Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:25

Göyçay məhkəməsinin sədri cavabdeh kürsüsündə...


Göyçay rayon məhkəməsi
Göyçay rayon məhkəməsi
-

Avqustun 23-də Göyçay rayon məhkəməsində həmin məhkəmənin sədri Fərhad Əfəndiyevə qarşı mülkü işə baxış keçirilib. Göyçay rayon sakini Taleh Rəfiyev məhkəməsinin sədri Fərhad Əfəndiyevə qarşı mülkü iddia qaldırıb. O, məhkəmədə arxiv müdiri işləyib. Deyir ki, sədrin təzyiqləri nəticəsində tutduğu işi itirməli olub. Hakim Elxan Babayevin sədrliyi ilə hazırlıq iclası keçirilib.

«MƏNLƏ BİRGƏ 6 NƏFƏR İŞÇİNİ ƏRİZƏSİNİ ALMAQLA İŞDƏN ÇIXARIB»

İddiaçı Taleh Rəfiyev Azadlıq Radiosuna açıqlamasında deyir:

«Fərhad Əfəndiyev Göyçay rayonuna 2012-ci ilin oktyabr ayında təyin olunub. Təyin olunduğu gündən bu günə kimi mənlə birgə 6 nəfər işçini ərizəsini almaqla işdən çıxarıb. Bunlardan məhkəmə iclas katibi Tahir Ocaqverdiyev, sürücü Seymur Hüseynov, dəftərxana müdiri Gülər Mahmudova, kompüter proqramçısı Sənan Nağıyev və makinaçı aparıcı mütəxəssis Zeynəb Süleymanovadır. Mənim ərizəmi yazma səbəbimə gəlincə, sədr Fərhad Əfəndiyevin qanunsuz tələbinə tabe olmadığım üçün öz xidməti otağında hədə-qorxu gəldi. Onun təsiri altında işdən çıxmaq üçün ərizəmi yazdırdı. Halbuki işdən çıxmağım barədə ərizənin yazılmasında öz istəyim olmayıb. Hətta ərizəmi yazan gün bu barədə Məhkəmə Hüquq Şurasına (MHŞ) elektron müraciət etmişəm. MHŞ-dan cavab gəlib ki, məhkəmədə iddia qaldıra bilərsiz. Hal-hazırda iddia qaldırmışam. Sədr bir dəfə özü-özünə işə baxmağa etiraz edib, işi Apellyasiya məhkəməsinə göndərmişdi. Apellasiya məhkəməsi isə etirazı qanuni olmadığına görə geri qaytarıb».

Arxiv foto
Arxiv foto
Məhkəmə prosesində iştirak edən AzadlıqRadiosunun əməkdaşı bildirir ki, hazırlıq iclasına məhkəmə sədri Fərhad Əfəndiyev gəlməyib. Məhkəmədə onun hüquqlarını vəkil Mətanət Həsənova müdafiə edib. İlkin dinləmədə Taleh Rəfiyev haqsız işdən çıxarıldığını, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirib. O qeyd edib ki, aprelin 12-də işdən çıxması barədə ərizə yazıb, elə həmin gün də əmri verilib. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini hakimdən xahiş edib.

CAVABDEH TƏRƏF NƏ DEYİR?

Cavabdeh tərəfin vəkili Mətanət Həsənova isə, iddiaları qəbul etməyərək, işdən çıxma barədə əmrin qanuni olduğunu bildirib və sənədləri hakimə təqdim edib.

Müstəqil hüquqşünas Rahim Bayramov bildirir ki, qulluq mövqeyindən asılı olmayaraq hamı qanun və məhkəmə qarşısında bərabərdir:

«Mövcud qanunvericilikdə məhkəmə sədrinin mülki qaydada məhkəməyə verilməsi qadağan edilmir. Əmək müqaviləsinin ləğv edilməsinə gəlincə isə, işçi işə götürənə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə verdikdə, işə götürən bir təqvim ayı bitdikdən sonra işçinin işdən azad olunması barədə əmr verə bilər. Çünki həmin müddət ərzində işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə vermək hüququ var. Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev 12 aprel tarixli ərizəni əsas götürərək, elə həmin gün Rəfiyev Talehin işdən azad edilməsi barədə əmr verməklə, onu bir ay müddətində əvvəlki ərizəsini geri götürmək hüququndan məhrum edib».

Məhkəmə prosesinin baxış iclası sentyabrın 6-na təyin olunub.
XS
SM
MD
LG