Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:11

Elnur Aslanov vs Rebecca Vincent, 100 faizlik rəqəmli yayım


Qəzetlərin icmalı

Qəzetlərin icmalı

-

Avropa Birliyi missiyasının rəhbəri Roland Kobia «Turan» agentliyinə müsahibəsində deyib ki, «demokratiyanı energetika maraqlarına qurban verdiyimiz haqqında söhbətlər tamamilə əsassızdır. Demokratik dəyərlər və insan hüquqları həmişə Bakıda və Brüsseldə görüşlərimizin və danışıqlarımızın gündəliyində olur. Bizi tənqid edənlər yadda saxlamalıdırlar ki, biz hüquq müdafiəçisi deyil, diplomatıq, biz bütün spektrlə - hakimiyyət, vətəndaş cəmiyyəti, mətbuat və s. ilə işləməliyik. Diplomatın işi hüquq müdafiəçilərinin fəaliyyətindən fərqlənir və tənqidçilər bunu yaddan çıxarmamalıdır».

Kobia hakimiyyəti vətəndaş cəmiyyəti ilə, siyasi rəqiblərlə dialoq qurmağa çağırıb:

«Dialoq daimi olmalıdır, bu, çox vacibdir. Bundan başqa, qanunvericiliyi sərtləşdirmək deyil, liberallaşdırmaq: cəza zonasını İnternetə doğru genişləndirmək deyil, diffamasiya haqqında qanun qəbul etmək lazımdır. Bu, QHT-lər haqqında qanunun sərtləşdirilməsinə də aiddir, qanuna yenidən baxmaq və onu yumşaltmaq lazımdır».

HƏR PARTİYAYA 21 MİN İMZA

AXCP Ali Məclisinin sədri, Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri Həsən Kərimov «Azadlıq» qəzetinə müsahibə verib. O, bildirir ki, «AXCP olaraq imzaların hamısını yığmağa hazırıq. Amma Seçki Qərargahında belə qərara gəldik ki, AXCP və Müsavat Partiyası birlikdə 42 min imza toplayacaq. Hər partiyanın boynuna 21 min imza düşəcək. Yerdə qalan 3 min imzanı isə gənclər təşkilatı və digər siyasi qurumlar toplayacaq. Artıq prosesə start verilib. Hansı rayon şöbələrinin imzatoplama kampaniyasına cəlb olunacağı müəyyənləşdirilib. Artıq AXCP-dən regionlara səfər edəcək səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb. İmza qruplarına da artıq treninq keçirilib. İmza qruplarının üzvlərinə imzatoplama kampaniyasının necə keçiriləcəyi və digər prosedur qaydalar izah edilib, yaddaşlar hazırlanıb. Qarşımızda əsas məqsəd kimi Cəmil Həsənlinin imzatoplama kampaniyasını uğurla başa çatdırmaq durur. Hazırda AXCP bütün rayon şöbələrinin diqqəti imzatoplama kampaniyasına, Cəmil Həsənli qeydə alındıqdan sonra seçki komissiyalarına nümayəndələrin verilməsinə yönəlib. Bu proses artıq gedir. Rayon şöbələrindən aldığımız məlumata görə, artıq komissiya üzvləri, müşahidəçilərin siyahısı hazırlanıb. Yaxın zamanlarda bu siyahılar DSK-lara təqdim olunacaq. Partiyanın hər rayon şöbəsindən imzatoplama kampaniyasına 30 nəfər cəlb edilib.

ELNUR ASLANOV REBECCA VİNCENT-DƏN DANIŞDI

«Özünü insan haqları müdafiəçisi elan edən Rebecca Vincent-in Azərbaycandakı seçkiqabağı durumla bağlı «Əl-Cəzirə»nin saytında yaydığı və bu gün bəzi müxalif qəzetlər tərəfindən tirajlanan məqaləsi tamamilə böhtan, iftira üzərində qurulub və qərəzli xarakter daşıyır». Bunu mətbuata açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. Məlumatı «Azərbaycan» qəzeti dərc edib.

Elnur Aslanovun sözlərinə görə, R. Vincent bu cür yalanlarla məşğul olduğu üçün utanmalıdır:

«Azərbaycanda internet məkanında tənqidi baxışlarla çıxış edənlərin təhlükələrlə üzləşdikləri, hakimiyyətin onların fəaliyyətini məhdudlaşdırdığı barədə iddialar R. Vincent-in boş təxəyyülündən başqa bir şey deyil və heç bir real faktlara əsaslanmır. Azərbaycan hakimiyyəti internetin əhali arasında daha geniş yayılmasında maraqlıdır və vətəndaşların internetdən daha rahat istifadəsi üçün konseptual dövlət siyasəti həyata keçirir».

PREZİDENTİN VƏKİLİ OLMAQ

«Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi prezidentliyə namizədi, ölkə prezidenti İlham Əliyevin 9 oktyabr seçkilərində vəkili olmaq uğrunda partiya daxilində guya hansısa narazılığın, «qırğın»ın olması barədə deyilənlər tamamilə əsassız və yalan məlumatlardır». Bunu «Gün.Az»-a açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Millət vəkilinin dediyinə görə, vəkillərin seçilməsi məsələsi partiyanın rəsmi prezidentliyə namizədi olan şəxsin - İlham Əliyevin səlahiyyətinə aid olan məsələdir. «Ona görə də bu yöndə mətbuatda gedən məlumatların heç bir əsası yoxdur. Həmin məlumatlar uydurmadan və yalandan başqa bir şey deyil», - deyə, S. Novruzov sözlərinə əlavə edib.

İLİN SONUNADƏK 100 FAİZLİ RƏQƏMLİ YAYIMA KEÇİLİR

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov www.yap.org.az saytına müsahibəsində rabitə və informasiya texnologiyaları sektorunda son 10 il ərzində baş verən yeniliklərdən danışıb. O, 2008-ci ildə MDB regionunda ilk dəfə Azərbaycanda bütün ölkə ərazisinin tam telefonlaşdırılmasının təmin edildiyini bildirib: «Eyni zamanda, 2010-cu ildə MDB-də ilk dəfə olaraq ölkəmizdə telefon şəbəkəsi tam elektronlaşdırılıb»... «Görülən işlər nəticəsində ölkə əhalisinin 93,8 faizinin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayım imkanı yaradılıb. 2013-cü ilin sonunadək ölkədə rəqəmli yayım səviyyəsinin 100 faizə çatdırılmasını planlaşdırırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG