Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

R. İbrahimbəyov: «Mən Amerikada yaşamıram, orda yaşayış iznim yoxdur»


Mətbuat icmalı

Mətbuat icmalı

-

RÜSTƏM İBRAHİMBƏYOVUN RUSİYA VƏTƏNDAŞLIĞINDAN ÇIXMASI İLƏ BAĞLI QALMAQALLI MƏQAM

«Yeni Müsavat» qəzeti yazır ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı yeni qalmaqallı məqam ortaya çıxıb:

«Avqustun 22-də virtualaz.orq saytı Rusiya Federal Miqrasiya Xidmətinə müraciət edərək, Rüstəm İbtrahimbəyovun vətəndaşlıqdan imtina edib-etmədiyini dəqiqləşdirməyə cəhd edib. Federal Miqrasiya Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və sənədlərinin baxılması üçün qəbul edildiyi haqda ona qəbz verildiyini deyib. Z. Vladimirovanın verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır...

Qəzet bu məsələlərlə bağlı R. İbrahimbəyovun özünə müraciət edib. Milli Şuranın sədri yayılan son məlumatı təkzib edib: «Mən iyulun 8-də müraciət etmişəm, amma Rusiya hökumətinin öz qanunları var. Müraciəti məndən qəbul edəndə əlavə sənədlər istədilər. Həmin sənədlər mənim Rusiya hökuməti qarşısında öhdəliklərimin olub-olmaması ilə bağlı idi. Bu sənədlərin toplamaq üçün onlar rəsmi məktublar göndəriblər. Vergi İdarəsinə edilən müraciətə avqustun 12-də cavab gəlib, avqustun 21-də isə Rusiya Daxili İşlər Nazirliyindən cavab gəlib. Mən avqustun 21-də həmin sənədin surətini Bakıya göndərmişəm. Eyni zamanda başqa sənədlər gəlib və bütün bu sənədlər gələndən sonra avqustun 13-də bunlar mənim iyulun 8-də yazdığım məktubu qəbul ediblər. Bu mənim müraciətim deyil, müraciət iyulun 8-də olub. Amma Miqrasiya Xidməti bu sənədləri avqustun 13-də qeydiyyatdan keçirib».

R. İbrahimbəyov «Yeni Müsavat»a ABŞ-da daimi yaşayış izninin olması ilə bağlı məqamı təkzib edib. Onun sözlərinə görə, Miqrasiya Xidmətində belə bir sənəd olmayıb və onun ABŞ-da hər hansı yaşayış izni yoxdur: «Yalandır. Mən Amerikada yaşamıram. Orda yaşayış iznim yoxdur. Başdan ayağa yalandır».

NEFT MAQNATLARININ KASIB KƏNDİ

Balaxanı

Balaxanı

«Bizim yol» qəzeti yazır ki, qara qızılla şöhrət qazanmış Balaxanı camaatının çörəyi indi zibil eşələməklə çıxır:

«Neftlə zəngin olan Balaxanının zibilli küçələri diqqətimizdən yayınmadı. «Təmiz şəhər» ASC-nin yanındakı kəndin zibil qabları hər yerdə dolu idi.

Balaxanıda maraqlı məqamlardan biri də evlərdə, həyətlərdə neft quyularının olmasıdı. Həyətlərdə olan neft quyuları zaman-zaman kənd sakinlərinə problemlər yaşadır. Belə ki, bəzi evlərdə dərin çatlar yaranıb, döşəmə çöküb, hətta pillələri batanlar da var. Keçmişin neft maqnatlarının nəvələri olan kasıb kənd sakinləri kommunal xərcləri də pulsuzluq ucbatından ödəyə bilmədiklərini söyləyirlər».

HAKİMİYYƏTDƏ MİTİNQ TƏRƏDDÜDÜ

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan hakimiyyəti seçki ərəfəsində kütləvi aksiyalar keçirməyə tərəddüd edir:

«Bir qrup aksiyaların keçirilməsinə tərəfdardırsa, digər qrup bunun əleyhinədir. Kütləvi aksiyaların əleyhinə olanların arqumenti təşkilatçılıqla bağlıdır. Hər kəsə aydındır ki, büdcə təşkilatlarında işləyənlər, tələbələr YAP-ın mitinqlərinə zorla gətirilir. Əvvəlki illərdə hakimiyyət insanları zorla mitinqə gətirməkdən ehtiyat etmirdisə, indi bir az tərəddüd var. Çünki bu il vəziyyət bir qədər başqadır».

Qəzet yazır ki, «aksiyaların maliyyə tərəfi də oliqarxları narahat edir. Ona görə də böyük ehtimalla hakimiyyət seçkini aksiyasız yola verəcək».

«MİLLİ ŞURADAKILARIN VAHİD MƏQSƏDİ, İDEYASI, ƏQİDƏSİ YOXDUR»

Siyavuş Novruzov

Siyavuş Novruzov

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Siyavuş Novruzovun müsahibəsini dərc edib. S. Novruzov deyib ki, «Şuraya toplananlar ayrı-ayrı siyasi partiyalar, dəstək tapa bilməyən və yaxud da namizədlərini partiya tərəfindən irəli sürə bilməyən insanlardan təşkil olunub. Həmin insanlarda da vahid məqsəd, ideya, əqidə yoxdur. Onlar sadəcə ayrı-ayrı maraqlar çərçivəsində toplanan insanlardır. Həmin maraqlar da bu günə qədər imkan vermir ki, «vahid namizəd» məsələsində ortaq məxrəcə gələ bilsinlər. AXCP tərəfindən «Müsavat»ın bu işin pozucusu olması ilə bağlı fikirlər səsləndirilir. Müxalifətin birliyinə zərər dəyməsində, parçalanmasında «Müsavat»ı ittiham edirlər. «Müsavat» AXCP sədri Əli Kərimlinin namizəd ola bilməməsi potensialını ortaya qoyaraq onu seçki prosesini pozmaqda ittiham edir. Üzdə bir yerə toplaşsalar da, ittihamlar eyni mərkəzdən verilir. Həmin quruma «Milli şura» adının verilməsi belə onlara hörmət gətirə bilmədi, əksinə hörmətdən saldı».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG