Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:19

Xəzərdə yanğın: Külək şəhərə tərəf əssə…


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
-
Avqustun 18-də Xəzər dənizindəki «Bulla-dəniz» yatağında – 90 saylı axtarış quyusunda yanğın başlayıb. Bəzi qeyri-hökumət təşkilatları yanğının ekoloji fəlakət doğuracağını dilə gətirir və həyəcan təbili çalır.

YARALILARI GİZLƏDİRLƏR?

Yanğın baş verən gündən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ərazidə çalışan əməkdaşlardan xəsarət alanlar olduğunu və yaralıların gizlədildiyini deyir:

«Ciddi yaralılar var. Hanı onlar? Bu nə xasiyyətdir? Niyə hər şeyi gizlədirlər? Hadisə baş verən kimi mütəxəssislər mənə yanğınla bağlı məlumat və partlayışın şəklini göndərmişdilər. Onlar yazırlar ki, qazma məhlulunun xüsusi çəkisi düzgün seçilmədiyindən quyuda açıq fontan baş verib. Bir quyunun qazılması çox böyük vəsait, vaxt, insan, xeyli resurs tələb edir. Məsuliyyətsizlik ucbatından dövlətə ziyan vurulub. Üstəlik, həm dəniz, həm də hava çirklənir. Özü də ciddi şəkildə. Dənizə qaz məhlulu axır. Görün, suya nələr tökülür. Yanğın çox böyük yanğındır, bütün platformanı əhatə edir».

ARDNŞ: «İMKAN VERMƏK LAZIMDIR Kİ, İNSANLAR İŞLƏSİN»

Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin dediyinə görə, yanğını söndürmək üçün bütün mümkün tədbirlər görülür. O, heç kimin xəsarət almadığını deyir:

«Bir nəfər də xəsarət alan, yaralanan olmayıb. Yanğın başlamazdan iki saat qabaq insanlar çıxarılıb. Komissiya yaradılıb, indi işləyir. Bu komissiyanın proqramı var. O proqram barədə məlumatım yoxdur. Əslində, belə ekstremal hallarda imkan vermək lazımdır ki, insanlar işləsin. Araşdırma gedir, vəziyyət araşdırılır.
Foto: Arxiv
Foto: Arxiv
Quyuya yaxınlaşmalıdırlar, quyuya bir baxış keçirməlidirlər. Bu dəqiqə orda yanğın gedən vəziyyətdə ancaq yuxarıdan müşahidələr gedir. Bu gündən artıq istəyirlər işləsinlər. Görək də, iş gedir».

HAVA ÇİRKLƏNƏCƏK...

Ekoloq Fəridə Hüseynovanın fikrincə, yanğın dənizə və suyun altındakı canlılara o qədər də təsir göstərməyəcək, amma hava çirklənə və uçan quşlar ziyan çəkə bilər:

«Çünki söhbət qazdan gedir. Qaz, nə dərəcədə olsa da, yüngül xassəlidir. Yalnız havaya təsiri olacaq. Axı qaz dəniz suyunun altında qalmır, yuxarı qalxır. Eyni zamanda maye qaz olduğundan dəniz suyu ilə tez qarışır. Amma qarışanda da yenə qaza çevrilib yuxarı qalxır. Əsasən, havadakı quşlara - qağayılara təsir edə bilər. Külək ordan şəhərə tərəf əssə, onda şəhərdə də hava çirklənəcək».

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mütəxəssislər olay yerinə baş çəkərək ekoloji təsirləri öyrəniblər. Bundan sonra belə qənaətə gəliblər ki, yanğının ətraf mühitə təsiri cüzidir.

«MİN TON MİLYON TONLARIN YANINDA HEÇ NƏDİR»

Həmin nazirliyin ekologiya şurasının üzvü Müslüm Qurbanov deyir ki, partlayış yüksək təzyiqdən qaynaqlanıb. Onun fikrincə, belə qəzaların bir neçə fəsadı ola bilər:
Foto: Arxiv
Foto: Arxiv

«Birinci fəsad odur ki, partlayış nəticəsində orada çalışan insanların sağlamlığına təhlükə yarana bilər. Orada tələfat olmayıb, hamı vaxtında köçürülüb. İndi problem atmosferə atılan metan və yanma məhsulu olan karbon qazıdır. Karbon qazının zərəri odur ki, qlobal istiləşməyə kömək edən yardımçı qaz kimidir. Amma 1 milyon kubmetr qaz yananda 2 min tondan çox karbon qazı atılır. Azərbaycanda təxminən, havaya 51 milyon tona yaxın karbon qazı atıldığını nəzərə alsaq, deməli, burada bir neçə min ton karbon qazının atılması milyon tonların yanında heç nədir».

Mütəxəssis deyir ki, yanğın nəticəsində dənizə maye qaz axını davam edir. Onun fikrincə, dənizdəki biomüxtəlifliyə müəyyən problemlər yarana bilər ki, bunu da öyrənmək lazımdır.

Qəzanın aradan qaldırılması üçün yaradılan komissiyaya ARDNŞ-in vitse-prezidenti Rəhman Qurbanov sədrlik edir. Bu komissiyaya şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssisləri daxil edilib. Kömək üçün müraciətləri nəzərə alınaraq, ilk iclasa «BP-Azərbaycan» şirkətinin nümayəndələri də dəvət olunub.

Müzakirələrdə belə qərara gəliblər ki, ARDNŞ Təhlükəsizlik İdarəsinin Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş hissəsi və Fövqəladə Hallar Nazirliyi strukturları yanğının söndürülməsi üçün birgə çalışacaqlar.
XS
SM
MD
LG