Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

Diplomatlar: “Qərb Azərbaycanda azadlığı əlindən alınmış insanları müdafiə etməldir”


Arxiv foto: Bakıda müxalifətin keçirdiyi aksiyada fəallardan birini polis saxlayır. 12 mart 2011

Arxiv foto: Bakıda müxalifətin keçirdiyi aksiyada fəallardan birini polis saxlayır. 12 mart 2011

.





Denis Corboy Ermənistanda və Gürcüstanda Avropa Komissiyasının səfiri kimi çalışıb.

William Courtney ABŞ-ın Qazaxıstan və Gürcüstandakı səfiri olub.

Richard Kouzlarich ABŞ-ın Azərbaycanda və Bosniya-Herseqovinadakı səfiri vəzifələrini tutub.

Kenneth Yalowitz isə ABŞ-ın Belarus və Gürcüstanda səfiri olub. Neçə illərdən sonra keçmiş sovet məkanı onları yenidən “New York Times” qəzetinin səhifəsində bir məqalənin müştərək müəllifləri kimi birləşdirib.
CƏNUBİ QAFQAZ SEÇİM QARŞISINDA

Müəlliflər yazırlar ki, Rusiya-Gürcüstan müharibəsinin üstündən 5 il keçməsinə baxmayaraq, Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan hələ də çətinliklərlə üzləşirlər. Qlobal enerji istehsalı genişləndikcə və NATO Əfqanıstandakı mövcudiyyətini məhdudlaşdırdıqca regionun geosiyasi əhəmiyyəti də azalır.
Azərbaycanda kütləvi korrupsiya, sərvətin ədalətsiz bölüşdürülməsi və diktatorluq üsyan şəraiti yetişdirib. 2011-ci ildə keçirilmiş etiraz aksiyaları hakimiyyəti qorxudub.

Üç ölkə həmçinin təhlükəsizlik riski ilə də üz-üzə qalıb. Əhali məyus, hökumətlər isə idarəetmədə zəifdir.

Odur ki, Cənubi Qafqaz üçün, indi doğrudan da seçim zamanıdır.
ÜÇ ÖLKƏNİN BİR DƏRDİ - RUSİYA

Müəlliflər yazırlar ki, təhlükəsizlik problemi Cənubi Qafqazı doğrudan da əldən salıb. Rusiya Gürcüstanın iki əyalətini, belə demək mümkündürsə iki “müstəqil” anklavını - Abxaziya və Cənubi Osetiyanı və onlara bitişik əraziləri işğal edib.

Etnik ermənilərlə məskunlaşmış, lakin Azərbaycanın içərisində yerləşən Dağlıq Qarabağ ətrafında qarşıdurma iyirmi ildir ki, davam edir. Rusiya ikili oyun oynayır. Bir tərəfdən Ermənistanda hərbi baza saxlayır, digər tərəfdən isə Azərbaycana milyardlarla dollarlıq silah satır. İran Ermənistanı dəstəkləyir.

Müəlliflər yazırlar ki, Rusiya özünün cənub qonşularını Avrasiya İqtisadi İcmasına çəkmək istəyir. Moskva narahatdır ki, Cənubi Qafqaz ölkələri Avropa Birliyi ilə yaxınlığa can atırlar.

Ermənistan Avrasiya qrupunda müşahidəçi statusunda iştirak etsə də, bu kluba tam üzv olmağa meylli görünmür. Moskvanın Kiyevlə qısa ticarət çəkişməsi onun başqa qonşuları ilə daha sərt rəftarına yol aça bilər.

Bu ölkələrdə bu il keçiriləcək prezident seçkiləri ərəfəsində xeyli daxili problemlər də yaşanır.

Ermənistanda qütbləşmiş siyasi şərait, Azərbaycanda legitimliyi tənəzzül edən hakimiyyətin iş başında qalması münaqişənin həllində tələb olunan kompromisləri bundan sonra da əngəlləyəcək.
Müəlliflərin fikrincə, Ermənistanda ötən il keçirilmiş prezident seçkilərində Serzh Sargsyan saxtakarlıqla qalib gəlib. Seçkidən əvvəl iki namizəd geri çəkilib, üçüncü namizəd aclıq elan edib, dördüncü namizədə isə odlu silahla sui-qəsd olunub. Siyasi gərginlik və durğunluq, blokada şəraiti, yüksək mühacirət və hakimiyyətlə çulğalaşmış oliqarxlar islahatları əngəlləməkdə davam edir.

Azərbaycanda kütləvi korrupsiya, sərvətin ədalətsiz bölüşdürülməsi və diktatorluq üsyan şəraiti yetişdirib. 2011-ci ildə keçirilmiş etiraz aksiyaları hakimiyyəti qorxudub. Prezident Əliyev jurnalistləri və blogerləri həbsə atmaqla öz hakimiyyətini gücləndirməyə çalışır.

O həmçinin müxalifət tərəfindən oktyabr ayında keçiriləcək seçkilər üçün müəyyən edilmiş vahid namizədin - Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmasının qarşısını alıb.

Ötən il Gürcüstan öz tarixində ilk dəfə olaraq hakimiyyətin dinc yolla, seçki vasiyəsilə dəyişilməsinə nail oldu. Milyarder Bidzina Ivanishvili-nin rəhbərlik etdiyi müxalifət müdafiə mövqeyində olan Saakashvili partiyası üzərində qələbə qazandı.

İctimaiyyətin təzyiqləri altında yeni hökumət keçmiş rəsmilərə qarşı cinayət işləri qaldırdı. Bu isə öz növbəsində bu ölkədə ədalət barədə şübhələrə yol açır. Bu arada iqtisadi vəziyyət yaxşılaşmır və hökumətə ictimai dəstək azalır.

Bütün bu seçkilər, öz növbəsində Dağlıq Qarabağa yaxşı heç nə vəd etmir. Ermənistanda qütbləşmiş siyasi şərait, Azərbaycanda legitimliyi tənəzzül edən hakimiyyətin iş başında qalması münaqişənin həllində tələb olunan kompromisləri bundan sonra da əngəlləyəcək.
Qərb Azərbaycanda azadlığı əlindən alınmış insanları müdafiə etməldir. Hər saxtalaşdırılmış seçki, müxalifət fiqurlarının həbsi və sərvətin oğurlanması faktı bu ölkədə Qərbə olan inamı aşılandırır. Ən qorxulusu isə budur ki, Azərbaycan gəncliyi və ziyalıları arasında anti-Amerika əhvalını güclənir.

İvanishvili Gürcüstanın Qərb oriyentasiyasını saxlasa da, Rusiya ilə gərginliyi azalda bilib. Moskva Gürcüstan şərabı və digər kənd təsərrüfatı məhsullarının idxalına maneələri qaldırsa da, Abxaziya və Cənubi Osetiya məsələsindəki fikir ayrılıqları qalır. Bu şəraitdə Gürcüstan demokratiyanı inkişaf etdiməli, iqtisadiyyatı yaxşılaşdırmalı və müdafiə hərbiyyəsini qurmalıdır.

Cənubi Qafqazın üç ölkəsi Avropa İttifaqına münasibətdə həlledici məqama qədəm qoyublar. Şərq Partnyorluğu onların genişlənmiş Avropa İttifaqına inteqrasiyasına kömək edə bilər.

Bu noyabrda Avropa İttifaqının Vilnüsdə keçiriləcək sammitində böyük bir ehtimalla Ermənistan və Gürcüstanla azad ticarət barədə və başqa sazişlər imzalanacaq. Azərbaycanla viza rejimi barədə saziş imzalana bilər.

Avropa İttifaqı bu ölkələrə onların keçirdikləri islahatlar müqabilində daha çox əməkdaşlıq və siyasi dəstək təklif edə bilər.
ÜÇ MÜHÜM MƏQAM

Məqalə müəlliflərinin fikrincə, burada üç mühüm məqam vardır.

Birincisi,
Qərb, ələlxüsus da Azərbaycanda azadlığı əlindən alınmış insanları müdafiə etməldir. Müəlliflərin fikrincə hər bir saxtalaşdırılmış seçki, müxalifət fiqurlarının hər bir həbsi və sərvətin hər bir oğurlanması faktı bu ölkədə Qərbə olan inamı aşılandırır. Ən qorxulusu isə budur ki, Azərbaycan gəncliyi və ziyalıları arasında anti-Amerika duyğuları güclənir.

İkincisi,
Avropa İttifaqı Cənubi Qafqazda yaranmış tarixi imkandan istifadə etməlidir. Avropa İttifaqının firavanlığı və demokratik standartları cazibədar nümunə olaraq qalır. Avropa İttifaqı ilə daha sıx əlaqələr Cənubi Qafqaza qüdrətli qonşuları ilə münasibətlərdə daha geniş manevr imkanı verərdi.

Üçüncüsü,
Cənubi Qafqaz ölkələrinin müstəqiliyinin Qərb tərəfindən dəstəklənməsi əhəmiyyətini saxlamaqda davam edir.


Müəllif diplomatlar bu qənaətdədirlər ki, Cənubi Qafqaz ölkələrinin öz gələcəkləri üçün seçim etmək zamanıdır. Əgər onlar Qərblə daha sıx əməkdaşlıq istəyirlərsə, idarəetməni şəffaflaşdırmalı və əhaliyə geniş iqtisadi imkanlar yaratmalıdırlar. Bu ölkələr seçim etmək cəhdində ikən, Qərb də islahat və azadlıq tərəfdarlarının yanında olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG