Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

Erməni ekspert: «Güman ki, Azərbaycan məmnundur...»


Richard Giragosian
Richard Giragosian

«Bu, strateji baxımdan kobud səhv və itirilmiş imkandır. Ermənistan Avropa Birliyinin qapısını özü üçün bağlayır və özünün Rusiyadan həddən ziyadə asılılığını daha da artırır».

-

"Təhlükə var ki, Ermənistan Rusiya üçün forpost dövlət olmaqdan savayı başqa əhəmiyyət daşımayan, bölgədən Kremlə qalan ölkəyə çevriləcək".


Yerevandakı “Regional Araşdırmalar Mərkəzi”nin direktoru, siyasi ekspert Richard Giragosian Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarını şərh edir.


- Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulması Ermənistanın gələcəyi üçün nə deməkdir?

- Bu, strateji baxımdan kobud səhv və itirilmiş imkandır. Ermənistan Avropa Birliyinin qapısını özü üçün bağlayır və özünün Rusiyadan həddən ziyadə asılılığını daha da artırır.

- Bəs bu, Ermənistan, Azərbaycan və Gürcüstanın yerləşdiyi Cənubi Qafqaz region üçün nə deməkdir?

- Bu, 2008-ci ildən əvvəlki, yəni Rusiya-Gürcüstan müharibəsindən əvvəlki geosiyasi duruma qayıdışdır. Müharubədən az əvvəl bu regionun hər bir dövləti fərqli istiqamətlərdə, fərqli trayektoriya üzrə hərəkət etməkdə idi. O zaman olduğu kimi, indi də enerji ehtiyatlarına görə Azərbaycan özünə inamlı davranır və Avropa Birliyi ilə birbaşa daha sıx əlaqələr qurmağa davam etməkdə maraqlı görünmür. Gürcüstan yenə də Avropa Biriyi ilə işbirliyini dərinləşdirib regionu, bir növ tərk etməyə çalışır. Ermənistan isə, təhlükə var ki, Rusiya üçün forpost dövlət olmaqdan savayı başqa əhəmiyyət daşımayan, bölgədən Kremlə qalan ölkəyə çevriləcək.

- Əgər Avropa Birliyinə qapını özü üçün bağlayırsa, bu, Ermənistan üçün iqtisadi baxımdan nə demək olacaq?

- Gömrük İttifaqına qoşulmaqla Ermənistan çox az şey qazanır. Digər tərəfdən, bu addım Ermənistanda korrupsiyanı və oliqarxları gücləndirir, Ermənistanın daha böyük bazarlarla inteqrasiyası şansını minimuma endirir, onun Rusiyadan və Gömrük İttiaqından asılılığını artırır. Bu baxımdan Gömrük İttifaqı Ermənistana təkcə siyasi yox, həm də iqtisadi baxımdan problem yaradır.

- Sizcə, Ermənistanın bu vəziyyətə düşməsində rəsmi Bakının hər hansı rolu olubmu?

- Yox. Düşünmürəm ki, Azərbaycan bu məsələdə hər hansı birbaşa rol oynayıb. Amma güman ki, Azərbaycan Ermənistanın belə bir fürsəti qaçırmasından məmnundur.

- Çünki Avropa Birliyinin rəsmilərinin dediyindən belə çıxır ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsi ilə şantaj edib.

- Məncə, bu, yanlış yanaşmadır. Bəlkə də bu məsələdə Ermənistan Rusiya tərəfindən Dağlıq Qarabağla bağlı dolayısı ilə hansısa təhdidlərlə üz-üzə qalıb. Amma Dağlıq Qarabağ problemi bütövlükdə bütün region üçün bir maneədir. Və məncə, Rusiya bu vəziyyəti nə ağırlaşdırmaq, nə də yaxşılaşdırmaq iqtidarındadır.
Rusiya lideri Vladimir Putin (sağda) və Ermənistan prezidenti Serzh Sarkisian Moskvada görüşür. 3 sentyabr 2013
Rusiya lideri Vladimir Putin (sağda) və Ermənistan prezidenti Serzh Sarkisian Moskvada görüşür. 3 sentyabr 2013

- Amma bir müddət əvvəl Rusiyanın Azərbaycana 1 milyard dollarlıq silah satdığını da eşitdik…

- Bu bir faktdır ki, Rusiya Azərbaycanın ən böyük silah təchizatçısıdır. Amma ATƏT-in Minsk qrupunun fəaliyyətinə, yaxud diplomatik səylərə baxmayaraq, Dağlıq Qarabağ üçün əsas mane tərəflərin mövqelərinin bir-birindən çox uzaq olmasıdır.

- Gömrük İttifaqına girmək qərarı Ermənistan cəmiyyətini nə dərəcədə narahat edir və sizcə, cəmiyyətdə buna reaksiya necə olacaq?

- Yəqin ki bu ən vacib sualdır. Baxmayaraq ki, Ermənistan əhalisi ənənəvi olaraq rusiyayönümlü olub, son 6 ayda Rusiya ilə əlaqələrdən, daha doğrusu həmin əlaqələrin qeyri-bərabər xarakterindən ciddi narazılıqlar ifadə olunub. Rusiya Ermənistan üçün etibarsız və qeyri-səmimi tərəfdaş kimi görülür. Bu, ictimai rəydə getdikcə daha çox oturuşur. Və bu, Ermənistan hakimiyyətinin bu seçimə görə üzləşəcəyi təzyiq və əks reaksiya qarşısında duruş gətirmək qabiliyyətini zəiflədir.

- Sizcə, bu seçimə etiraz mitinqləri, yaxud nümayişləri prosesə təsir göstərə bilər?

- Artıq bu gün (sentyabrın 4-ü - red) saat 1-də Yerevanda bir neçə yüz adam prezident sarayı qarşısında etiraz aksiyası keçirib. Bundan başqa mülki cəmiyyətin bu məsələyə etiraz olaraq başladığı bir sıra təşəbbüslər hazırda güc yığmaqdadır. Amma məncə, ölkədə müxalifət qüvvələrinin dağınıqlığına görə hakimiyyət bu məsələdə üzləşəcəyi təzyiqlər qarşısında duruş gətirə biləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG