Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:53

«Əlillik almaq üçün İmişli-Bakı yollarında qalmışam»


Foto: Arxiv
Foto: Arxiv
-
«Onurğa sümüyümdəki daimi problemlərə görə əsəblərim pozulub. Səhhətim əmək fəaliyyəti ilə məşğul olmağa imlan vermir. 4 nəfərlik ailənin başçısıyam, həyat yoldaşım kənddə tibb məntəqəsində xadimə işləyir. Aylıq gəlirimiz 98 manatdır. Dolanmaq çətindir, dərmanlarıma görə apteklərə borcum var».

«ƏLACIM KƏSİLDİ, PREZİDENTƏ YAZDIM...»

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən İmişli rayonu, Cəfərli kənd sakini Ərəstun Məmişov deyir ki, əsəb xəstəsidir, əlillik almaq üçün olan-qalan əsəblərini də itirib:

«Gördüm məni çox get-gələ salıblar, əlacım hər yerdən kəsildi, götürüb prezidentə məktub yazdım. Aradan bir neçə gün keçdi, rayon xəstəxanasının baş həkimi çağırdı. Mənə Bakıdakı xəstəxanalardan birində müalicə almaq üçün göndəriş verdi. Getdim, keçmiş «Semaşko» xəstəxanasında müayinədən keçdim, diaqnozlarım da belədir ki, onurğa sümüyündə daimi problem var, əsəb xəstəliyim var. Cavabları gətirib 34 saylı tibbi sosial ekspert komissiyasının sədri Məmmədəli İbrahimova verdim. Dedi, mənlik deyil, gərək sənə əlilliyi mərkəzdən təyin etsinlər».

«SİNİR, QASTRİT, HEPATİT, TOKSİKİ ZOB, BÖYRƏK XƏSTƏLİKLƏRİ...»


İmişli rayon Dəmiryol Xəstəxanasının həkim-nervpotoloqu Rzaqulu Mirişov Ərəstun Məmişovun səhhəti haqqında danışır:

«Bu şəxs 2012-ci ilin əvvəlindən bizim xəstəxananın nəzarətindədir. Dəfələrlə stasionar-ambulator şəraitdə müalicə alıb. İki dəfə Respublika Klinik Xəstəxanasında, bir dəfə də Kliniki Tibbi Mərkəzdə stasionar müalicə olunub. Onurğanın yayılmış astroxondrozundan, sinir, qastrid, hepatit, toksiki zob, böyrək xəstəliklərindən əziyyət çəkir. Bəzi xəstəliklərinin müalicəsi uzun vaxt tələb edir, bəzi xəstəlikləri isə ömürlükdür».

«ƏRİZƏ YAZSIN»

34 saylı tibbi-sosial ekspert komissiyasının sədri Məmmədəli İbrahimov isə deyir ki, Ərəstun Məmişov onlara bir daha ərizə ilə müraciət etməlidir:

«Sənədləri yoxlanıldı, məlum oldu ki, onun sənədləri ilə xəstəliyi uyğun gəlmir. Ona görə də əlillik təyin etmək mümkün olmur. İstəyirsə, bizə ərizə versin. Sənədlərini göndərək Bakıya - ali nəzarət komissiyasına. Orda yüksəksəviyyəli həkimlər var, baxarlar, onun xəstəliyinə uyğun bir şey tapsalar, əlillik təyin edərlər».
XS
SM
MD
LG