Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Azərbaycanda çəltik sahələri azalır... [Video]


Belə getsə plova Azərbaycan düyüsü tapılmayacaq
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
-
Cənub bölgəsində çəltik təkcə Astara rayonunun Artuba kəndində əkilir. Artub kənd sakinlərinin çörəyi məhz bu bitkidən çıxır. Son dəfə Artuba kəndində bu ilin may ayında olub, çəltik əkinini ilə maraqlanmışdıq. Yenə həmin kəndə yollanırıq. Kəndin girəcəyindəki həyətlərdən birində kombaynın işlədiyini görüb, elə ora dönürük. Ev sahibi bildirir ki, yağışa görə çəltiyi biçərək həyətə gətirib:

«TEXNİKA İLƏ BAĞLI PROBLEMLƏRİMİZ VAR, MƏHSULDARLIQ İSƏ YAXŞIDIR»

«Texnika ilə bağlı problemlərimiz var, məhsuldarlıq isə yaxşıdır. Əgər bizə kömək olsa, çox əkərik. Görürsünüz, torpaqları boş buraxıblar. Əl əməyindən istifadə olunduğundan, işçi qüvvəsi olmadığına görə əkmirlər. Bu, «Haşimi» sortudur. Məhsuldarlığı azdır, bazarda qiyməti bahadır».

Çəltik sahəsinə də baş çəkirik. Günün sonu olduğu üçün sahəyə çıxan sahibkarlar çəltik biçinini başa vurmuşdular. Burda da kombaynlar işləyirdi. Kombayndan çıxmış məhsul kisələrə vurulurdu. Bir sahibkar deyir ki, müəllim olsa da hər il çəltik əkir. Bu yolla da ailə büdcəsinə əlavə gəlir gətirir. O da çəltikçilikliyə aid texnikanın olmadığından gileylənir:

«KOMBAYN SAHİBLƏRİ BİR TONUN 10 FAİZİNİ GÖTÜRÜR»

«Çətin işdir. Əl işi deyil, texnika lazımdır. Lazım olan texnikalar yoxdur. Şəxsi kombaynlardır, biçində öz qiymətlərini qoyurlar. Kombayn sahibləri bir tonun 10 faizini götürür. 50 sot əkmişəm. Kimin imkanı var, şəraiti var, əkir».

Astara
Astara
Sahibkarlardan Mehman Quliyev deyir ki, ötən il kənddə 200 hektar sahədə çəltik əkilmişdi. İndi cəmi 140 hektar sahədə çəltik əkilib. O bu vəziyyəti belə izah edir:

«ÇƏLTİYİN 30-40 FAİZİ İTKİYƏ GEDİR»

«Çox təəssüflər olsun ki, bu sahəyə ögey münasibət var, texnikanın az olması problemlər yaradır. Əgər işçi çox zəhmət çəkirsə, texnikadan az istifadə edilirsə, bu sahənin vəziyyəti aşağı olacaq. Biz hökumətdən, dövlətdən dəstək istəyirik. Texnika bizə lazımdır. Özü də elə texnikalar ki, çəltikçiliklə məşğul olsun. Düzdür, bizə kombaynlar gəlirlər. Həmin kombaynlar çəltikçilik üçün deyil. Tamamilə başqa kombaynlar olmalıdır. Amma bizə taxılçılıqla məşğul olan kombaynlar gəlir. Çəltiyin 30-40 faizi itkiyə gedir».

Mehman Quliyev deyir ki, məhsul itkiyə çox getdiyindən bəzi insanlar çəltiyi əllə biçməyə üstünlük verirlər. Onun sözlərinə görə, çəltikçilik gəlirli sahədir. Yerli düyülər ekoloji cəhətdən təmiz olduğu üçün bazarlarda baha olsa da satılır:

«KEÇƏN İLƏ NİSBƏTƏN MƏSUL BOLDUR»

«Düyünün bir kiloqramı 2 manat 50 qəpikdir, heç qalmır. Ekoloji cəhətdən təmiz düyüdür. Onu kim istəməz ki. Keçən ilə nisbətən məhsul boldur. Lakin əl ilə biçəcəyəm. Kombayn 30-40 faizini itirir. Mən də insanam, mən də gərək gəlir götürəm. İstər-istəməz əl ilə yığmalıyam. Əl ilə yığılanda məhsuldarlığı da yaxşı olur. Texnikamız olsaydı şübhəsiz bu işə daha da yaxşı yanaşardıq, daha çox əkərdik. İnsanlar nə qədər çox əksələr o qədər də çox gəlir əldə edərlər».

Arxiv foto: Astara
Arxiv foto: Astara
Sahibkar Novruzəli Kazımov da bütün işləri ailə üzvləri ilə birlikdə görür. Kombaynın yığdığı məhsulu qablaşdırır. Ona məxsus əkin sahəsinə yalnız qoşqulu traktor gələ bilir. Yollar bərbad vəziyyətdədir. Sahibkar deyir ki, satışda xaricdən gətirilən düyülər çoxluq təşkil edir. Halbuki, çəltik əkmək üçün kifayət qədər yerlər var:

«Bu sahəni ucaltmaq da olar, öldürmək də olar. Baxmasalar məhv olar. Ancaq baxsalar, bir az da inkişaf edər. Başqa dövlətdən nəyə gətirirlər».

İCRA HAKİMİYYƏTİ VƏD VERİR...

Astara rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədov da deyir ki, Artuba kəndində 150 nəfər çəltik əkib. Müavinin sözlərinə görə, çəltikçilikdə əl əməyindən çox istifadə edildiyindən əhali bu sahəyə o qədər də maraq göstərmir. Firudin Əhmədov qeyd edir ki, çəltikçiliklə bağlı texnikaya ehtiyac olduğu müvafiq orqanların nəzərinə çatdırılıb.

Hər dəfə rəsmilər çəltikçiliklə bağlı texnikanın gətiriləcəyinə söz versələr də, buna əməl olunmur. Nəticədə ildən-ilə çəltik sahələri azalır. 1998-ci ildə Astarada 4 min hektara yaxın çəltik əkildiyi halda, bu il bu rəqəm 140 hektara enib. Azərbaycan düyü idxalından asılıdır.
XS
SM
MD
LG