Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:41

Tənqidçilərə yazıçının hesabına yaşayan parazit kimi baxanlar...


Jerzy Kosinski
Jerzy Kosinski
-

"Digər tərəfdən, tənqidçiliyə "intellektual" və parazitik məşğuliyyət növü kimi baxanlar, onların romançının "yoğun bağırsaq" fəaliyyəti hesabına yaşadığını düşünənlər də çoxdur".


Tanınmış postmodernist yazıçı Jerzy Kosinki ABŞ-ın "Paris review" dərgisinə danışır.


JURNALİST

Əsərləri haqda yazılmış rəyləri oxuduğunu daim danan bir çox yazıçılardan fərqli olaraq, sizin tənqidə maraq göstərdiyiniz hiss olunur.

KOSİNSKİ

Ədəbi tənqidə doğrudan da marağım var. Hətta bu marağı sınaqdan keçirmək üçün "Boyalı quş" və "Pillələr" (Kosinskinin öz romanları - tərc.) haqda silsilə tənqidi şərhlər də yazmışam. Əslində, bunlar mənim ingiliscə yazıb xaricdəki naşirlərimdən birinə göndərdiyim məktublar idi. Amma sonradan. o, könlümü xoş eləmək və məni təəccübləndirmək üçün həmin şərhləri çevirib öz ölkəsində çap etmək qərarına gəldi... Məncə, ədəbi tənqid roman, yaxud şeir yazmaq qədər yaradıcı iş sayıla bilər. Təəssüf ki, bu ölkədə belə bir geniş yayılmış təsəvvür var ki, yazıçı olmaq tənqidçi olmaqdan daha cəlbedici məşğuliyyətdi, o mənada ki, yazıçı olaraq siz əsərlərinizlə yaddaşlarda yaşayacaqsız. Güman ki bu cür təsəvvürlər həm də Hollywood filmlərində romançıların sentimentallaşdırılmasının nəticəsidir. Digər tərəfdən, tənqidçiliyə "intellektual" və parazitik məşğuliyyət növü kimi baxanlar, onların romançının "yoğun bağırsaq" fəaliyyəti hesabına yaşadığını düşünənlər də çoxdur. Bəlkə də günlərin bir günü mən özümü tam olaraq ədəbi tənqidə həsr etmək həvəsimə təslim olacam.

JURNALİST

Əsərləriniz düşməncəsinə tənqid ediləndə məyus olursuzmu?

KOSİNSKİ

Məyus olmağına oluram, amma yalnız yazı peşəkarcasına yazılmayanda. Yəni zəif, yaradıcı düşüncədən məhrum, şəxsiyyətə qarşı yönəlmiş olanda. Məqsəd yazıçının dünyagörüşünə işıq tutmaq yox, onu ifşa etmək olanda. Mənim ən çox rəğbət bəslədiyim tənqidçilər arasında bütün əsərlərimi aşağı keyfiyyətli, dəyəri şişirdilmiş, zəif işlənmiş, mənəviyyata zidd sayanlar da var, amma onlar bütün bunları yaradıcı şəkildə ediblər, əsərlərimin fəlsəfəsini, qəhrəmanlarımın xarakterini analiz ediblər - daha mənim özümü yox...

"Paris review", 1972
İngiliscədən R.Qəmbərov çevirib.
XS
SM
MD
LG