Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:42

İran 1953: Dünyaya səs salan çevriliş


Məhəmməd Müssədiq məhkəmədə-1953
Məhəmməd Müssədiq məhkəmədə-1953
-
Altmış il öncə İran ordusu zabitlərinin ABŞ və Britaniya kəşfiyyatçılarının dəstəyi hesabına gerçəkləşdirdiyi dövlət çevrilişinin nəticələri dünyada indi də sezilir.

YAXIN ŞƏRQİN GÖRÜNTÜSÜNÜ DƏYİŞƏN ÇEVRİLİŞ

1953-cü il çevrilişi İranın demokratik seçkiylə gələn ilk hökumətini və baş nazir Məhəmməd Müssədiqi devirdi. Qərbə nifrəti də körükləyən bu olay on illər sonra İslam İnqilabını doğurdu.

O dönəm avqustun 15-dən 19-dək baş verən olaylar İran sərhədlərini çox-çox aşmışdı. Yaxın Şərqin geosiyasi mənzərəsini dəyişən bu çevrilişdən sonra Birləşmiş Ştatlar bənzər davranışlarına, ölkələrdə sabitliyi pozmaq cəhdlərinə ara vermədi.

CIA və Britaniyanın MI6 idarəsinin İran nefti üzərində nəzarəti saxlamaq və 2-ci Dünya müharibəsindən sonra rəsmi Tehranı sovet təsirindən qorumaq üçün çevrilişi etdiyi barədə fikirlə bəziləri razılaşmır.

Müsəddiq 1951-ci ildə İran neft sənayesinin milliləşdirilməsində önəmli rol oynayıb. Həmin sənaye uzun illər Britaniyanın nəzarətində olub. Müsəddiqin milliləşdirmə qərarından sonra dünya İran neftini boykot edib. Boykotun gözəçarpan təsiri olmadığından onu devirməklə bağlı gizli plan hazırlanıb.

Müsəddiqin tutduğu baş nazir vəzifəsinə general Fəzlullah Zahidinin təyin edilməsi nisbətən zəif İran şahının ölkənin konstitusiyalı monarxiyasında mütləq hakimiyyətinə yol açıb.

Vaşinqtonun güclü hərbi və iqtisadi dəstəyi ilə Şah Məhəmməd Rza Pəhləvi 1979-cu ilin İslam İnqilabınadək ölkədə tək hakim rolunu oynayıb.

Tehran küçələrində hərbçilərin etirazçılarla qarşıdurması.
Tehran küçələrində hərbçilərin etirazçılarla qarşıdurması.
Müsəddiqin özünə gəlincə, o, çevrilişdən sonra onlarca hökumət rəsmisi kimi, dövlətə xəyanətə görə həbs edilərək mühakimə olunub. Üç il həbsdə qalan Müsəddiq 1967-ci ildə ev dustaqlığında vəfat edib.

QISAMÜDDƏTLİ QƏLƏBƏ

«Şahın bütün adamları: Amerikanın çevrilişi və Orta Şərqdə terrorun kökləri» kitabının müəllifi Stephen Kinzer bu çevrilişi Vaşinqtonun qısamüddətli qələbəsi sayır. Onun fikrincə, Vaşinqtonun İrana müdaxiləsi, uzun müddətdə götürəndə, ABŞ-ın İran mövqeyinə ziyan vurub:

«Tarixi perspektiv baxımından çevriliş Birləşmiş Ştatlara uğur gətirmədi. 1979-cu il inqilabı şahın get-gedə artan cəza tədbirlərinin uzunmüddətli təsiri idi. Şah hakimiyyətə çevriliş nəticəsində gəlmişdi. İslam İnqilabı fanatik dərəcədə anti-Amerika rejimini hakimiyyətə gətirdi. Bu rejim 30 ildən çoxdur ki, Amerikanın bütün dünyadakı maraqlarına zərbə vurmaqdadır».

Həmin çevrilişin İranın milli psixikasına təsiri 60 ildir ara vermir və bu çevriliş ölkənin Qərblə münasibətlərində bir tikan kimi ortada bitir.

REGİONAL TƏSİR

«Məhəmməd Müsəddiq və İranda 1953-cü il çevrilişi» kitabının müəllifi Mark Gasiorowski bildirir ki, Müsəddiqin devrilməsi iki siyasi cərəyana yol açdı – Ayətulla Ruhulla Xomeyninin rəhbərlik etdiyi radikal islamçılara və hərbçi «Mücahidani-Xalq»ın başçılıq etdiyi radikal solçulara:
İran ordusunun zabitləri və monarxiya tərəfdarları şahın ölkəyə qayıdışını alqışlayırlar. 27 avqust 1953.
İran ordusunun zabitləri və monarxiya tərəfdarları şahın ölkəyə qayıdışını alqışlayırlar. 27 avqust 1953.

«Çevriliş nəticəsində İran siyasətinin mötədil, dünyəvi elementi məhv edildi və əvəzində 1960 və 70-ci illərdə radikal islamçılar və radikal solçular əsas müxalifət fraksiyaları kimi ortaya çıxdı. Çevrilişin ən böyük təsiri məhz bu demokratiyayönlü fraksiyanı ləğv etmək oldu».

Gasiorowski deyir ki, 53-cü il çevrilişinin regional təsirləri də var – İran ABŞ-ın regionda Sovet İttifaqının təsirini azaltma strategiyasının əsas hissəsinə, Yaxın Şərq isə başlıca «soyuq savaş» cəbhəsinə çevrildi. Buna cavab olaraq, Sovet İttifaqı da regionda fəaliyyətini gücləndirdi və Misir, Suriya, İraq, Liviya hökumətlərinə yardım və silahlar göndərdi.

İran çevrilişini 1947-ci ildə yaradılan CIA-nın uğuru sayanlar da var. Bir il sonra CIA Qvatemalada çevriliş həyata keçirdi, amma 1957-ci ildə Suriya prezidentini devirə bilmədi. 1961-ci ildə Kubaya uğursuz hərbi müdaxilədən sonra CIA-nın nüfuzu sarsıldı.

Birləşmiş Ştatlar İran inqilabında hər hansı rolunu on illər boyunca yalanlayıb. Ancaq 2009-cu ildə prezident Barack Obama Vaşinqtonun neqativ rolunu boynuna alıb.

2011-ci ildə Britaniya hökumətinin maliyyələşdirdiyi BBC Müsəddiq hökumətinə qarşı zərbə amaclı proqramlar yayımladığını açıqlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG