Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:13

Əsgər anası: «Mən gördüm ki, remenlə əsgərləri vururlar»


Mətbuat icmalı
Mətbuat icmalı
-

3,8 MİLYARD MANAT NƏYƏ XƏRCLƏNİB?

«Bizim Yol» qəzeti «Azərsu» 3,8 milyard manatı nəyə xərcləyib?» başlıqlı yazısında Azərbaycanın su və kanalizasiya problemlərindən danışılır. Qəzet yazır ki, dövlət büdcəsindən bu istiqamətə 2 milyard manat, beynəlxalq təşkilatlardan 1,8 milyard manat yönəldilsə də problem həll olunmur. Buna nümunə kimi Bakıda yağış yağan kimi paytaxtın mərkəzi küçələrinin gölməçələrdən keçilməz olması, kanalizasiya sisteminin bərbad vəziyyəti göstərilir.

R. İBRAHİMBƏYOV BAKIYA NİYƏ GƏLMİR?

«Yeni Müsavat» qəzeti Rüstəm İbrahimbəyovun ailə üzvlərinin istintaq altında saxlandığını yazır. Qəzet yazır ki, R. İbrahimbəyovun Bakıya qayıtmama səbəblərindən biri də rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına qarşı açılan cinayət işidir. Bu iş üzrə İttifaqın əməkdaşlarından Leyla Əfəndiyevanın ifadəsi alınıb.

Vergilər Nazirliyinin Kinematoqrafçılar İttifaqında apardığı yoxlama ilə bağlı məlumatında deyilir ki, ittifaq 2009-cu ildə XI «Şərq-Qərb» Bakı beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsaitin xeyli miqdarını talayıb, 12373,56 manat məbləğində vergi dövlət büdcəsinə ödənilməyib. Bu əmələ görə 7 ildən 12-dək azadlıqdan məhrum etmə cəzası düşür.

«NƏCİBLİK VƏ XEYİRXAHLIQ RƏMZİ»

«Yeni Azərbaycan» qəzeti «Nəciblik və xeyirxahlıq rəmzi» başlıqlı yazısında Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan bəhs edir. M. Əliyevanın ad gününə həsr olunan yazıda onun zəngin və çoxşaxəli fəaliyyəti Azərbaycan qadını üçün nümunə göstərilir.

Qəzet 27 avqust buraxılışında MSK-nın İlham Əliyevin namizədliyini qeydə alınma xəbərini isə manşetə çıxarıb.

AZƏRBAYCANDA RADİKALİZMƏ VƏ RADİKALLARA YER YOXDUR

«Yeni Azərbaycan» qəzetinə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının müsahibəsi dərc olunub. Müsahibədə YAP-ın seçkilərə hazırlığından danışan M. Qurbanlı «Milli şura»nın yeni vahid namizədi məsələsinə də münasibət bildirib:

«Radikal müxalifətin yaratdığı «Milli şura»nın prezidentliyə ehtiyat namizəd kimi irəli sürdüyü şəxsin də seçkidə bu düşərgəyə hansısa uğur gətirəcəyi azacıq olsun belə, ehtimal edilmir və gözlənilmir. Burada prezidentliyə namizədin kim olmasına baxmayaraq, Azərbaycan cəmiyyətində radikalizmə və radikallara dəstək yoxdur. Azərbaycan cəmiyyəti artıq radikalları və radikalizmi qəbul etmir, ölkənin siyasi həyatında da radikalizmə yer yoxdur».

M. Qurbanlı deyib ki, «Milli şura»nın ehtiyat namizəd kimi C. Həsənlinin namizədliyini irəli sürməsi radikalların özlərinin-özlərinə təsəlli vermək cəhdindən başqa bir şey deyil: «Yəni, onlar bununla demək istəyirlər ki, biz də varıq və biz də seçkilərdə iştirak edirik».

«ƏSGƏRİ CƏRƏYAN VURUB, YOXSA ÖLDÜRÜLÜB?»

«Azadlıq» qəzeti avqustun 25-də Müdafiə Nazirliyinin 4 aylıq əsgəri Tural Qazıyevin ölümündən yazır. Əsgərin ailəsi oğullarının işgəncə verilərək öldürüldüyünü iddia edirlər. Atası Eldar Qazıyev qəzetin əməkdaşına bildirib ki, cəza kimi əsgərlərə cərəyan verilir və ola bilər oğlunun ölümünə də səbəb bu cəza olub.

Əsgərin anası Cəmilə Qazıyeva sonuncu dəfə oğlunu görməyə gedərkən şahidi olduğu hadisədən danışıb:

«Mən gördüm ki, 8-9 əsgəri yarıçılpaq söyüş söyə-söyə qaçırırlar. Remenlə əsgərləri vururlar. Ölüm xəbərindən bir gün əvvəl oğlumla danışmışdım».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG