Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

İmişli sakini polisdə döyüldüyünü iddia edir...


İmişli rayon Polis Şöbəsi
İmişli rayon Polis Şöbəsi
-
İmişli şəhərində yaşayan Rəşad Əliyev avqustun 20-də ağır bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bu barədə AzadlıqRadiosuna zərərçəkən özü məlumat verib. O, İmişli rayon Polis Şöbəsində döyüldüyünü iddia edir:

«Sahə müvəkkili İqbal Məmmədov zəng edib məni «Fidan» şadlıq sarayının qarşısına çağırdı. Burada məni maşına oturdub polis şöbəsinə apardılar. Şöbənin inzibati binasının 2-ci mərtəbəsinə qaldırdılar. Rayon polis şöbəsi rəisinin müavini Etibar Babayevin otağında huşum gedənə qədər məni döydülər. Halım pisləşəndə təcili yardım çağırdılar, həkimlər ağrıkəsici vurub getdi. Polis idarəsindən sərbəst buraxılandan sonra mərkəzi xəstəxanaya getdim. Qulağımın pərdəsi deşilib, kəllə-beyin travması almışam. Həkim dərhal rayon polisinə məlumat verdi. «102»yə zəng etmişəm, bu gün də yazılı formada şikayət göndərilib. Amma hələ ki, gəlib maraqlanan yoxdur».

AzadlıqRadiosunun sorğusunu cavablandıran İmişli Təcili Yardım Stansiyasının həkimi Elnur Qasımov polis idarəsində Rəşad Əliyevə yardım göstərməyini təsdiqlədi:

«Avqustun 20-də Polis Şöbəsinin növbətçi hissəsindən çağırış daxil olub. Xəstəyə inzibati binanın 2-ci mərtəbəsindəki otaqlardan birində yardım göstərmişəm. Onun təzyiqi kəskin surətdə aşağı düşmüşdü, kofein vurub getdik. Mən orada olanda Rəşadın bədənində hər hansı zorakılıq əlamətini müşahidə etmədim».

«DİNDİRİLMƏ ZAMANI HƏYƏCANDAN TƏZYİQİ DÜŞÜB»

İmişli şəhər sakini Cəfər Əliyev isə bildirir ki, polis şöbəsində bu qeyri-insani münasibət Rəşadın qohumlarında, dost və tanışlarında hiddət doğurub:

«Biz təqsirkar şəxslərin cəzalandırılmasını tələb edirik. Bir az əvvəl məni İmişli rayon polis şöbəsinin rəisi Vaqif Müslümov qəbul etdi, ona da sözümü dedim».

Bu məsələyə qarşı tərəfin də mövqeyini öyrənmək üçün İmişli rayon Polis Şöbəsi rəisinin müavini Etibar Babayevlə əlaqə saxladıq. Ancaq rəis müavini sualımızı eşidən kimi telefonunu qapatdı.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Rəşad Əliyevin polisdə döyülməsi ilə bağlı dediklərini yalanlayıb:

«O, rayonda olan bir oğurluq hadisəsində şübhəli bilinib, polis şöbəsinə dəvət olunub. Orada dindirilib. Dindirilmə zamanı həyəcandan təzyiqi düşüb. Təcili yardım çağırılıb və vətəndaşa ilkin yardım göstərilib. Rəşad Əliyev polis şöbəsində maksimum 1-2 saat qalıb. Çıxandan sonra dostlarına deyib ki, narkotik qəbul etmişdim. Elə bildim ona görə, dəvət ediblər. Daha sonra onun 6-7 nəfər qohumu şöbəyə gəlib, məsələni öyrənmək istəyib. Polis şöbəsinin rəhbərliyi valideynlərini qəbul edib, olayı başa salıb. Rəşad Əliyev döyüldüyünü deyirsə, rayon prokurorluğuna müraciət edə bilər, məsələ araşdırılar. Polis şöbəsində vətəndaş niyə döyülməlidir. Bu, mümkün deyil».
XS
SM
MD
LG