Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:51

Astaranın 30 para kəndinin yol dərdi...


Ojəkəran-Pəlikəş yolu 30-dan çox kəndi birləşdirir
Ojəkəran-Pəlikəş yolu 30-dan çox kəndi birləşdirir
-
Ojəkənar kəndi Astara rayonunun dağlıq ərazisində, mərkəzdən 10-12 kilometr uzaqda yerləşir. Kənd sakinlərinin dolanışığı meyvə bağlarındandır. Burda limon və naringi bağı olmayan sakin yoxdur. Elə buna görə də vaxtilə bu kənd ən varlı kənd hesab olunurdu. İndi isə vəziyyət dəyişib. Kənd sakinləri deyir ki, suvarma sistemi sıradan çıxdığından ağaclar az məhsul verir. Satdıqları məhsul indi çörəyə güclə çatır. Lakin kənd sakinlərinin başqa çətinlikləri də var. Onlar deyir ki, hər şeydən əvvəl bu kənddən Pəlikəşə gedən yol təmir edilməlidir. Ojəkəran-Pəlikəş yolu 30-dan çox kəndi birləşdirir və bu ərazidə 10 mindən yuxarı əhali yaşayır.

Həmin yolun kəndin içi ilə gedən hissəsindəyik. Bu yolda UAZ və «Ural» markalı nəqliyyat vasitələrinə rast gəlirik. Arabir «Jiquli» markalı maşınlar da görünür. Kənd sakinləri deyir ki, «Jiquli»lər yalnız yaz və yay aylarında yolda hərəkət edə bilirlər. Yolda dərin çalalar var. Sakinlər deyir ki, Sovetlər dövründə bura asfalt yol olub, 40 ildən çoxdur ki, yola sakinlərin özləri xidmət edirlər:

YAĞIŞ YAĞANDA...

Kənd müəllimi İbrahim Talıbov:

«Kijabədə işləyirəm, orta məktəbdə. Mən hər gün bu yolu piyada gedirəm. Yol bərbad haldadır. Yağış yağır, maşın qalxmır. Bircə ikidiferli maşınlar qalxırlar, vəssalam».

İbrahim Talıbov
İbrahim Talıbov
«AXŞAM XƏSTƏMİZ OLUB, ONU BİRTƏHƏR YOLA ÇIXARTMIŞIQ»

Kəndin digər sakini Elbrus Talıbov isə deyir ki, dəfələrlə şikayət etsələr də, onların sözünə baxan yoxdur:

«Bizim Azərbaycan hökuməti qəşəng yollar çəkir. Ancaq dəfələrlə müraciət etmişik, bizim yollara baxmırlar. Axşam xəstəmiz olub, onu birtəhər yola çıxartmışıq. Maşın gəlmir».

«NARİNGİ VAXTI HƏRƏMİZ 5-10 MAŞIN QIRABİL TÖKÜRÜK»

Burzubənd kəndi də Ojəkəran kəndi ilə yanaşdır. Bu kəndin də sakinləri eyni problemdən şikayətçidirlər. Burzubənd kənd sakini Hüseynağa Fətəliyev:
Bu yol təzə «Niva»nı sıradan çıxarıb
Bu yol təzə «Niva»nı sıradan çıxarıb

«Yola özümüz baxırıq. İndi imkansızıq da. Naringi vaxtı hərəmiz 5-10 maşın qırabil tökürük. İş qalıb yarı yolda. Biz zülm çəkirik. Müstəqil dövlətik. Nə isə bizə tərəf baxan yoxdur. Xaraba yollar çoxdur. Qəsəbədir, qəsəbədən yuxarıda 10 kilometr Ovalaya kimi bu vəziyyətdir. Xıçəsu kəndi var, Ovala kəndi var, Ağkörpüyə kimi bizim qəsəbədir. Yol sənəddə var. Bu yolun dili yoxdur ki, desin ki, bu yalan söhbətdir».

«KÜLƏK ƏSƏN KİMİ İŞIQLAR SÖNÜR»

Hüseynağa Fətəliyev deyir ki, elektrik enerjisinin verilməsində də problemlər var. Gediş-gəliş çətin olduğundan sıradan çıxmış elektrik dirəklərini vaxtında dəyişmək mümkün olmur:
Ojəkənar kəndi
Ojəkənar kəndi

«İşıq barədə vəziyyətimiz pisdir. 1975-ci ildə işıq çəkiblər. Dirəklər zaydır. Külək əsən kimi vəziyyət pisləşir. İşıqlar sönür».

Yolda rast gəldiyimiz kənd sakin Gülməli Nəzərov isə deyir ki, «Niva» markalı maşını var. Ancaq bu yol təzə maşını sıradan çıxarıb:

«Azərbaycan xalqıyıq da biz. Yolun hamısı çaladır. Maşın düşür çıxmaq olmur, palçıqdır. Məktəb gəlir, uşaqlar məktəbə gedə bilmirlər. Yazıq uşaqlar, balaca uşaqlar necə getsin məktəbə?..».

Astara rayon İcra Hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə qısa müddət ərzində bir sıra kənd yollarının asfaltlaşdırdıqlarını deyir. O bildirir ki, Ojəkənar kəndi də plana salınıb. Bu il olmasa da, gələn il həmin yol təmir ediləcək. Müavinin dediyinə görə, prezidentin rayon üçün ayırdığı vəsaitlərin əsas hissəsi kənd yollarının təmirinə yönəlib.
XS
SM
MD
LG