Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:25

PƏRVİZ: “Görəndə ki pir bildiyim adamların çoxu “moşennik”di..."


Pərviz Cəbrayıl Azadlıq Radiosunun "Pen klub" proqramında

Pərviz Cəbrayıl Azadlıq Radiosunun "Pen klub" proqramında

-

"Atam məni evdən qovdu".

"Xırda ticarəti seçdim. Mən kartof-soğan kisəsində eşələnməyi, əyilib qızıl kisəsində şellənməkdən üstün tuturam".


Yazıçı Pərviz Cəbrayılın "Gündəlik teleqraf" qəzetinə müsahibəsi


- Jurnalistikanı bitirmisiniz, amma ədəbiyyatla da məşğul olursunuz. Bir-birinə yaxın sahələrdi. Hər halda ikisinə də “yazı-pozu işi” demək olar. Amma ən çox həvəs göstərdiyiniz hansıdır - ədəbiyyat, yoxsa jurnalistika? Belə deyək, seçim zərurəti yaransa, hansını seçərdiniz?

- Mən belə deyərdim: “amma jurnalistika ilə məşğul oluram”. Dərd də sənin dediyin həmin “da” ədatındadır. Ədəbiyyatla da...

Əlbəttə, yaxın sahələrdi. Hər ikisi söz sənətidir. Ancaq jurnalistika ədəbiyyatdan çıxıb. Ona görə də ilk cümləmi elə səsləndirdim. Yəni belə deyim də, mən ədəbiyyatı bitirmişəm, amma jurnalistikayla məşğulam. Daha doğrusu, əsasən kitab üçün yox, qəzet (sayt) üçün yazıram. Həvəs məsələsinə qalanda, heç birinə həvəs göstərmirəm. Həvəs həvəskarların işidi. Bu işə ömür qoymaq var. Mən peşəkar jurnalist (lütfən, peşəkar sözü azərbaycanlı qavramında anlaşılmasın, bu, daha usta kimsə demək deyil, hansısa sənətlə sistemli məşğul olub onun hesabına yaşamaq deməkdi), başqa bütün yeni nəsil ədəbiyyat adamları kimi yarımamış, yəni hələ ki, peşəkar ola bilməmiş yazıçıyam.
Pərviz Cəbrayıl

Pərviz Cəbrayıl


Seçim imkanı bu an verilsə, ədəbiyyatı seçərəm. Ancaq bu o demək deyil ki, qəzet üçün yazmaram. Hər bir ziyalının, yazıçının borcudu ki, cəmiyyətin problemləri, xalqın maariflənməsi üçün nəsə etsin. Fikir versəniz, Nobel mükafatçılarının 90 faizi ictimai-siyasi mövqeli adamlar olub. Məqalələr yazıblar. Yəni publisistikadan uzaq durmayıblar. Ancaq bir məsələ də var. Onların ömrü boyu 50-60 publisist yazısı olub. Biz bu qədərini hardasa 2-3 aya yazırıq. Halbuki könül istərdi, bu qədərini bir ömürdə yaza. Sözün qısası, vətəndaşlıq mövqeyi olmayan yazıçıları sevmirəm. Elə yazıçı nə qədər istedadlı olur-olsun, o, mənimçün yazıçıdan çox cadugərdi.

- Demək olar ki, 1992-ci ildən 2001-ci ilə qədər yazı-pozu işi ilə məşğul oldunuz. Amma 2001-ci ildə bu işlərdən ayrıldınız, Rusiyaya getdiniz, bildiyimə görə, ta 2006-cı ilə qədər. Hətta proseslərdən, bir çox şeylərdən küsüb getdiyinizi də eşitmişəm. Gerçəkdən belə olubmu? Ümumiyyətlə, bu qədər uzun bir müddət yazı işindən, yaradıcılıqdan ayrılmaq sizi darıxdırmadı? İşini, yaradıcılığı sevən, uzun müddət jurnalistikada çalışan bir adamın uzun müddət bu işlərdən ayrı qalmasının bir səbəbi var hər halda. Həm də maraqlıdır, necə keçirdiniz o vaxtı, dönəmi?

- Hələ Rusiyaya getməmişdən bir il qabaq mətbuatdan getdim, jurnalistikadan ayrıldım. Kəndə qayıtdım. Necə deyərlər, dədəmin ocağına. Pulsuz-parasız bir il! Köklü-köməcli getdim. Ailə-uşaqla. Səbəbi detallarıyla demək fikrim yoxdu. Ancaq görəndə ki, pir bildiyim adamların çoxu “moşennik”di, belə demək olarsa, rüşvət alırlar, küsdüm, sındım. Əslində bu, bəlkə də, mənim həyatımın ilkin mənası olan ədəbiyyata dönməyim üçün tutarlı bir bəhanə idi. Təsərrüfatla-zadla məşğul olmaq və yazmaq istəyirdim.

Təbii ki, bütün arzularımız kimi, mövcud qaranlıq gerçəklikdə alınmadı bu. Sonra “Öləngi”nin mərhumiyyət və işgəncələri gəldi. Beləcə, məcburiyyət üzündən Sibirə könüllü sürgünə yollandım. Hətta bu sürgün üçün xeyli xərc çəkməli oldum. Zaman vardı sürgündən qurtarmaq üçün xərc çəkərdilər, biz isə sürgünə getmək üçün min məşəqqət çəkirik. Ancaq bunu deyim ki, Sibirə əliboş getdim, illərimi keçirdim, əliboş da qayıtdım. Təbii ki, yaşamaq üçün nə iləsə məşğul olmaq gərəkirdi. Xırda ticarəti seçdim. Mən kartof-soğan kisəsində eşələnməyi, əyilib qızıl kisəsində şellənməkdən üstün tuturam.

Onu da deyim ki, sonradan ədəbi yaradıcılıqla ticarət arasında xeyli bənzərlik tapdım. Ancaq oradakı illərim dolanışıqdan başqa qazanc gətirməsə də, ölkəmə bir romanla və evlərində kirayədə qaldığım rusların zəngin kitabxanalarının sayəsində xeyli irəli getmiş mütaliə ilə qayıtdım. Bir neçə kirayə ev dəyişdim və hər birində də zəngin kitabxana gördüm. Təbii ki, rus adamı özünü ağa kimi hiss edəcək. Kitaba marağı olmayan millət daim kölə olaraq qalacaq.

Qayıtdım, işləmək üçün Bakıya gəldim və bu dəfə mələklərin də gözündən batdığını, çirkaba bulaşdığını, çoxlarının necə rəzilcə pula satıldığını öyrəndim və yenə küsüb rayona üz tutdum. Bir də bir il sonra atam məni yenidən Bakıya sarı itələdi. Rəsmən evdən qovdu. Başqa cür buralara qayıtmaq fikrim yox idi. Gəldim, iştə burdayam...
Pərviz Cəbrayıl

Pərviz Cəbrayıl


- Yaşamaq ölmək qədər çətindir ki? Yoxsa sizin üçün yaşamaq ölməkdir? Şeirinizdə belə bir misra da vardı: Yaşamaq boynuma düşdü...

- Hə, “yaşamaq boynuma düşdü, kəndlimiz Xubyar kimi, o, göy kartof yeməkdən öldü, mən yaşamaqdan”. Məncə, yaşamaq ölməkdən çox çətindi. Çünki məsuliyyət, sorumluluq məsələsi var. Qarşıda ölüm kimi kabus var. Çatdıra bilməmək xofu var. Ölümdə isə heç nəyin xofu yoxdu. Mən bir kərə gerçəkdən ölmüşəm, hər şeyi görmüşəm, sonra ailəmin israrlı çağırışlarına dönmüşəm geri.

- “Öləngi”, yoxsa “Yad dildə”? Bilirəm ki, hər iki əsərin öz yeri, hər romanın öz təsir gücü, öz süjet xətti var, deyə bilərsiz. Amma bütün hallarda birini daha əziz, yaxud daha fərqli tutursuz. Hansı romanınızı daha çox bəyənirsiz? Oxucu kimi baxanda...

- “Öləngi”ni bütün ömrüm boyu yazacaqlarımın annotasiyası hesab etmək olar. Az həcmə o qədər ideya qoymuşam ki, o, romanlıqdan çıxıb romanların annotasiyası və ya konspekti olub. Amma orada elə dəhşətlər var, deyək ki, o dəhşətlərdən hələ biri “Yad dildə” olub. “Yad dildə” yenicə yazmağa başlayan, “Öləngi” isə nəsrlə vidalaşmaqda olan ixtiyar bir yazıçının kitabıdı. Hər bir halda o, ya annotasiyadı, ya da yazılmış romanların qədim türk mifi olan Öləngi adı altında toplanmış özətləri. Öləngi yazacağım bütün romanların ana ideyasıdı. Hansını çox sevdiyimi deməkdəsə çətinlik çəkirəm. Hər halda “Öləngi” ya ana bətnindən əvvəlki dünyadı, ya da ən azı ana bətni.

- “Yad dildə” romanı nəşrindən sonra bir çox qalmaqallara səbəb oldu. Nə vaxtsa o romanın bu cür təsirə səbəb olacağını, bu cür səs-küy yaradacağını düşünmüşdünüzmü?

- Yox, onu düşünməmişdim. Hətta bəzi 37-ci il xislətindən qurtula bilməmiş tənqidçilər, hətta yaxın dost saydığım biri o romandakı gizli kodlardan birini tutmuşdu və bu haqda tam da olmasa, üstüörtülü eyham vurmuşdu. Sanki kimlərisə xəbərdar etmək, ya da mənə mesaj vermək istəyirdilər ki, atlanıb-düşmə. Ancaq mən təhlükəni çoxdan gözə almışdım və illərin hesabına başa gəlmiş bir romanın yolunda hər şeyə hazır idim.

- “Yad dildə” romanını tənqid edənlər çox oldu. Deyirdilər ki, bu romanı başa düşmək olmur, çox qəliz yazılıb. Bəziləri də “bu romanı illər sonra başa düşəcəksiz” deyə müdafiə edirdi. Sizcə, roman günümüzdə başa düşülməli, qiymətini almalı deyil? Gərək üstündən illər keçsin?
"Yad dildə"

"Yad dildə"


- Roman hansısa abstrakt bir janr deyil ki. Hər bir nasir onun ana bazasında dayanan, bütün eksperimentlər üçün zəmin rolu oynayan klassik tələbləri, prinsipləri bilir. Və ya bilməlidi. Bu baza, istinad nöqtəsi olmasaydı, roman necə bu günə qədərki inkişaf yolunu keçə bilərdi? Axı əksinə getmək üçün də bir nəsnə olmalıdı, ya yox? O mənada mən nə yazdığımı bilirdim. Kim nə deyir-desin, hərənin öz fikri, yanaşması, qərəzli-qərəzsiz məqsədi var.

Kiminsə də nə ədəbiyyata dəxli var, nə mənəviyyata, vicdana. İndi durub onlarla cəngə çıxmayacağıq ki. Əsas odur, nə yazdığının heç olmasa əlli faizini özün anlayasan, əlli faiz isə ədəbiyyatın sirri-xudalığıdı.

O sirri-xudalıq olmasa, əsərlər quru karkasdan, təməl tələblərin ödənilməsindən başqa bir şey olmaz.

Ürək qoymaq lazımdı ədəbiyyata. Ürək isə həm sirlidi, həm də yaman seydi. Hər halda demək olar ki, reklam olunmadan, ucuz şoular qurub gündəmə gəlmədən bu kitab 1500 nüsxə satılıb. Ağır və qəliz adlandırılan kitabın Azərbaycan kimi kitaba yabançı olan bir ölkədə bu qədər satılması məni tam qane edir. Hər halda naşir də narazı qalmayıb. Mən iddialı adam deyiləm, amma iddialı yazar hüceyrəsiyəm.

- Bildiyimə görə, daha bir romanın da üzərində işləyirsiz. Amma bu romanı illərdir yazıb, daha sonra silib atırsız və yenidən yazmağa başlayırsız. Səhv etmirəmsə, artıq beş dəfə təkrar yazmısız. Amma hələ də işıq üzü görmür, nəşrə verilmir. Necə olacaq bu romanın taleyi?

- Yox, beş dəfə olsaydı, satışda olardı. Bu beş dəfə ayrı şeydi. Mən romanımı beş dəfə yazıram, onu eşidibsiz. Bu da bayaq dediyim roman yazma sənətinin şərtlərindən biridi. Özümdən çıxarmamışam. Sadəcə, mənim bu enerjini və səbri sərf etməyə gücüm çatır. Mətni yazan kimi nəşriyyata cummaq həvəskarların işidi. Axı yazıb bitirəndə elə bilirsən yazdığın şedevrdi. Hə, beş dəfə yazırsan, sonuncusu kitab olur.

Yeni romanı iki dəfə yazmışam. Üçü qalıb, ancaq bu dəfə ümid eləyirəm üçdən o yana getməyəcəm, beş rükəti üçündə yerinə yetirəcəm. Bunu da deyim ki, o romanın taleyi hələlik, ordakı qəhrəmanın taleyinə çox bənzəyir. Yeri gəlmişkən, indilər o romanın kulminasiyası gündəlik həyatımızda hər gün bir az daha çox nəzərə çarpır. Umud bizim ölkəmizdədi, onu ayrı yerlərdə gəzməyə dəyməz. İndi onu görmək istəməyən xalqa yazıqlar olsun. Necə ki, romanda da cəmi iki-üç nəfər görür.

- Ümumiyyətlə, bu qədər əziyyət çəkib, daha sonra həmin romanı silmək çətin olmur?

- Əlbəttə, çətindi. Ancaq ona silmək deməyək də. Oxucuya, özünə və nəsrə hörmət deyək.

- Rasim Qaracanın bir dəfə yaradıcılıqdan çox təşkilatçılıq işinə daha yaxşı həvəs göstərdiyini, bacardığını demişdiz. O da sizin romanınızı tənqid etmişdi. Bir çoxları da bunun aranızda hansısa bir anlaşılmazlıqdan doğduğunu deyirlər. Rasim bəylə münasibətləriniz necədir?

- Rasim bəy bu kitab haqda tənqid yazmayıb, sadəcə, Rəşad Məcid və onun həmfikirləri ilə həmrəylik nümayiş etdirib demişdi ki, yarıyacan oxudum. Mən isə o sözü haçan, hansı kontekstdə dediyimi xatırlamıram. Faktdı ki, Rasimin gözəl təşkilatçılıq bacarığı var. Yox, əgər bunu yaradıcılığıyla müqayisədə demişəmsə, yenə o fikirdə qalıram. Yeri gəlmişkən, onun təşkilatçılığı yaradıcılığının ayrılmaz tərkib hissəsidi. İndi mənə görə orda o pay daha artıq faizlə ifadə olunur. Onunla nə düşmənik, nə yaxın dost. Bir-birimizə umacaqsız sayğımız var. Nə də olsa, yaxın sayılmağa xeyli yaxın gəlmək imkanı olan mövqelərdəyik. Sadəcə o, zaman-zaman məni görməzlikdən gəlib, elə də davam edir. Halbuki bir zaman onunla eyni cəbhədə yer alırdıq. Sağ olsun, “Öləngi” haqda 2000-ci ildə “Nəslimizin romanı” deyə yazı yazmışdı və “Ekspress” qəzetində o romanı Həmidlə birgə ilin romanı adlandırmışdı. Bizim aramızda münaqişə və anlaşılmazlıq yox, bir qrupda olmamaq məsələsi var. Çünki mənim qrupum yoxdu. Ona sayğım bəs qədərdi.

- Hazırkı ədəbi durumu sizin də dəyərləndirmənizi istərdik. Gözləntiləriniz nədir, nələrdən narazısınız?

- Heç bir gözləntim yoxdu. Pərakəndəlik. Peşəkarlığa yolun olmaması. Bunu hələ 99-da-zadda yazmışdım ki, peşəkarlığa yol varmı? Yox. Yoxdu. Ha Azərbaycan, ha Azərbaycan ədəbiyyatı. Bir yazımda dediyim kimi, köşə yazarlığının ümidinə qalan yazarlardan inqilab gözləməyə dəyməz. Hərə bir az axına düşmək, bir az gənclik enerjisinin bolluğu hesabına bir-iki roman yazır və sönür. Ədəbiyyatdan çörək qazanmaq üçün şərait yaranmayana kimi ədəbi nəsillər ancaq öz yaradıcı ömürlərinə qəbir qazmaqla məşğul olacaqlar. Yazılan nəsə varsa, olacaqsa, bu da ancaq və ancaq yazarlarımızın fədakarlığı, bəlkə də, hətta fanatik ədəbi yanğısı sayəsində olacaq. Nə yazıq ki, təkcə fədakarlıqla uzaq getmək olmaz.

Elmin Bədəlov
"Gündəlik teleqraf"

Günün bütün mövzuları

XS
SM
MD
LG