Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

Mayakovskinin Sovet pasportu haqda şeirinin tərcüməsindəki səhv


Vladimir Mayakovski, Moskva 1929

Vladimir Mayakovski, Moskva 1929

-

"Onu da qeyd etməliyik ki, hərfi tərcümə sirayətedici bir xəstəlikdir: onun yolu... asan yol olduğu üçün tərcüməçilər bu xəstəliyə tezliklə tutulurlar".


Sovet dövrünün tanınmış ədəbiyyatşünası Məmməd Arif "Bədii tərcümə" məqaləsində məşhur əsərlərin Azərbaycan dilinə tərcüməsindəki qüsurlardan yazır:


"Rəsul Rza Mayakovskini yaxşı bilir, onun yaradıcılıq prinsipləri və sənətkarlıq xüsusiyyətləri ilə tanışdır. İllərdən bəri Mayakovski ilə məşğul olan Rəsul Rza böyük şairin sənət laboratoriyasına yol tapmışdır və buna görə də Mayakovskidən etdiyi tərcümələr yaxşı təsir bağışlayır... Elə buna görə də Rəsul Rzanın tərcümələrində təsadüf olunan kiçik bir nöqsan belə bizi heyfsiləndirir. Oxucu istəyir ki, onun tərcümələri daha kamil olsun.

Mayakovski poeziyası ilə tanış olanlar bilirlər ki, onun ifadələri, təşbehləri, vəzn və qafiyələri yenidir. Bu yeniliyi, şeiriyyəti saxlamaq üçün tərcüməçidən böyük ehtiyat və diqqət tələb olunur.

Mayakovski sovet pasportunun üstünlüyünü və qüvvətini vətənpərvərlik iftixarı ilə təsvir edərək deyir: "Молоткастый, серпастый советский паспорт". Burada işlədilən sifətlər yeni sözlərdir. Bunları Mayakovski özü yaratmışdır, mənası "çəkicli, oraqlı sovet pasportu" deməkdir. Lakin bu yeni sifətlərdə bir qüvvət, mübaliğə vardır. "Молоткастый, серпастый" (yəni çox böyük çəkicli, çox böyük oraqlı) sözləri ilə sovet pasportu daha əzəmətli və qüdrətli səslənir. Rəsul Rza bu sözləri "Çəkicciyəzli, Rəsul Rza

Rəsul Rza

oraqcığazlı sovet pasportu" şəklində tərcümə etməklə Mayakovskinin təşbehlərini qüvvətləndirmək əvəzinə daha da zəiflətmişdir."

***

"Osman Sarıvəllinin Puşkindən tərcümə etdiyi "Su pərisi" dramında da belə təhriflər vardır. Puşkin yazır: "Шопот и смятение между девушками". Sarıvəlli tərcümə edir: "Qızlar öz aralarında xısınlaşır, əzilib-büzülürlər. Həyəcan mənasında olan "смятение" sözünü şair əzilib-büzülmək kimi tərcümə etmişdir. Dəyirmançı öz qızına müraciətlə deyir: "Опомнись!", tərcüməçi yazır: "Yadında saxla!" Puşkin keçmiş toy adətini təsvir edərək bəylə gəlinin başına xmel otu səpməkdən danışır, "Молодых осыпают хмелем" - deyir. Sarıvəlli isə tərcümədə yazır: "Cavanlara doyunca şərab verib kefləndirdilər".

Çox təəccüblüdür ki, altı cildlikdən əvvəl bu tərcümələr "İnqilab və mədəniyyət" jurnalında ("Azərbaycan" jurnalı əvvəl belə adlanırdı - Oxu zalı) çap olunmuşdur və eynilə də Puşkinin əsərlərinin cildlərinə köçürülmüşdür".

***

"Hüseyn Şərifov tərcümə sahəsində çoxdan çalışır, tərcümə və redaktə ilə məşğul olur, bu sahədə təcrübəsi vardır. Son zamanlar o, Radişşevin "Peterburqdan Moskvaya səyahət" əsərini tərcümə etmişdir. Bu əsərin tərcümə edilməsi faktı özü tərcümə mədəniyyətimiz sahəsində bir müvəffəqiyyətdir. Bu əsərdə 18-ci əsrin yalnız dil xüsusiyyətləri deyil, ictimai-siyasi həyatı da öz əksini tapmışdır. Tərcüməçi əsərin dilindəki çətinliyi nəzərə almış, tərcümə üzərində çox işləmişdir. Lakin buna baxmayaraq diqqətsizlik üzündən orada bəzi təhriflərə yol verilmişdir. Müasir mənada "умащивать" sözü bədəni ətirli yağla yağlamaq deməkdir. Amma 18-ci əsrdə bu söz ümumiyyətlə yağlamaq mənasında işlənirdi. "Окружие" sözünün bir mənası da təkərdir. Bunları nəzərə almayan tərcüməçi: "Кто умащивает окружие твоей колесницы" cümləsini belə tərcümə etmişdir: "Sənin arabanın ətrafına ətirli yağ sürtənlər". Aydındır ki, arabanın ətrafına ətirli yağ sürtməzlər, arabanın təkərinə yağ sürtərlər ki, bunun da məcazi mənası yaltaqlıq, lakeylik etmək deməkdir...
Osman Sarıvəlli

Osman Sarıvəlli


Diqqətsizlik, səhlənkarlıq üzündən əmələ gələn belə səhvlər, təəssüf ki, tərcümələrimizdə çoxdur."

***

"Onu da qeyd etməliyik ki, hərfi tərcümə sirayətedici bir xəstəlikdir: onun yolu... asan yol olduğu üçün tərcüməçilər bu xəstəliyə tezliklə tutulurlar...

Hərfi tərcümə təsirindən yaxasını qurtara bilməyən tərcüməçilərdən Xudadad Əzizbəyovu göstərə bilərik. X.Əzizbəyov köhnə mütərcimdir, rus dilini və eləcə də Azərbaycan dilini yaxşı bilir; ancaq onun yaradıcılıq cəsarəti azdır, orijinalı nöqtəbənöqtə izləyir. Məsələn, əgər orijinalda "тебя поймать нельзя" yazılmışsa, o da mütləq "səni tutmaq olmur" tərcümə edəcəkdir; əgər rusca orijinalda "сердечные склонности" yazılmışsa, o da mütləq "ürək təmayülləri" tərcümə edəcəkdir. Elə buna görə də onun tərcümələri ağır oxunur...

Hərfi tərcümənin yaradıcı tərcümədən fərqini tərcümələrin müqayisəsində daha aydın görmək olur. Qoqolun "İvan İvanoviçlə İvan Nikiforoviçin küsüşməsi" hekayəsinin üç tərcüməsi vardır. Həmin hekayədəki bir cümləni üç mütərcim başqa-başqa şəkillərdə tərcümə etmişdir. Cümlə belədir: "Вы, Иван Никифорович, разносились так с своим ружьем, как дурень с писанною торбою".

Bu cümləni birinci mütərcim (İshaq İbrahimov) belə tərcümə etmişdir: "Sizi, İvan Nikiforoviç, tüfənginiz elə məşğul eləyib ki, elə bil axmaq adam bəzəkli torba ilə oynayır" ("İnqilab və mədəniyyət", 1952, № 3).

İkinci mütərcim (C.Məcnunbəyov) belə tərcümə etmişdir: "İvan Nikiforoviç, çöllü öz naxışlı xurcununu tərifləyən kimi, siz də öz tüfənginizi öyürsünüz" (N.V.Qoqol. Seçilmiş əsərləri, 1952)

Üçüncü mütərcim (Əkbər Ağayev) isə belə tərcümə etmişdir: "İvan Nikiforoviç, kor tutduğunu buraxmayan kimi, siz də öz tüfənginizi buraxmırsınız".

Bu üç tərcümədən birincisi tamamilə hərfidir, mexanikidir. İkinci tərcüməçi bir qədər "yaradıcılıq" göstərmək istəmişdir, lakin müvəffəq olmamışdır. Üçüncü tərcüməçi Əkbər Ağayev isə məsələyə daha düzgün yanaşmış və spesifik rus məsəlinə uyğun Azərbaycan məsəli tapmış, onu işlətməkdən qorxmamışdır. Söz yox ki tərcüməçi bir qədər də fikirləşsəydi, daha yaxşı tərcümə edə bilərdi, orijinala daha çox müvafiq sözlər tapa bilərdi. Əsas məsələ onun tutduğu yaradıcı tərcümə yolundandır..."

"Bədii tərcümə" məqaləsindən
Məmməd Arif. Seçilmiş əsərləri, 1-ci cild, Bakı, 1967

Günün bütün mövzuları

XS
SM
MD
LG