Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:00

Evinin yanında minaya düşən Tamamın dramı


Tamam Cəfərova
Tamam Cəfərova
-

39 yaşlı Tamam Cəfərova 15 il öncə minaya düşüb və 24 yaşında bir ayağını itirib. O vaxtdan protezlə – taxma ayaqla gəzir. Onun yaşadığı yerdə – Tovuz rayonun Qoşa kəndində başqaları da minadan zərər çəkib. Deyir, sərhəd və münaqişə bölgəsində yaşayırsansa, gərək, hər bir təhlükəni gözünün önünə alasan:

«Bizim kənd sərhəd bölgəsindədir. Hansı tərəfə getsək, minalanmış ərazidir. İndi vəziyyət bir az düzəlib. O vaxt – 1997-ci ildə durum lap pis idi. Kənddən elə də uzağa çıxmırdıq. Mən də evimizin yanında minaya düşdüm. Yol getdiyim yerdə birdən partladı...».

Azərbaycanda minaya düşüb xəsarət alan, yaralanan 2 mindən çox mülki şəxs var. Tamam da onlardan biridir. Qəfil partlayışlardan 373 nəfər həyatını itirib. Rəsmi məlumata görə, hazırda ölkə ərazisinin təxminən 200 milyon kvadrat metri minalanıb. Rəsmi rəqəm öz yerində, amma gerçək rəqəmi üzə çıxarmaq mümkün deyil – Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov belə deyir:

«Mina sahələrinin mövcudluğu haqda xəritə və ya hər hansı qeyd, yaxud işarə yoxdur. Məcbur qalıb yalnız ehtimallar əsasında əraziləri təmizləyirik. Olur ki, hər hansı yerdə kimsə minaya düşür və iş-işdən keçəndən sonra həmin ərazidə axtarış aparırıq».

AZƏRBAYCANIN MİNALI ƏRAZİLƏRİ HARADIR?

Adil Aslanovun dediyinə görə, Azərbaycanın bütövlükdə 400 milyon kvadratmetr minalı ərazisi olub. Ötən 13 ildə bu ərazinin yarıdan çoxu – 230 milyon kvadratmetri təmizlənib. Minadan təmizlənməmiş ərazilər daha çox Füzuli, Xocavənd, Ağdam, Goranboy rayonlarının və Beyləqanın Haramı düzünün payına düşür. Bundan başqa Ağstafa və Tovuzun Ermənistanla sərhəd ərazilərində də hərbi sursat qalıqları olan torpaqlar var.

Üzeyir Cəfərli
Üzeyir Cəfərli
Hərbi ekspert Üzeyir Cəfərli minalardan təmizlənmənin mürəkkəb proses olduğunu bildirir və Azərbaycanda bu əməliyyatı ikiqat çətin sayır:

«Nəzərə alsaq ki, minalar düşmən basdırıb deyə, onların dəqiq sxemi yoxdur. Bu, xeyli problemlər yaradır. Doğrudan da çox böyük problemdir. Azərbaycanda bu mürəkkəb problemi çözəcək xeyli mütəxəssis olsa da, bəzən, bu məsələyə formal yanaşılır. Bəlkə də elə buna görə, acı nəticələrlə üzləşirik».

15 İLDƏ 700 MİN HƏRBİ SURSAT ZƏRSİZLƏŞDİRİLİB

Azərbaycanda minalanmış və hərbi silah-sursatla çirklənmiş əraziləri ANAMA təmizləyir. 1998-ci ildə yaradılan ANAMA 2000-ci ildən əməliyyata başlayıb və bu müddətdə 700 mindən çox hərbi sursatı zərsizləşdirib. ANAMA, özəlliklə Füzulidən Ağstafayadək olan əraziləri, eləcə də sovet dönəmindən qalma hərbi baza və poliqonların yan-yörəsini təmizləyir. Bu qurumda çalışan 600 əməkdaşdan 400 nəfəri minatəmizləyəndir. İtki də var: Ağstafanın Saloğlu kəndində aparılan əməliyyatda ANAMA-nın bir əməkdaşı həlak olub, biri də yaralanıb.

Qayıdaq Tamam Cəfərovaya. O, 1-ci qrup əlil kimi ayda 95 manat təqaüd alır və ildə bir dəfə Bakıda Əlillərin Reabilitasiya Mərkəzində protezini dəyişir. Deyir, qeyri-döyüş şəraitində minaya düşdüyü üçün Qarabağ müharibəsi əlillərinə edilən güzəştlər ona şamil olunmur:

«Mənim «yazıq» sözündən xoşum gəlmir, amma minaya düşdüyüm gündən zəlil gününə qalmışam. Nə dövlətdən yardım ala bilirəm, nə evim var, nə də işim. İldə bir dəfə gəlib Bakıda protezimi dəyişməliyəm, olur ki, pulsuzluq ucbatından bunu da aylarla yubadıram».
XS
SM
MD
LG