Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:38

Hüqonun heyranı - Ayətullah Xameneyi...


Ayətullah Xameneyi
Ayətullah Xameneyi
-
Ayətullah Xameneyi divanə, irrasional, məsuliyyətsiz və ya hər imkanda təcavüzə əl atan fanatik deyil.

Bunu İran jurnalisti və dissidenti Əkbər Gənci Amerikanın nüfuzlu «Foreign Affairs» jurnalında yazır.

Əkbər Gənci 2000-2006-cı illərdə Tehran həbsxanasında olub. Gənci bu qənaətdədir ki, ABŞ Xameneyi ilə dil tapa bilər və Vaşinqton sadəcə onu inandırmalıdır ki, məqsədi İrandakı dini rejimi çökdürmək deyil.

PREZİDENT HEÇ NƏ DEYİL

Əkbər Gənci yazır ki, iyun ayında Həsən Ruhani İran İslam Respublikasının prezidenti seçildi. Onu islahatpərəstlərin prezidenti hesab edirlər. Lakin müasir İranı prezident yox, ali dini rəhbər idarə edir. Ali dini rəhbər dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanı və ölkənin baş ideoloqudur.

Xameneyi 1939-cu ildə İranın Məşhəd şəhərində doğulub. O, ailədə səkkiz uşağın ikincisi idi və ruhani atasının yolunu seçdi.

Ali dini rəhbər 1958-1964-cü illərdə Qum şəhərində təhsil alıb. O, artıq 1962-ci ildə Ayətullah Ruhulla Xomeyninin dini müqavimət hərəkatına qoşulmuşdu.

Xameneyi 1979-cu il inqilabında mühüm rol oynayıb və 1981-1989-cu illərdə İranın ilk prezidenti olub. O, 1989-cu ildə Xomeyninin ölümündən sonra onun postunu tutub.

Gənci yazır ki, Xameneyi hələ gənc yaşlarından inanmağa başlamışdı ki, Qərblə üçüncü dünya ölkələri arasında gərginlik mövcuddur və ABŞ-ın yeganə məqsədi nəyin bahasına olursa-olsun İslam Respublikasını devirməkdir.

Xameneyi liberal demokratiyaya inanmır və əmindir ki, kapitalizm və Qərb qaçılmaz şəkildə iflasa doğru gedir. Eyni zamanda onun Qərbə və Amerikaya münasibəti kor-koranə xarakter daşımır, o başa düşür ki, İranın bir çox problemləri ölkənin içindən qaynaqlanır.

Gəncinin fikrincə, Ayətulla bu qənaətdədir ki, Quran və şəriət də təkbaşına müasir dünyanın problemlərini həll edə bilməzlər. O, elmi «Qərb sivilizasiyasının həqiqəti» sayır və istəyir ki, iranlılar bu həqiqəti öyrənsinlər.

Bununla belə, Əkbər Gəncinin qənaətinə görə, Xameneyinin formalaşmış əqidəsi Qərb və Amerika ilə hər hansı sövdələşməni uzun və çətin proses edəcək.

BALZAKIN VƏ HÜQONUN VALEHİ

Buna baxmayaraq, müasir ayətullalardan heç biri Xameneyi qədər kosmopolit keçmişə malik deyil. Gəncliyində Xameneyi musiqi, ədəbiyyat və poeziya ilə dərindən maraqlanıb.

Xameneyi Məhəmmədəli Camalzadə, Sadeq Çubək və Sadeq Hedayət kimi İran yazıçılarını mütaliə edib, lakin sonunda belə qənaətə gəlib ki, onlar Fransa, Britaniya və Rusiya yazıçılarının fövqündə çox sönük görünürlər. O, 2004-cü ildə İran televiziyasına müsahibəsində deyib ki, Tolstoyu və Şoloxovu çox xoşlayır, lakin Viktor Hüqo hamısından üstündür.

Ayətullah Xameneyi və Həsən Ruhani
Ayətullah Xameneyi və Həsən Ruhani

O, bütün iranlılara «Səfillər»i oxumağı tövsiyə edib.

Xameneyinin Amerikaya müxalifəti əsas etibarilə 1953-cü ildə Müsəddiq hökuməti Vaşinqtonun əli ilə devrildikdən və şah mütləqiyyəti yarandıqdan sonra başlanıb. Xameneyi 1953-cü ili heç vaxt unutmayıb və hər imkan düşəndə, bu barədə sözünü deyir.

O, 1996-cı ildə başqa bir müsahibəsində deyib ki, Qərbin xəstəliklərini başa düşmək üçün elə onların öz yazıçılarını oxumaq lazımdır.

İSLAM HAKİMİYYƏTDƏ OLMALIDIR

Bununla belə, Ayətullah Xameneyini ən çox İslam və bu dinə dair nəzəriyyə və kitablar məşğul edirdi.

O, gəncliyindən Misir ziyalısı Qütbün valehi idi. Qütb «Müsəlman qardaşlığı» təşkilatının baş nəzəriyyəçisi idi və 1966-cı ildə Qamal Əbdülnasir tərəfindən edam edilmişdi.

O, həmçinin İslam dövləti ideyasını ortaya atmışdı və Ayətullah Xameneyini də ən çox cəlb edən bu idi.

Ayətullah Xameneyi deyirdi ki, İslam məscidlərin bir küncündə və ya sadəcə ürəklərdə düşüb qala bilməz. İslam sosial, siyasi, iqtisadi problemləri həll etmək istəyirsə, o, mütləq hakimiyyətdə olmalıdır.

Maraqlıdır ki, Qütb təkcə Xameneyini yox, həm də müasir radikal sələfiləri, Üsamə bin Laden və Zəvahiri kimi şəxsləri ilhamlandırıb.

Qütbün nəzəriyyəsinə görə, amerikalıların İslama ehtiyacları var. Lakin onlara imperializmə qarşı döyüşən İslam yox, kommunistlərə düşmən olan İslam lazımdır.

Gənci yazır ki, Ayətullah Xameneyi, Rəfsəncani və başqa inqilabçılar nə qədər anti-Amerika olsalar da, 1979-cu ildə ABŞ səfirliyinin zəbt olunması onları sarsıtmışdı. Onlar Amerikaya qarşı belə rəftarı gözləmirdilər. Bu böhran baş verəndə, Xameneyi və Rəfsəncani Qum şəhərinə gedərək Xomeynidən soruşublar: «Bu casuslarla nə edək?». Onda Xomeyni suala sualla cavab verib: «Siz Amerikadan qorxursunuz?». Hər ikisi «yox» cavabı veriblər. Onda Ayətullah Xomeyni deyib : «Onları buraxmayın».
Bu hadisədən sonra Xameneyi ABŞ səfirliyinin zəbtini həmişə müdafiə edib. O deyir ki, müstəmləkələrin keçmiş ağaları ilə əlaqələrini saxlaması onlar üçün yaxşı nəticə vermir.

Ayətullah Xameneyi namaz vaxtı
Ayətullah Xameneyi namaz vaxtı

UZUN, LAKİN YEGANƏ YOL

Əkbər Gənci yazır ki, Xameneyinin prezident olduğu illərdə ABŞ İrana qarşı açıq düşmən mövqedə olub.

Xameneyi inanır ki, İranın Sovet İttifaqının taleyini yaşamaması üçün Yeltsin kimi şəxsiyyətlər vaxtında aşkar edilməlidirlər.

Ali dini rəhbər 2010-cu ildə İranda baş vermiş çaxnaşmalarla əlaqədar demişdi ki, «özünü müdafiə edə bilməyən inqilab ölüdür».

Lakin Əkbər Gənci yazır ki, bütün bunlara baxmayaraq, Ayətullah Xameneyinin dünyaya, Qərbə və Amerikaya münasibətində yumşalma hiss olunur. O, indi Qərbə ağ-qara rənglərdə baxmır, Qərbin qarışıq bir cəmiyyət olduğunu anlayır.

İndi Xameneyinin ABŞ-dan istədiyi ən əsas bir vəd var. Bu da Vaşinqtonun İslam Respublikasını devirmək məramından əl çəkməsidir.

Əkbər Gənci yazır ki, Vaşinqtonla Tehran arasında sövdələşmə mümkündür, lakin bunun üçün ABŞ İranı bir ölkə kimi məhv edən sanksiyalardan əl çəkməli, İran isə öz xalqına azad seçki imkanı verməlidir.

Müəllif yazır ki, bu, uzun, lakin yeganə yoldur.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG