Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

«Əhali böyük təhlükə ilə üz-üzə qalıb»


Foto: Arxiv
Foto: Arxiv
-
«Bizim yol» qəzeti yazır ki, ölkədə iri mal-qaranın üçdə birinə yoluxan dəhşətli bunyavirus xəstəliyi insanlara da yoluxa bilər:

«Ölkədə mal-qara arasında yayılan bunyavirus xəstəliyi respublika üzrə iribuynuzlu heyvanların 30 faizinə yoluxub. Kənd Təsərrüfatı Nazirliyi xəstəliyə qarşı mübarizə aparmaqda gücsüz vəziyyətdədir. Belə fövqəladə vəziyyətdə peşəkar baytar çatışmazlığı özünü büruzə verir. Problemi müzakirə etmək üçün Kənd Təsərrüfatı Nazirliyində Səhiyyə Nazirliyinin mütəxəssislərinin də iştirakı ilə «Heyvandarlıq sahəsində mövcud vəziyyət, bunyavirus ailəsinə məxsus virus xəstəliyinə qarşı aparılan müalicə-mübarizə tədbirləri, qarşıda duran vəzifələr»ə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Xəstəlik, xüsusən, Aran rayonlarında geniş yayılmaqla, ümumilikdə 35 rayonu əhatə edir».

MDB ÖLKƏLƏRİ İLƏ TURİZMİN İNKİŞAFI ÜÇÜN TƏKLİFLƏR HAZIRLANIR

Bunu «Trend» agentliyinə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib. Onun dediyinə görə, Azərbaycan MDB ölkələri ilə turizmi inkişaf etdirməlidir. AzTA bununla bağlı təkliflərini hazırladıqdan sonra onları Mədəniyyət və Turizm Nazirliyinə təqdim edəcək.

M.Ağakərimov bildirib ki, Azərbaycan MDB ölkələri ilə həm məsafə baxımdan yaxındır, həm də bu ölkələrin bir-birləri ilə dil problemi yoxdur:
Foto: Arxiv
Foto: Arxiv

«MDB ölkələrindən çoxlu turistlərin Azərbaycana gətirilməsinə cəhd edilməlidir. O turistlərin çoxu Türkiyəyə, Dubaya gedir. Biz o turistlərin bir hissəsini Azərbaycana yönəltmiş olsaq, bununla Azərbaycanda turizmin və iqtisadiyyatın inkişafına çox kömək etmiş olarıq».

ƏLİYEVİN KOMANDASINDA VƏKİLLİK DAVASI

«Azadlıq» qəzeti yazır ki, hakimiyyət daxilində qarşıdan gələn prezident seçkisi ilə bağlı ziddiyyətlər böhran həddinə çatıb:

«İş o yerdədir ki, İlham Əliyevin seçkidə vəkillərinin kim olacağını hələ müəyyənləşdirmək olmayıb. Bunun da kökündə hakimiyyətdəki qruplaşmaların vəkilliyə öz namizədlərinin olması dayanır. Hər bir qruplaşma özlərinə yaxın şəxslərin vəkil olmasını istəyir. Bu əslində seçkini nəzarətə götürmək uğrunda savaşın növbəti mərhələsidir. Məlumat üçün deyək ki, bu dəfə seçkinin keçirilməsinə Paşayevlərin nəzarət edəcəyi bildirilir. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) kurasiya edilməsinin Paşayevlərə yaxın şəxs hesab edilən prezidentin köməkçisi və Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədova tapşırılması, bölgələrdə Paşayevlərə yaxın şəxslərin fəal iş aparması da bundan irəli gəlir.
Siyavuş Novruzov
Siyavuş Novruzov
Lakin Heydər Əliyevin ölümündən sonra bu işlərə nəzarət edən Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyev kənarda saxlanılmasını həzm edə bilmir. PA rəhbəri budəfəki seçkinin onun nəzarəti altında keçirilməsinə çalışır».

«ONLAR 1-2 FAİZ SƏS UĞRUNDA MÜBARİZƏ APARACAQLAR»

«Yeni Azərbaycan» qəzeti Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun müsahibəsini dərc edib. «YAP Cəmil Həsənlini rəqib sayırmı» sualına o, belə cavab verib:

«Bu gün Azərbaycanda prezident seçkilərində iştirak edənlərin hamısı birlikdə YAP-ın namizədinə çox böyük fərqlə məğlub olacaqlar. Onlar sadəcə 1-2 faiz səs uğrunda mübarizə aparacaqlar».

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin izlənməsi haqqında yayılan məlumatlara da toxunan S.Novruzov deyib ki, «bunlar hamısı mənasız şeylərdir, seçkiqabağı şou düzəldirlər. Bu günə qədər Cəmil Həsənli Azərbaycanda sərbəst hərəkət edib, amma heç kəs ona «gözün üstə qaşın var» deməyib. Nə oldu birdən-birə ona sui-qəsd etməyə cəhd göstərdilər?».
Gürcüstanda məscid
Gürcüstanda məscid

«GÜRCÜSTANDAKI HADİSƏLƏRDƏ BƏZİ DÖVLƏTLƏR MARAQLIDIR»

«Turan» agentliyi yazır ki, Gürcüstanın Adıgün rayonunun Çela kəndində məscid minarəsinin sökülməsi müsəlmanlar arasında güclü etirazlara səbəb olub:

«Gürcüstandakı mənbələr bu hadisənin ilk olmadığını deyirlər. Buna qədər daha iki minarənin yıxıldığını nəzərə çatdırırlar. Çelada minarənin yıxılmasına gəlincə, rəsmi Tbilisi səbəb kimi Türkiyə tərəfinin quraşdırdığı minarə barədə gömrük sənədlərindəki məlumatların həqiqətəuyğun olmamasını göstərir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyi bu hadisəni müsəlmanlara və islama hörmətsizliyin ifadəsi adlandırıb. Bu hadisənin xristian və müsəlmanlar arasında ağır toqquşmalara səbəb ola biləcəyi ehtimalını nəzərə alan Bütün Gürcüstanın patriarx-katolikosu II İlya hər iki tərəfə sakit olmaq çağırışı edib...

Şeyxülislam Allahşükür Paşazadə «Turan»a açıqlamasında deyib ki, QMİ-nin Gürcüstan nümayəndəliyi vasitəsilə Gürcüstan hökumətinə tövsiyələrini çatdırıb. Məsələnin danışıqlar, müzakirələr vasitəsilə həll olunmasına çalışdıqlarını bildirib. Bununla yanaşı, QMİ sədri ad çəkmədən hadisənin qızışmasında bəzi dövlətlərin maraqlı olduqlarını bəyan edib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG