apinyan Yerevanda keçirdiyi mətbuat konfransında demişdi ki, EYB ilə münasibələri - “dostluq münasibələridir”.

Ananyan millətçi mövqeyi ilə seçilirdi.

O, Ermənistanda yaşayan yazıçılarla Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçıların qurduğu “Dağlıq Qarabağ Respublikasının” yazarları arasında əlaqələri gücləndirməyə, xaricdəki erməni diasporları ilə münasibətləri dərinləşdirməyə çalışırdı.

Bundan başqa 2010-cu ildə Ermənistan Yazıçılar Birliyi ölkədə xarici dildə məktəblərin açılmasına kəskin etirazlarını bildirmişdi.

Bunu Yerevanda keçirdiyi mətbuat konfransında birliyin sədri Levon Ananyan bildirmişdi.

O zaman Ermənistanın Təhsil Nazirliyinin hazırladğı yeni qanun layihəsində ölkədə rus, ingilis, fransız və başqa dillərdə orta məktəblərin açılmasına icazə verilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, hələ ötən əsrin 90-cı illərində Ermənistanda rus məktəblərini bağlayıblar.

Orta təhsil tam şəkildə erməni dilindədir.

Ermənistanın təhsil sisteminin onsuz da problemlər içində olduğunu deyən Ananyan xarici dildə məktəblərin açılmasının “milli ruhun tamamilə itirilməsi ilə nəticələnəcəyindən” narahat olduğunu dilə gətirmişdi.

O xatırlatmışdı ki, Ermənistanda xarici dil təmayüllü məktəblər var və bu yetərlidir.

“Bizim müstəqilliyimizin əldə edilməsində iki vacib amilin rolu olub: ordu və dil”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG