Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:41

Obamanın kitab anbarındakı çıxışı narazılıqla qarşılandı


ABŞ - Prezident Obama "Amazon" anbarındakı işçiylə söhbətləşir.

ABŞ - Prezident Obama "Amazon" anbarındakı işçiylə söhbətləşir.

-

İnternet üzərindən kitab satışının əsas zərbəsi kiçik kitab dükanlarına dəyir.

Belə bir vaxtda Amerika prezidenti Barak Obamanın dünyanın ən nəhəng on-line kitab satışı şəbəkəsi olan “Amazon”un Tennessee ştatındakı yeni anbarına baş çəkməsi birmənalı qarşılanmayıb.

Obama kitab anbarına yaxşı maaşlı yeni iş yerlərinin açılmasının mühümlüyü ilə bağlı çıxış etmək üçün getmişdi.

O, çıxışında “Amazon”dan da yeni iş yerləri açan şirkət kimi danışmışdı.

ABŞ və Britaniyadakı bir sıra kiçik kitab dükanlarının sahibləri çıxış üçün yer seçimini yanlış sayırlar. Onlar hesab edirlər ki, on-line satış şəbəkələrinin kitab qiymətlərini “öldürməsi”, insanları elektron kitab almağa həvəsləndirmək yönündə aqressiv siyasəti əksinə ölkədə iş yerlərinin azalmasına yol açır. Belə çıxır ki, Obama da “Amazon”un bu siyasətinə dəstək verir. Üstəlik də onlar prezidentin “Amazon”u yeni iş yerləri aşan şirkət kimi qələmə verməsini ictimaiyyəti çaşdırmaq cəhdi sayırlar.

Tennessee-dəki anbar bir neçə stadion böyüklüyündədir və sifarişlər əsasında buradan dünyanın ən müxtəlif yerlərinə kitablar göndərilir.

Obamanın çıxışı ilə eyni vaxtda “Amazon” öz anbarlarında 5000 yeni iş yerinin açıldığını elan edib.

Amma Obamanın “Amazon” səfərini tənqid edənlər həmin işlərin çoxunun müvəqqəti və aşağı maaşlı olmasına diqqət çəkirlər. Saatı 11 dollar yarım olan həmin ağır işlərlə işçi ayda minimum əmək haqqından cəmi 500 dollar artıq qazanc əldə edə bilər (aya 2 min dollar). Halbuki həmin adamlar ənənəvi kitab dükanlarında çalışsalar bundan az işləyib, daha çox qazana bilər, üstəlik də əlavə imtiyazlardan istifadə edə bilərlər.

Tənqidçilər Obamanın belə iş yerlərini uğur kimi təqdim etməsindən narazıdırlar.

Düzdür, maliyyə böhranından çıxmaqda olan Amerikada işsizlik faizi 7,4 faizə enib, amma yeni açılan iş yerlərinin çoxu aşağı maaşlıdır. Belə işlər isə insanları dövlətin yardımına möhtac edir.

Son rəy sorğuları göstərir ki, amerikalıların 70 faizə qədəri maaşı maaşa calayır və qazancının böyük hissəsini gündəlik tələbatın ödənməsinə xərcləyir.
XS
SM
MD
LG