Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:40

Xatirə Nurgül. Navalçaların uclarında döyünür evlərin ürəyi...


Xatirə Nurgül
Xatirə Nurgül
-

Xatirə Nurgül


2006 şeirləri


SİRR

Yağış pıçıltı kimi
yağır havaya,
sirr kimi gizlənir torpaqda.

Torpaqsa buludlara bənzəyir
udanda yağış damcılarını.
Hər zaman yerlər gizləyir
göylərin acılarını.

Bir azdan yağış heykəlinə dönür
zülmətə uzanan işıq.
Navalçaların uclarında döyünür
evlərin ürəyi.

və üzündə yağış damcısı
ağlamağı öyrənir çiçəklər.

Sirrini torpağa açır
yağışda ağlayan qadın...


13 HİSSƏ

Günəşi 5 yerə böldüm
1-i sübhün,
1-i zöhrün,
1-i əsrin,
1-i məğribin,
1-i işanın...

Savaşı 4 yerə böldüm
1-i şimalın,
1-i cənubun,
1-i qərbin,
1-i barışın...

Dünyanı 3 yerə böldüm
1-i hamının,
1-i heç kəsin,
1-i uşaqların...

Bölünməyən
təkcə azadlıq oldu...


GECƏLƏR ÇOXALIR PƏNCƏRƏLƏR

Yalnız gecələr
özünün olursan-
heç kimi görməyəndə ,
heç kim görməyəndə səni.

Qoşulub küləyə
qarışasan gecənin rənginə.
Döyəsən qorxudan üzünü bağlamış
qapıları bir-bir.
Daş atıb qırasan
işıq gələn pəncərələrin hamısını
(gecələr çoxalır
pəncərələrin sayı)

Ya da üzüyuxarı uzanasan
mərkəzi küçələrin birində.
Seyr edərək ulduzları
bir az şair olasan ,
bir az uşaq.

Bir sən olasan ,
bir də kürəyində buz kimi küçə.
Bir də gözlərində ulduzların işığı.

Birdən
götürüb göyün gözəgörünməz qapağını
dağıdasan ulduzları aşağı...


TORPAĞIN ƏLLƏRİ BÖYÜKDÜR

Doğulanda həyat ,
yaşayanda silah ,
öləndə bayraq oldun.

Torpağın əlləri nə böyükmüş
gizlətdi səni də.

Mən ağlamağı öyrəndim ,
sən yaşamamağı.
Bir də
unutmağı öyrəndik hər ikimiz.

Torpağın yaddaşı zəif olur...

İndi uzaqdasan yaşamdan...
Çiçəklərlə doğmalaşmısan...
üzünü çevirmisən məndən, zamandan
sığınmısan torpağa...
''torpağın qucağı istidir… daha isti''…
XS
SM
MD
LG