Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13
-
«Qusarda mərkəzi parkın ağaclarını kəsib yerində restoran tikirlər» – Qusar sakini İlham Murtuzayev belə deyir. Onun sözlərinə görə, uşaqlığını rayon mərkəzinin istirahət parkında keçirib – çoxillik və qiymətli ağacların. İndi bu ağacların sayı ildən-ilə də deyil, aydan-aya azalır:

«Parkın bir küncdə taxtadan kiçik bir kafe vardı. Keçmiş deputatın idi. Təzə icra başçısı gələndə, onu həmin deputatdan alıb genişləndirdi. Hələ də tikə-tikə gedir. Daş və torpaq daşıyan maşınlar parkın içərisinə girdiyindən gül kolları tapdaqdan məhv oldu. Sonra da hökumətin puluna orada yenə gül əkdilər. Parkdakı konsert meydançasını da kafeyə birləşdirib böyütdülər, restoran elədilər».

YAZDIQLARININ İŞİNƏ DÜŞÜBLƏR...

Qusar sakininin sözlərinə görə, yaşıllığı qorumaqdan ötrü yerli məmurlarla əməlli-başlı «kəllə-kəlləyə» gəlirlər. Deyir, yerli məmurların yaşıllıq soyqırımın önünü kəsmək üçün paytaxt Bakıya şikayət məktubları yazıblar. Xeyri olmadığı bir yana, indi şikayətçilərin özünü prokurorluğa çağırırlar:

«4-5 aydır ki, prezidentə şikayət yazmışıq. Daha bizi haralara çəkmirlər? Məktubda imzası olanları hər həftə rayon prokurorluğuna çağırıb ağ vərəqələri qarşılarına qoyurlar. Şəxsən mənim qarşıma dörd belə ağ vərəq qoymuşdular ki, imzala. Mən də imzaladım. Sonra da imzalarımızı Bakıya yazdığımız məktubdakı imzalarla tutuşdururlar. Deyirəm, biz şikayət yazmışıq ki, özbaşınalığın qarşısı alınsın, sizsə elə hərəkət edirsiniz ki, sanki biz cinayət törətmişik».

İlham Murtuzayevin dediyinə görə, parkdakı cökə ağaclarını kəsib onlardan sauna quraşdırırlar.

Şikayət məktubuna imza atanlardan biri də Qusar sakini Aybəniz Daşdəmirovadır. O, yerli məktəblərdən birində müəllim çalışır və deyir ki, rayon prokurorluğu onu təhsil şöbəsinin, işlədiyi məktəbin əli ilə sıxışdırır:
«Mərkəzi park bizim istirahət yerimiz idi. Orada uşaq bayramı, 9 May – Qələbə günü, rayon səviyyəsində başqa tədbirlər keçirilərdi. Kafenin ərazisini genişləndirdilər. Bizi çağırıb soruşurlar ki, «Bu imza sizindir? Məktubu hansı şəraitdə yazmısınız?». Dərs dediyim məktəbə, təhsil şöbəsinə zəng vururlar. Deyirəm, mən yaşıllığın, istirahət yerimizin əldən getməsinə görə narazılıq etmişəmsə, bunun mənim iş yerimə nə aidiyyəti var? Bu yollarla təzyiq göstərirlər».

EKOLOGİYA ŞÖBƏSİ NƏYİ GÖRÜR, NƏYİ YOX...

Aybəniz Daşdəmirova sakinlərə dəxli olan hər hansı iş görülərkən adamların fikrinin öyrənilməməsinə də etirazını bildirir:

«Xarici ölkələrdə belə işlər görərkən, əhalinin rəyini nəzərə alırlar. Bizdə isə hələ eşitməmişəm ki, haradasa bir iş görəndə, kiminsə fikrini öyrənsinlər. Xalqın rəyi nəzərə alınmır. Elə həmin parkın kənarında yaşayan bir qohumumun evinin şiferlərini parkın bir budağı sınıq-sınıq edib. Tez-tez şiferləri dəyişməli olurlar. Yerli ekologiya şöbəsinə və icra hakimiyyətinə dəfələrlə məktub yazıblar, gəlib o budağı kəsən yoxdur. Ancaq özlərinə lazım olanda istənilən qiymətli ağacı kökündən kəsirlər».

AzadlıqRadiosuna danışan sakinlərinin iddiasına görə, ərazisi genişləndirilən restoran yerli icra hakimiyyəti başçısının qızının adınadır.

Sakinlərin narazılıqları və iaşə obyekti sahibinin kimliyini öyrənmək üçün Qusar rayon İcra Hakimiyyətinə dəfələrlə zəng vursaq da, sualları cavablandıran olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AzadlıqRadiosuna deyir ki, nazirliyin rayon şöbəsi parkda ağacların kəsilməsini araşdıracaq.

PROKURORLUQ NƏ DEYİR...

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Qusar rayon prokuroru Zahid Vəliyevlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirdiyini deyir:

«Rayon prokurorunun verdiyi məlumata görə, həmin parkda guya yaşıllıqların məhv edilməsi və yerində kiminsə adına restoran tikilməsi ilə bağlı verilən şikayət təsdiqini tapmır. Prokurorun bildirdiyinə görə, əvvəllər orada fəaliyyət göstərmiş bir ictimai iaşə obyekti olub. Ölçülərdən kənara çıxmamaq şərti ilə obyektdə təmir-tikinti işləri aparılır».

Eldar Sultanovun sözlərinə görə, şikayət məktublarında adları keçən sakinlərin şikayətinin araşdırılması üçün onları rayon prokurorluğuna dəvət ediblər. İzahatları alınarkən onların əksəriyyəti yazılmış məktubdakı imzasından imtina edib. Bir qismi isə izahatlarında yazıblar ki, bizə məktubu imzalatdıranda məktubun yol çəkilişi ilə bağlı olduğunu deyiblər.

Yerli sakinlərin dediyinə görə, azı 120 yaşı olan mədəniyyət və istirahət parkının ərazisi 2 hektara yaxındır.
XS
SM
MD
LG