Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:36

Eyyub Kərimov: «Sanki şahmat oyunu gedir, görək Elşad Abdullayev nə gediş edəcək»


Elşad Abdullayev
Elşad Abdullayev
-
Baş Prokurorluq Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevi beynəlxalq axtarışa verib. Səbəb kimi həmin universitet nəzdindəki Tibb Mərkəzində qanunsuz transplantasiya əməliyyatlarının aparılması göstərilir.

HƏR ƏMƏLİYYATA 130 MİN DOLLAR

Prokurorluq bildirir ki, mərkəzdə donorlardan qanunsuz olaraq böyrəklərin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi faktları araşdırılıb. Mərkəzə xüsusi lisenziya verilmədiyi halda, Elşad Abdullayevin göstərişi əsasında donorlardan böyrəklər qanunsuz olaraq götürülüb İsrail, Fransa, ABŞ vətəndaşlarına köçürülüb. Ümumilikdə 2009-cu ilin mart-dekabr aylarında 13 cərrahiyə əməliyyatı aparılıb. Məlumata görə, mərkəzin direktoru Dilarə İsmayılova hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparmadan nağd qaydada ümumilikdə 130 min ABŞ dollar alaraq kassaya mədaxil etmədən Elşad Abdullayevə verib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Dilarə İsmayılovanın barəsində istintaq tamamlanıb Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elşad Abdullayev barəsində isə Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunub və tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Elşad Abdullayev ötən il keçmiş deputat Gülər Əhmədova ilə bağlı parlamentdə mandat alverindən bəhs edən video yayıb. Həmin videoya görə, Elşad Abdullayev Gülər Əhmədovanın vasitəçiliyi ilə 1 milyon dollar müqabilində parlamentə deputat seçilməliymiş. Bu video yayıldıqdan sonra Gülər Əhmədova həbs olunub. Ancaq sonradan bu həbsin ardının gələcəyi ilə bağlı gözləntilər olsa da, bu, baş verməyib. Ümumilikdə 10-a yaxın gizli çəkilişlərə aid video paylaşan Elşad Abdullayev hazırda Fransada mühacirətdədir və məqsədinin də yalnız oğurlandığını iddia etdiyi qardaşı Mahir Abdullayevi tapmaq olduğunu deyir.
Azad Mürsəliyev
Azad Mürsəliyev
Bir neçə ay əvvəl Baş Prokurorluq ona qarşı «cinayət etməyə cəhd» və «rüşvətvermə» ittihamları ilə cinayət işi açıb.

«MAHİR ABDULLAYEV OLAYININ İFŞASINA YAXINDIR»

Elşad Abdullayevin qanuni nümayəndəsi, itkin qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev Abdullayevlər ailəsinə təzyiqin artdığını deyir. O, diqqəti Baş Prokurorluğun bir neçə aydan bir yaydığı məlumatlara çəkir və məqsədin keçmiş rektoru susdurmaq olduğunu bildirir:

«Bu o deməkdir ki, Elşad Abdullayev kimlərisə rahatsız edir. O, düz yoldadır. Mahir Abdullayev olayının iştirakçılarının ifşasına artıq yaxındır. Bunlar bəzi şəxsləri narahat etməyə bilməz».

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin barəsində də xüsusi qərardad çıxarıb. Cinayət təqibi başlatmaq üçün xüsusi qərardadın istintaqa göndərilməsi qərara alınıb. Qərardad Elşad Abdullayevin işi ilə əlaqədar tutulan və 3 il həbs cəzası alan işadamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesində verilib.

Elsevər Abdullayev Baş Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır. İddialara görə, o, Mahir Abdullayevlə bağlı istintaqın gedişinə mane olub, şahidlərin təhdid olunmasında rol oynayıb.

«PROKURORLUQ ÖZ FİLMİNİ GÖSTƏRİR»

Bəs niyə prokurorluq indiyə kimi susurdu? Bunu hüquqşünas Eyyub Kərimov sual edir və Elşad Abdullayevin bir neçə ay əvvəl dediyi «bu vaxtadək yaydıqlarım jurnaldır, hələ kino qabaqdadır» sözlərini xatırlayır.
Eyyub Kərimov
Eyyub Kərimov
Hüquqşünas düşünür ki, Prokurorluq Elşad Abdullayevdən qabaq öz filmini göstərir. Onun fikrincə, yəqin Prokurorluğun əlində tutarlı faktlar var deyə keçmiş rektoru axtarışa verib. Hüquqşünas prokurorluğun gec hərəkətə keçdiyinə təəssüflənir:

«Daldan atılan daş da olsa, hər halda hərəkətləri var, indi o daş topuğa ya hədəfə dəyəcək, bunu zaman göstərəcək».

Baş Prokurorluğun son məlumatında məqsədin gözlənən prosesləri önləmək olduğunu söyləmək olarmı? Eyyub Kərimovun cavabı:

«Belə düşünmək də olar. Prokurorluq öz gedişini etdi. Sanki şahmat oyunu gedir, görək Elşad Abdullayev nə gediş edəcək».

Ötən ay ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatorunun «ATƏT regionunda insan alverindən orqan çıxarılması məqsədilə istifadə» adlı hesabatında da Elşad Abdullayevin adı hallanırdı.

Hesabatda deyilirdi ki, Azərbaycan hakimiyyəti Ukraynaya təkcə hüquqi yardım göstərməyib, həmçinin ABU-nun Tibb Mərkəzində ukraynalı cərrahların apardığı transplantasiya əməliyyatlarını araşdırıb. Hesabatda həmin əməliyyatlarda 13 ukraynalı donorun və üç ölkədən xarici resipiyentlərin iştirak etdiyi vurğulanırdı.
XS
SM
MD
LG