Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19
-

Yaşar Bünyad


XOCALI YUXULARIMDA

Boz dumana bürünüb
Qurumuş gilas ağacı.

Qırıq nənni
körpə həsrətiylə
Cırıldayır acı-acı…

Üzü yanıq kuklanın
Oyuq-oyuq gözləri qaranlığa dirənib
Kül altında uyuyan qızcığazın əlində…


XXXXX

…Yenə azğın küləklə
“qaçdı-tutdu” oynayır
nimdaş qaragül papaq;
Dığırlanır o yana,
Dığırlanır bu yana…
Axtarır yiyəsini nimdaş qaragül papaq.

Bayraq kimi yellənən
Qırmızı kəlağayı hansısa gəlininmiş…
Yəqin evdən qaçanda
Tində kola ilişmiş.


XXXXX

Toxunsan, qırılacaq
Kösövlənmiş evlərin his basmış taxçaları.
Bircə sağ qalan da yox,
Açıb havalandıra
Barıt qoxusu gələn qıfıllı sandıqları,
Düyünlü boxçaları…


XXXXX


Ölüm qoxusu gəlir
Yuxumdan, yatağımdan
Səbrə öyrənən Zaman,
Səbri öyrədən zaman
Məni yuxuya verib
Yaman aldadıb, yaman!


XXXXX


Göyə açılan əllər…
Süngülənmiş sinələr…
Baltalanmış kəllələr…
Donub qalmış körpələr..,
əbədi heykəl kimi
yuxuma mismarlanıb
şaxtalı dərələrdə
sahibsiz məmləkətdə…


XXXXX

Ruhların tükürpədən
Qarğışından titrəyir,
Silkələnir yer üzü.
Sanki Xocalı deyil,
Qətl edilib Yer özü!


XXXXX


Rus tankının mərmiləri partlayır
Qulağımın dibində,
Yatağımın içində
Bölünüb qəlpə qəlpə
Milyon dəfə ölürəm yatağımın içində!
Ha vaxt gözüm qapanır,
Mənimçin ölüm gəlir-
Ha vaxt ki axşam olur
Qorxunc yuxularıma
Qıpqırmızı qar yağır…


XXXXX


Tikə-tikə doğranıb yollara səpələnmiş
Birləşmiş Millətlərin məlum qərarlarından
Qaranquş yuva qurur
Yalqız,
Uçuq daxmanın əyilmiş eyvanında.


XXXXX

Sərsəm olub yuxular…

Yuxularım əlləşir
Buludlar arasında
Aşağıda,
Haqsızların əlində oyuncaq dünyamızda
Şeytana papış tikir ATƏT-in elçiləri.
Dözümlü xalqımıza
Yenə dözmək öyrədir
ATƏT-in elçiləri…

Buludlardan yuxarı,
Uzaqda,
Lap uzaqda
Əlacsız qaldığından
Göz yaşı tökür Allah !

Fevral 2012


NƏ DEYİM Kİ,,,

Gözlərimə nə deyim ki
Min gözəlin arasında səni seçdi
Səndə qaldı…

Dodağıma nə deyim ki,
Bir öpüşlə dəli edib
Eşq adında dərdə saldı.

Ürəyimə nə deyim ki,
Bir gün səni görməyəndə sızıldayır…
Heç sözümə baxmır mənim.

Ayağıma nə deyim ki
Hara getsəm küçənizdən keçir yenə.
Çətin,
Çətin geri dönə.

Ay insafsız,
Axı sənə nə deyimki..?

15.07.2013.

Günün bütün mövzuları

XS
SM
MD
LG