Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:35

Nigar Rəfibəyliyə qarşı məqalənin altında Rəsul Rzanın imzası


Rəsul Rza

Rəsul Rza

-

Rəsul Rza:

"Bu tənqidi məqalələrin birisinin altında başqa yoldaşlarla bərabər mənim də imzam var idi, ona görə də indi bu barədə yazmağı lazım bildim".


Rəsul Rza


POEZİYA ZƏHMƏT VƏ İLHAMDIR


“Gənc işçi” mənim üçün bir ədəbi universitet oldu. Bu komsomol qəzeti bir növ ədəbi gənclik klubu idi.

Biz burda görüşər, şeirlərimizi oxuyar, mübahisələr edərdik.

1931-ci ildə şairə Nigar Rəfibəyli ilə tanış oldum.

O zamanlar səhvən özgənin şeirini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar.

Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Həqiqət sonra aşkara çıxdı.

Gənc şairə özünü ləyaqətlə aparırdı.

Bu tənqidi məqalələrin birisinin altında başqa yoldaşlarla bərabər mənim də imzam var idi, ona görə də indi bu barədə yazmağı lazım bildim. Qəribə görünsə də, bu hadisə bizi yaxınlaşdırdı.

Məlum oldu ki, Nigarla mənim ədəbiyyata və həyata olan münasibətimizdə ümumi nöqtələr çoxdur.

Bilmirəm, mən ona necə təsir bağışladım, amma o mənim çox xoşuma gəldi.

Görünür onun da mənə münasibəti pis deyilmiş, çünki sonralar bizim yollarımız ayrılmadı.

İlk vaxtlar biz onunla hər şeydən danışar, yalnız məhəbbətdən danışmazdıq. Saatlarla mübahisə edər, istirahət, yemək, içmək yadımızdan çıxardı.
Rəsul Rza və Nigar Rəfibəyli

Rəsul Rza və Nigar Rəfibəyli


Əlbəttə, sevgidən, məhəbbətdən də danışardıq, lakin bu məhəbbət ədəbi əsərlərə, musiqiyə və sənət əsərlərinə olan məhəbbət idi.

Çox zaman mübahisələrimiz amansız olur, çox vaxt küsüşür, ayrılırdıq, axırda isə, əlbəttə, barışırdıq. Deyirlər ki, insan münasibətləri sapa bənzəyir: bu sap qırıldıqca təzədən düyünlənir və insanlar bir-birinə daha yaxın olurlar. Bizim münasibətimiz get-gedə yaxınlaşır, lakin düyünsüz olurdu.

1937-ci il fevralın 11-də evləndik. Biz indi də ədəbi mübahisələr edir, yazdığımız şeirləri, oxuduğumuz kitabları təhlil və müzakirə edirik. Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim üçün xoşbəxtəm. İndi mənim ən səmimi və ən amansız tənqidçim öz evimdədir.

Elə hallar olur ki, yeni şeirim “ailə redaksiya kollegiyası” tərəfindən kəskin tənqid olunur. (Oğlum Anar darülfünunun filoloji fakültəsini bitirib, hekayə və tənqidi məqalələr yazır. Böyük qızım Fidan Azərbaycan Dövlət Darülfünununun ərəb fakültəsində oxuyur, kiçik qızım Təranə isə orta məktəbdə oxuyur, özü də ədəbiyyat həvəskarıdır). Elə də olur ki, uzun mübahisələrdən sonra müəllif yenidən öz şeirini işləməli, üzünü köçürtməli, düzəltməli olur.

Bəzən zəif şeirlərimin işıq üzü görməsi o demək deyil ki, “ailə redaksiya kollegiyamız” məsuliyyəriz yanaşıb, yaxud liberallıq göstərib. Boynuma alıram ki, onların fikrilə razılaşmadığım hallar olduğu kimi, bəzən də yazılarımı onlardan xəbərsiz çap etdirirəm...

Rəsul Rzanın "Mənim fikrimcə..." məqalələr toplusundan,
Bakı, 1967

Rəsul Rza və Nigar Rəfibəyli

Rəsul Rza və Nigar Rəfibəyli


Rəsul Rza və oğlu Anar

Rəsul Rza və oğlu Anar

Günün bütün mövzuları

XS
SM
MD
LG