Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46

İmişlidə Füzuli köçkünləri çirkab əhatəsində qalıb...


İmişlidə Füzuli köçkünlərinin məskunlaşdığı ərazi

İmişlidə Füzuli köçkünlərinin məskunlaşdığı ərazi

-

Onlar 20 il əvvəl güllə yağışı altında ev-eşiklərini, həyət-bacalarını qoyub, Arana pənah gətiriblər. Ürəklərində viran olan yurd yerinin ağrıları, gözlərində müharibənin dəhşətləri, çiyinlərini yağır edən ağır yük bağlamaları...

1993-cü ildə İmişli rayonunda məskunlaşan məcburi köçkünlərin sayı az qala yerli əhali qədər idi. Vaxtilə ilan mələyən çöldə salınan çadır şəhərcikləri də onları tutmurdu. Məktəblərə, bağçalara, yardımçı binalara, bağlı vaqonlara sığınanlar vardı. Yurd-yuvalarından didərgin düşənlərin böyük hissəsi dövlət hesabına tikilən evlərdə yerbəyer edilib. Amma hələ də şəraitsiz binalarda, «gecəqondu»larda qalanlar var.

«NEFTÇİLƏR YATAQXANASI» VƏ ALMAN «BEŞMƏRTƏBƏ»Sİ

İmişlidə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdən biri

İmişlidə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdən biri

İmişli şəhərinin Əzizbəyov küçəsində «neftçilər yataqxanası» ilə yanaşı, daha bir «beşmərtəbə» var. Sonuncunu 1994-cü ildə Almaniyanın hansısa humanitar fondu tikib (binanın divarına vurulan lövhə sonradan çəkilən daş üzlüklərin altında qaldığından bu təşkilatın adını dəqiqləşdirə bilmədik). Bu iki binada əsasən Füzuli rayonundan köçkün düşən 93 ailə qalır.

Biz binaya yaxınlaşanda uşaqlar həyətlərdə velosiped sürür, qarılar binanın giriş qapısı önündə yun əyirir, qız-gəlinlər mənzillərə su daşıyırdı. Açıq pəncərələrdən süzülən musiqi səsi, körpə çığırtısı, qadın gileyi həyətdəki toyuq qaqqıltısına, su şırıltısına, telefon zənginə, avtomobillərin siqnalına qarışmışdı.

«HEÇ OLMASA BALALARIMA EV VERİLSƏYDİ...»

Mahizər Rəhimova

Mahizər Rəhimova

Xocavənd köçkünü Mahizər Rəhimova deyir ki, bura gələndən sonra məhrumiyyətlər içində yaşasalar da, ailə üzvlərinin sayı artıb:

«Həyat yoldaşım 2 il xəstə yatdı. Onun ölümündən sonra yedəyimdə 4 uşaq vardı. İndi 9 baş olmuşuq. Bir qızı köçürmüşəm, biri yanımdadır. Oğlumun ikisi də evlidir, uşaqları var. Bakıda işləyib, kirayədə qalırlar. 20 ildir ki, evsizlik zilləti çəkirik. Heç olmasa balalarıma ev verilsəydi, dərdim olmazdı».

SU YOX, KANALİZASİYA YOX, DAM DAMIR...

Füzuli rayonunun Qacar kəndinin keçmiş sakini Zəminə Quliyeva şəraitsizlikdən gileylənir:

«Binaya su verilmir, kanalizasiya sistemi yoxdur. Suyu 5-ci mərtəbəyə qablarla daşıyırıq, çirklənəndən sonra isə gətirib həyətə boşaldırıq. Evdə körpəsi, xəstəsi, ahıl yaşlısı olanlar üçün daha çətindir. Dam örtüyü pis vəziyyətə düşüb, yağıntılı günlərdə bəzi mənzillərə su damır...».

«YER BETON, GÖY BETON...»

Köçkün uşaqlar

Köçkün uşaqlar

Fatma adlı köçkün şəraitsizliklə yanaşı, yad adamlarla bir mənzildə yerləşdirilməyindən narazıdır:

«Yer beton, göy beton, daş divarlar... Rütubətli yerdə atasız qalan 2 körpə uşaq saxlayıram. Bu şəraitsizlik onları xəstə edib, tez-tez həkimə aparıram. Üstəlik, bir mənzildə iki ailə qalırıq, yad adamlar bir yerdə yaşamağa məcbur edilib. Binada boşalan, illərlə qapısı bağlı olan otaqlar var. Gəlib maraqlanan, ailələrdən birini boş mənzildə yerləşdirən yoxdur».

«BOŞALAN KÖÇKÜN MƏNZİLLƏRİ SATIŞA ÇIXARILIB»

Çingiz Abbasov iddia edir ki, köçkünlər üçün tikilmiş binadakı mənzillərdən hansısa biri boşalan kimi onu kənar şəxslərə satırlar:

«Binada xeyli sayda mənzil yerli əhalidən olanlara 4-5 min manata satılıb. Komissiya göndərsinlər, mən bircə-bircə göstərim hansı mənzil kimə, neçəyə satılıb. Halbuki nə qədər ehtiyacı olan köçkün ailəsi var ki, hələ də düzdə qalır, onları yerləşdirmək olardı».

«BAHAR MURADOVA VERDİYİ VƏDƏ ƏMƏL ETMƏDİ»

Firuzə Əhmədova deyir ki, rəsmilər onları yalnız seçkidən-seçkiyə yada salır:

«Axırıncı dəfə deputat Bahar Muradovanın üzünü seçki ərəfəsində görmüşük, bizdən səs istəməyə gəlmişdi. Vəd verdi ki, binanın dam örtüyünün təzələnməsinə, otaqlara taxtadan döşəmə salınmasına kömək edəcək. O gedən-gedib, daha bu tərəflərə hərlənməyib».

LAL BACILAR

Danışıq qüsurlu bacılardan biri

Danışıq qüsurlu bacılardan biri

Binada yaşayanlar arasında iki lal bacı da var. Fiziki qüsurlu olmaları qalsın bir yana, onlar bütün yaxınlarını itiriblər. Mənzilə daxil olanda bacılardan biri yoğurduğu xəmiri göstərir. Beton döşəmə üzərində içərisi su ilə dolu ləyən, bir də açıq vəziyyətdə saxlanılan baş soğan diqqətimi çəkir. Kasıb evində nə olmasa da, soğan bol olar. Bacılardan biri mərhum analarının böyüdülüb çərçivəyə salınmış şəklini sinəsinə sıxır. Sağollaşanda əl edirlər...

«XEYİR-ŞƏR» EVİ DƏ DAĞILIB

Füzuli köçkünü Rəfiqə Məmmədova deyir ki, yaşayış şəraitləri qalsın bir yana, xeyir-şər məclislərini də yola verməkdə çətinlik çəkirlər:

«Xeyir-şər evi»miz pis vəziyyətdədir. Nə ölümüzə ağlamağa yerimiz var, nə şadyanalıq məclisimizi keçirməyə. Qalan vaxtlarda özümüz, uşaqlarımız da oturub istirahət edə bilərik. Onu bərpa etməyə çox vəsait tələb olunmur».

HAMAM ÇİRKAB ƏHATƏSİNDƏ

Çirkab suyun kənara çıxışı olmadığından ümumi istifadə olunan hamam və ayaqyolu binanın ətrafında iri gölməçə yaradıb. Bura it, quş cəsədindən tutmuş məişət tullantılarınadək hər şey atıldığından, açıq havada üfunət iyindən nəfəs dərmək olmur. Sakinlər infeksiya yayılacağından narahatdır. Onlar həmin gölməçənin əhatəsində qalan elektrik transformatorunun tez-tez partladığını və günlərlə qaranlıqda qaldıqlarını da deyirlər.

YOLLARI OT BASIB

«Beşmərtəbə»lərə yaxın ərazidə qamışdan, torpaq kərpicdən və mişar daşından tikilən yastı evlər var. 2010-cu ildə baş verən təbii fəlakət zamanı bu boş sahədə məskunlaşan ailələrin bəzilərini Fövqəladə Hallar Nazirliyi yeni tikilmiş evlərə köçürüb.

Baxımsızlıqdan qutu-evləri əhatələyən qamış çəpərlər əyilib, arasından çaqqal və itlər oyuq açıb, həyət-bacaları ot basıb. Amma müharibədən sonrakı viranəliyi xatırladan bu ərazidə qalanlar da var.

«BİR «HİM»Ə BƏNDDİR Kİ, EV UÇSUN»

Həyat yoldaşından ayrılıb, 3 uşağı ilə «gecəqondu»da yaşayan İradə Abbasova sonradan buranı özünə ünvan seçib:

«Vaqonda da qalmışam, şəraitsiz yerlərdə də. Bu daxmanı 10 il əvvəl anamın köməyi ilə qaraltdıq. Seldən sonra komissiya gəlib mənim evimə də baxdı. Amma dedilər yaşamaq üçün yararlıdır. Halbuki ev bir «him»ə bənddir ki, uçub dağılsın. Gecələr çaqqalların ulartısından bayıra çıxmağa qorxuruq».

«FHN SONRADAN ADIMIZI SİYAHIDAN ÇIXARTDI»

Hökumə Quliyeva

Hökumə Quliyeva

Füzuli köçkünü Hökumə Quliyeva isə deyir ki, məskunlaşdıqları vaxt bu sahə boş olub: «Bir müddət elə çöldə qaldıq. Sonra özümüzə bu evi tikdik. Gələndə qucağımda 8 aylıq bir uşaq vardı, 2 övladımız burada dünyaya gəlib. Oğlum artıq hərbi xidmət borcunu yerinə yetirib, böyük qızım tələbədir, balacamız isə bu il 11-ci sinfə gedəcək».

O, təbii fəlakətdən zərər çəkənlər arasında ayrı-seçkilik edildiyini iddia edir:

«Seldən zərər çəkənlərin siyahısına bizim də adımızı salmışdılar. Ev təsərrüfatlarına dəyən ziyana görə əvvəl hamıya kompensasiya ödənildi. Sonra bir qədər aralıda evlərin tikintisi başladı. Amma evlər hazır olanda 3 ailə kənarda qaldı. Səbəbini hələ də bilmirik. «Qaçqınkom»un nümayəndəsinə şikayət etdik, dedi, bu işi Fövqəladə Hallar Nazirliyi görüb, bizə aidiyyatı yoxdur».

«İKİ İL DƏ DÖZSÜNLƏR!»

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli rayonu üzrə əlaqələndiricisi Aslan Abduləzimov isə çətinliyin müvəqqəti olduğunu deyir:

«Bildiyiniz kimi, çadırlarda, vaqonlarda yaşayanlar Dövlət Proqramı çərçivəsində yeni tikilmiş qəsəbələrə köçürülüb. Yerdə qalanlar da 2015-ci ilədək evlə təmin ediləcək. Neft Şirkətinə məxsus binada məskunlaşan məcburi köçkünlərin boşaltdıqları mənzillər üzərində bizim sərəncam vermək hüququmuz yoxdur. Elə ailə var ki, binada iki mənzili tutub.

Həmin ərazidə kanalizasiya sistemi olmadığından, bu problem təkcə məcburi köçkünlər yaşayan binada deyil, digərlərində də var. Oradakı zibil yığını isə başqa yerdən gətirilməyib, onu sakinlər özləri hara gəldi töküblər. Dəfələrlə ərazidə kompleks təmizlik işləri aparılıb».

BİR DAHA XATIRLAYAQ

Füzuli şəhərini və rayonun 51 kəndini 1993-cü ilin avqustunda Ermənistan hərbi birləşmələri işğal edib. Əhalinin 66 min nəfəri rayonun, Azərbaycan hökumətinin nəzarətində qalan ərazisindəki şəhər, qəsəbə, kənd və yataq tipli yaşayış məntəqələrində yaşayır. 55 min füzulili isə Bakı və Sumqayıt şəhərləri də daxil, respublikanın müxtəlif ərazisində müvəqqəti məskunlaşıb. 20 il ötsə də, hələ də belə məskunlaşma «müvəqqəti» adlandırılır...
XS
SM
MD
LG