Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:30
-

Samuxun bir neçə kəndində mal-qara kütləvi xəstəliyə yoluxub. Xəstə heyvanlar əsasən Kür çayının lap yaxınlığındakı Yeni kənd, Lüksemburq və Qırmızı Samux kəndlərindədir.

İsti aylarda mal-qaralarını sahələrdə otaran kəndlilər son 1 həftədə heyvanlarını örüşə çıxara bilmirlər. Kəndlilər danışırlar ki, mal-qaranın ayaqları şişir, yeməkdən kəsilir. Kəndlilər təşviş içindədirlər.

Yenikənddə 32 ildir heyvandarlıqla məşğul olan 76 yaşlı Gülnisə xala indiyədək belə xəstəlik görmədiyini deyir:

«MAL-QARAMIZ YERDƏ YATILI QALIB»

Gülnisə xala

Gülnisə xala

- «Mal-qaramız yerdə yatılı qalıb. Hamısına iynə vurdururuq, xeyri yoxdur. Bilmirik nədəndir. Gələn həkimlərin biri iynə vurdu, sonra da sistem qoşdu.

- Neçə gündür belədirlər?

- Bu gün artıq 4 gündür».

Otlağa çıxa bilməyən mal-qara elə tövlələrdəcə yatılı qalıb. Kəndliləri ən çox narahat edən məsələ rayon mərkəzindən gələn həkimlərin belə bu xəstəlikdən «baş açmamasıdır». Demələrinə görə, vurulan vaksinlər də gözlənilən nəticəni vermir:

«Həkimlər deyir, keçici xəstəlik deyil. 4 malımızda bu xəstəlik oldu. Adını bilmirik, həkimlər qan analizi götürüblər. İndiyədək belə şey olmayıb. Gah zəhərlənib deyirlər, gah göbələk deyirlər. Ağzından selik gəlir, yemir, ayaqları tutulur».

«MALIN AYAQLARI TUTULDU, AĞZINDAN KÖPÜK GƏLDİ...»

«Malın ayaqları tutuldu, ağzından köpük gəldi... Qızdırma görmüşük, belə xəstəlik görməmişik. Tez su vedrələrini dəyişdik».

Mal-qaranın xəstəliyə tutulması bir yana, kəndlilər baytar həkimlərin ödənişsiz vaksinlərin heyvanlara pulla vurulmasından da gileylidirlər:

Ülviyyə:

«VAKSİNİN BİRİNİ 5 MANATA VURURLAR»

Ülviyyə

Ülviyyə

«Vaksinin birini 5 manata vururlar. 10 dənə mal olsa, nə qədər pul edir? Rayondan verirlər, baytar da gəlib pulla vurur. Verdin, vuracaq verməsən, vurmayacaq».

Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov isə təşvişə ehtiyac olmadığını deyir. Vurulan vaksinlər qısa müddətdə öz müsbət təsirini göstərəcək. O ki qaldı xəstəliyin yaranma səbəbinə, Mürvət Bağırov otlarda parazitlərin olduğunu güman edir.

Bu halın Kürə yaxın kəndlərdə yayılması xəstəliyin heyvanlara məhz çaydan keçməsi fikrini də yaradır. Ancaq rəis bununla bağlı heç nə demir. Mürvət Bağırov qeyd edir ki, hazırda vaksinlərlə yanaşı, başqa müalicələr də aparılır ki, bu zaman istifadə olunan dərmanlar dövlət tərəfindən verilmir. Bu səbəbdən kəndlilər özləri dərmanların pulunu ödəməlidirlər. Əlavə edir ki, tək vaksin vurulsa, müalicə ödənişsiz olar.

Şərhləri göstər

XS
SM
MD
LG