Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01
-

Dr. Abbas Cavadi:

“Həmin xəyali tarixçilik Cavad Xan Ziyadoğlu Qacarı ‹Azərbaycanın müstəqilliyi uğrunda› rus və İran ‹işğalçılarına› qarşı üsyan qaldıran və bu yolda canını qoyan milli qəhrəman adlandırır”.

“Qafqaz, Əfqanıstan və ya Türkmənistanı yenidən almaq kimi gülünc söhbətlər heç bir İran hökumətinin rəsmi siyasəti olmasa da, İranda bəzi şəxslər və qruplar arasında rəvacdadır”.



Bu il oktyabrın 24-də Gülüstan müqaviləsinin 200 ili tamam olur. Bununla bağlı Azadlıq Radiosunun “Oxu zalı”nda açdığımız müzakirədə sözügedən müqaviləyə ən müxtəlif yanaşmaları dərc edəcəyik.

İlk olaraq, əslən İran Azərbaycanından olan, dil və tarix üzərinə araşdırmalar aparmış doktor Abbas Cavadinin məqaləsini təqdim edirik.



Abbas Cavadi


GÜLÜSTAN MÜAHİDƏSİ – KEÇMİŞ ARTIQ KEÇMİŞDİR

(Məqalə ilk dəfə burda çap edilib. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)


1950, 1960-ci illərdə - biz Təbrizin Məqsudiyyə məhəlləsində yaşadığımız vaxtlar bu məhəllədə bir neçə hörmətli ailə də yaşayırdı ki, familiyaları Gəncəvi, Gəncəi və ya Gəncəviyan idi.

Onlardan iki ailə bizim divar-bir qonşmuz idi. Başqa iki ailə, uşaq həkimi (pediatrist) olan Dr. Cəfər Gəncəi və dəri həkimi (dermatoloq) Dr. Gəncəi və ya Gəncəviyan idi ki, kiçik adını unutmuşam.

Mən uşaq ikən məni Dr. Cəfər Gəncəvinin yanına aparardılar. O vaxtlar eşitmişdim ki, bu ailələr ‹Qafqazda yerləşən Gəncə şəhərindən› gəliblər.

Böyük Gəncəi ailəsindən bəziləri sonralar Tehrana köçdülər. Onlardan Riza bəy Gəncəi Tehranda ‹Baba Şəməl› adlı satirik jurnalı buraxırdı, Cavad Gəncəi isə siyasət işinə girdi. Bunu da bilirəm ki, Gəncəvi, Gəncəi və ya Gəncəviyan ailələrindən bəziləri xaricə (ələlxüsus Amerikaya və Britanyaya) köçüblər.

O vaxtlar biz gənclər həm təcrübəsizlikdən, həm də tarixdən bixəbər olduğumuz üçün, Bakı, Gəncə, Naxçıvan və ya Ordubad şəhərlərindən son dərəcə dumanlı təsəvvürlərimiz var idi. Ancaq bunu bilirdik ki, bu şəhərlərin əhli də müsəlman və türkdürlər və o ərazilər də bir vaxtlar İrana daxil olub, ancaq İranın ruslarla müharibədə məğlubiyyətinə görə bu əraziləri Rusiyaya itirmişik.

Mən böyüklərimizdən, həm də qonşu dostlarımdan eşitmişdim ki. bu ailələrin əcdadı İranın məğlubiyyətindən və Gəncədəki son İran hökmrani Cavad Xan Ziyadoğlu Qacar qətl ediləndən sonra İrana gəlib çoxu Təbrizə, bəziləri də Tehrana yerləşiblər. (ardı aşağıda)

Gülüstan müqaviləsindən sonra Rusiya və İranın sərhədi

Gülüstan müqaviləsindən sonra Rusiya və İranın sərhədi



Sonralar tarixlə maraqlanandan sonra başa düşdüm ki, Cavad Xan elə İran-rus müharibələrinin əvvəllərində, 1804-cü ildə israrlı və qonşuların təbiriylə desək ‹qəhrəmanca› müqavimətdən sonra qətl edilib və beləcə Gəncə şəhər və vilayəti rusların əlinə düşüb. Cavad Xan və onun qüvvələrinin, hətta həyat yoldaşı, oğulları və digər ailə üzvlərinin rəşadət və müqaviməti haqqında çoxlu hekayələr var. Cavad Xanın qanlı məğlubiyyəti və qətlindən sonradır ki, canını qurtara bilən bəzi qohumları İrana gəlirlər, digərləri ısə Qafqaza və ya Rusiyaya qaçırlar.

Ziyadoğlu tayfası

Cavad Xanın qətli Ziyadoğlu tayfasının Gəncə vilayətində 300 ildən çox sürən hakimiyyətinə son qoydu. Cavad Xanın əcdadından yazılı tarixə daxil edilən birinci şəxs onun böyük cəddi Xizir Bəy Qarımış Qacar idi. Rəvayətə görə, o, təxminən 1495 ilində öz tayfasıyla Şam və ya Rumdan (Anadoludan) İrana gəlib Səfəvi təriqətinin tərəfdarlarına qoşulub, sonra da öz tayfasıyla Şah İsmail Səfəvinin hakimiyyətə gəlməsinə kömək eləyən ellərə qatılıb.

Mohammad Ali Bahmaninin yazdığına görə, ‹Xizir Bəy Qarımışın oğlu Əmət Bəy qəməri təqvimlə təxminən 907-ci ildə (yəni hər halda 1501 və ya 1502 ilində) Şah İsmail tərəfindən qəbul olunub və Şah ona Ziyadoğlu ləqəbini veribdir. Əmət Bəy Şahvərdi Sultan Ziyadoğlu, Cavad Xanın cəddi, Qacar sülaləsinin ulu babası və Ziyadoğlu xanədanının ən məşhur şəxsiyyəti olub› (1).

Şah Təhmasib isə Gəncə və Qarabağ hökumətini (bəylərbəyiliyini) Ziyadoğlu xanədanına verib.

İranın köçəri el və tayfaları 1920-ci illərə kimi dövlət və hökumət işləri üzərində mühüm təsir buraxıblar. Ələlxüsus Səvəfilər və onlardan sonraki hökumətlərin hamısı bir növ ya bir elin, ya da bir neçə elin yaratdiğı ittifaqın nümayəndəsi olub. Eyni zamanda, padşahlar bəzən onların yaşayış məntəqəsini dəyişdirib onları İranın sərhədlərinə göndərərək sərhədləri qorumaq işini onlara tapşırıblar, bunun müqabilində isə yerli hökumət və vergi kimi el və tayfa rəislərinin tələblərini də qəbul etməli olublar. Bu el və tayfalardan xüsusilə Qacar və Afşar elləri Səfəvilər zamanı və onlardan sonra İran sərhədlərini qorumaq baxımından çox mühüm rol oynayıblar.

Digər tərəfdən, aydındır ki, İranın periferiyasında yerləşən ellər və tayfalar öz güclərini qorumaq üçün həm yerli qüvvələr və mərkəzi hökumətlərlə işləyib həm də təhlükə şəraitində və lazım olanda xarici və qonşu dövlətlərə yanaşıblar. Rusiyanın Qafqaza hücumları zamanı erməni və gürcü qüvvələrinin hamısı olmasa da, çoxu İran və Osmanlının qarşısında və Rusiyanın tərəfində mövqe alıblar. Eyni halda çoxu şiə olan müsəlmanlar dini və tarixi müştərəkliklərdən ötrü İranın tərəfini, Osmanlı sərhəddinə yaxın olan sünni müsəlmanlar da çox halda Osmanlının tərəfini tutublar.
Cavad xanın xəyali portreti, Azərbaycan

Cavad xanın xəyali portreti, Azərbaycan


Ancaq İranda dövlətin ümumilikdə zəifləməsi, korrupsiya, geri qalmışlıq və eyni zamanda Rusiyanın imperiya kimi güclənməsi nəticəsində Qafqazda yerli xanların bir qismi müharibələrin gedişini və İranın zəfini gördükcə, çarəni Rusiyayla ‹yola getmək› və təslim olmaqda görüblər. Qafqaz və qərbdə İranın ‹sərhəd keşikçiliyi› işini görən el və tayfalar arasında Ziyadoğulları açıq və aşkar olaraq rusların qarşısında ən səbatlı və müqavim qüvvə olub və beləcə tarixdə İran sərhədçiliyinin simvoluna çevriliblər.

Pəhləvi sülaləsinə kimi İranın qəbiləvi el-tayfa sistemində vilayətlərin yerli hakimiyyəti padşahın etimad etdiyi adamlara və ya onun qohumlarına verilirdi. Bu yerli hakimiyyətlər bəzən ailədə qalıb atadan oğula keçirdi və bu qayda ancaq yerli qüvvələr Abbas Mirzə

Abbas Mirzə

arasında mübarizə, padşahla münasibətlərin pozulması və ya Şahın qərar dəyişdirməsi nəticəsində yerlərdəki başqa sülalələrin və xanların əlinə keçirdi. Bələ bir şəraitdə Ziyadoğulları 300 ildən çox bir müddətdə bir tərəfdən “gəncəliləşdilər”, digər tərəfdən isə İranın sərhəd keşikçiliyini davam etdirib Osmanlı və ya Rusiyadan gələn hücumlara qarşı sərhəddi müdafiə etdilər.

Bu yaxınlığı məzhəb və birgə tarixi təcrübə və yaddaşdan başqa, el-tayfa və ailəvi əlaqələr də möhkəmləndirirdi. Ən açıq nümunə kimi, Gəncəni ruslara qarşı müdafiə edən Cavad Xan Ziyadoğlu Qacar və rus ordusuna qarşı miharibə aparan İran ordusunun baş qumandanı və Qacar Şahının varisi Abbas Mirzə Qacar eyni tayfadandılar.

Gəncənin və İranın Qafqazdaki digər ərazilərinin süqutundan 100 il əvvəl, Səfəvilərin işi qurtarmışdı və paytaxt İsfahan əfqan-paştu Qilzay atlılarının əlinə düşmüşdü. Nəticədə qərbdə və şimalda, yəni Qafqaz, Azərbaycan və Kürdüstanda Osmanlı ordusunun hücumları artmışdı.

Eyni halda bu dövr bir tərəfdən Çar Rusiyasının yeni imperiya kimi yüksəlib Osmanlı ilə rəqabəti, İranın məntəqədə böyük dövlət kimi gücünü itirməsi, həm də Britaniyanın Hindistan və İranda müstəmləkəçi dövlət kimi güc qazanması dövrüdür. Başqa sözlə, həmin mərhələyə kimi İrandan bir ‹imperiya› kimi danışmaq olar, ancaq bu dövrün sonunda İran və Rusiya arasında 19-cu əsrin ilk iki onilliyındə baş verən müharibələrdən sonra İranın işi ‹imperiya› kimi qurtarmış, bu ölkə yüksələn, yəni müstəmləkəçi iki dövlət: Rusiya və Britaniyaya tabe ölkəyə çevrilmişdi.

Buna oxşar bir müqəddərat təqribən 100 il sonra Osmanlı imperiyasının başına da gələcək idi.

İran-rus müharibələri

Rusiyanın hücumu, Gəncənin işğalı və Cavad Xanın qətli demək olar ki, birinci İran-rus müharibəsinin başlanğıcıydı. Bu müharibə doqquz il sonra, 1813-cü ildə, yəni düz 200 il qabaq Gülüstan Müahidəsinin imzalanmasıyla qurtardı. İran Cavad Xan və ya Abbas Mirzə kimi qumandanların rəşadətinə baxmayaraq ağır məğlubiyyətə uğradı. Həmin müahidəyə görə, İran dövləti Gəncə, Bakı, Qarabağ, Şəki, Şirvan, Dərbənd, Quba və Tiflis vilayətlərini Rusiyaya itirdi.

On beş il sonra, ikinci İran-rus müharibəsi nəticəsində Yerevan və Naxçıvan vilayətləri üzərində nəzarət də İranın əlindən çıxaraq Rusiyaya keçdi və beləliklə ikinci bir razılaşma, ‹Türkmənçay Müahidəsi› əsasında bütün Qafqaz Rusiyanın tərkib hissəsi oldu. (ardı aşağıda)

Canlı körpü. Rus rəssamı Franz Roubaud-un çəkdiyi rəsm (1804-13-cü illər İran-rus müharibəsi haqda)

Canlı körpü. Rus rəssamı Franz Roubaud-un çəkdiyi rəsm (1804-13-cü illər İran-rus müharibəsi haqda)



Tarixin tozu

Bütün bunlar tarixdir, birinə acı və digərinə şirin gələn hadisələr və rəvayətlərdir. Bəziləri, ehtimal, şəxsi, ailəvi və ya ictimai və siyasi səbəblərə görə tarixin belə axarına bu və ya digər şəkildə baxa bilərlər. Amma məncə, 200 ildən sonra bu hadisələrdən bugünün real həyatı üçün siyasi, milli və ya etnik nəticələr çıxarmaq dəhşətli bir səhv olardı.

Bəziləri tarixdən sadəcə bir sıra ölkələr, millətlər və qövmlərə qarşı çıxmağı, itirilən əraziləri yenidən ‹fəth etməyə› çağırmağı başa düşürlər. Qafqaz, Əfqanıstan və ya Türkmənistanı yenidən almaq kimi gülünc söhbətlər heç bir İran hökumətinin rəsmi siyasəti olmasa da, İranda bəzi şəxslər və qruplar arasında rəvacdadır. Bu hesabla hamı gərək hamıya qarşı səfərbər olsun, çünki qədim və güclü keçmişi olan hər ölkə tarixin bəlli dövrlərində indiki ərazisindən daha geniş əraziyə malik olmuşdur. Roma imperiyası Fələstinə kimi, Britaniya Hindistana kimi, Osmanlı Serbiya və Liviyaya kimi ərazini tutmuşdu. İranda Dariuş Yunanistana kimi, Nadir Şah Hindistana kimi getmişdi. İndi bunlar yenidən atlara minib o ölkələri tutmaq istəyirlər? Bunlar sadəcə, cahillikdən irəli gələn yuxular yox, təhlükəli həzyanlardır.

Digər, qarşı qrup isə ‹müdafiə› mövqeyindən hərəkət edərək bütün bu tarixi faktlar və hadisələri kökündən danır. Onlar öz iddialarına haqq qazandırmaq üçün tarixi yenidən kəşf edib deyirlər ki, Gülüstan Müahidəsinə kimi Azərbaycan ‹dörd-beş min illik dövlətçiliyi olan müstəqil ölkə› olub, ancaq İran-rus müharibələri nəticəsində iki dövlət arasında “bölüşdürülüb”. Buna görə də həmin xəyali tarixçilik Cavad Xan Ziyadoğlu Qacarı ‹Azərbaycanın müstəqilliyi uğrunda› rus və İran ‹işğalçılarına› qarşı üsyan qaldıran və bu yolda canını qoyan milli qəhrəman adlandırır.

Əlbəttə, hər kəs istənilən adamı istədiyi kimi görə bilər. Amma, məsələn, İstanbulun 600 il əvvələ kimi Bizansın paytaxı və ortodoks yunan kilsəsinin mərkəzi olduğu faktını etiraf eləmək Türkiyənin bu gün İstanbul üzərində hakimiyyətinə xələl gətirəcək? Ona görə indi bu faktı inkar etmək gərəkdir?

Siyasət və tarixi saxtalaşdırmaq başqa şeydir, tarixi reallıq başqa şey. Tarixi oxumaq, yazmaq və müzakirə eləmək nə üçün adamların bəzilərini mütləq irqçiliyə, ifrat millətçiliyə, boş və təhlükəli xəyallara sövq edir?

Britaniyalılar ölkələrinin keçmişdə nə qədər güclü, nə qədər geniş olduğunu hər kəsdən yaxşı bilirlər. Amma Britaniya özünün bu günkü gücünü və genişliyini də digər ölkələrdən daha yaxşı bilir. Belçikalılar yaxşı bilirlər ki, onların dövlət müstəqilliyinin 200 ildən çox ömrü yoxdur. Amma bu onlarda heç bir kompleks yaratmır. Əksinə onlar keçmişdə tabe olduqları Fransa və Hollandiya ilə çox gözəl münasibətlər bəsləyirlər.

Gəncə və Cavad Xan həqiqətini görmək, Bakı, Qarabağ və ya Naxçıvanın, Yerevan və Tiflisin real keçmişini ətiraf eləmək bu gün nə İranın etibarına bir şey əlavə eləyəcək, nə də Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının bu günkü etibarından nəsə azaldacaq.

Keçmiş keçmişdə qalıb. O papkaları bağlayıb tarix rəflərinə qoyublar. Bu gün Britaniya və İrlanda sülh və əməkdaşlıq mühitində rifah və tərəqqi eləməyə çalışırlar. Belçikanın ən yaxşı münasibətləri keçmişdə tabe olduğu Fransa və Hollandiyayladır.

Bizdə isə bəziləri hələ də tarixi öyrənmək və zövq almaq üçün yox, düşmənçilik yaymaq için oxumağa çalışırlar.

_______

Bəzi mənbələr:

1. Mohammad Ali Bahmani Qacar: Cavad Xan Ziyadoğlu Qacarın Xanədanı, farsca, Tehran 1386 (2007)

2. Firuz Mansuri: Rusların Hücumu və Gəncə Şəhərini Alması (pdf), farsca

3. Firuz Mansuri: Səfəvi Dövlətinin Zəvalı və Osmanlıların Azərbaycana Hücumu, Müasir İran Tarixinin Araşdırması Mərkəzi, farsca

4. Abbasqulu Ağa Bakıxanov: Gülüstan-i İrəm, Tehran 1383 (2005), farsca

5. Gülüstan Müahidəsi, tam mətni ilə

6. Türkmənçay Müahidəsi, tam mətni ilə


Oxu zalı: Mövzu ilə bağlı polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana göndərə bilərlər:
oxuzali@azadliqradiosu.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG