Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:55
-
TÜRKSOY-un 20 illik yubileyi ilə bağlı Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşü keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkil etdiyi tədbirdə türkdilli ölkələrdən 14 fotoqraf iştirak edir.

Ənənəvi olaraq təşkil edilən TÜRKSOY «Fotoqraflar görüşü»nün məqsədi türkdilli ölkələrin foto sənəti ustalarını bir araya gətirmək, onların yaradıcı ünsiyyətini təşkil etməkdir.

Layihə çərçivəsində iştirakçılar Azərbaycan mədəniyyətini, tarixini, turizmini, müasir inkişafını öz fotolarında əks etdirəcəklər.

Sentyabrın 2-də Bakıya gələn fotoqraflar Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda çəkilişlər aparıblar.

Sentyabrın 3-də türkdilli ölkələrin foto ustaları Şəhidlər xiyabanında, Filarmoniya bağında, şəhərin müxtəlif məkanlarında olub, paytaxtda inşa edilən yeni binaları, hotelləri fotoobyektivin yaddaşına köçürüblər.

İştirakçılar turistlərin maraq göstərdiyi «Yanardağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət, «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq, «Qala» Dövlət Tarix-Etnoqrafiya qoruqlarında da olublar.

Sentyabrın 4-də türkdilli ölkələrin fotoqrafları İçərişəhərdə çəkilişlər aparıb.

Bugündən iştirakçılar 4 qrupa bölünərək ölkənin müxtəlif bölgələrinə gedəcəklər.

Üç gün ərzində onlara regionların təbiət mənzərələrini, turizm obyektlərini, qədim tarixi abidələrini öz yaradıcı baxışları ilə əks etdirmək imkanı yaradılacaq.

Layihənin sonunda fotoəsərlərinin geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Bu məqsədlə sentyabrın 11-də «Qalereya 1969» salonunda yekun sərgi açılacaq.

Bundan əlavə, ən yaxşı işlərdən ibarət albomun nəşr olunması da nəzərdə tutulub.

Layihə iştirakçılarının Fotoqraflar Birliyində görüşünün təşkili də planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG