Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06
-
«4 il əvvəl «Sədərək» yarmarkasının tikinti sahəsində dam örtüyü düzəldərkən 5 metr hündürlükdən yıxıldım. Ağır kəllə-beyin zədəsi aldım. Ömürlük şikəstə çevrildim».

İŞ BAŞINDA ƏLİLƏ ÇEVRİLİB

AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən Famil Sadıqov deyir ki, 2009-cu ilin aprel ayında «Yenilik» firmasına dam örtüyü ustası kimi işə götürülüb. 1 aydan sonra «Sədərək» Ticarət Mərkəzindəki obyektlərdən birinin dam örtüyünü təmir edərkən hündürlükdən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya götürülüb. Ona beynin ağır zədələnməsi, sol təpə sümüyünün sınıqları diaqnozu qoyulub. Kəllə sümüyünün bir hissəsi tamamilə sındığı üçün xüsusi protezlə əvəz olunub. Sağ əli isə tamamilə işləmir. Deyir, ona ömrünün sonunadək ciddi bərpa müalicəsi təyin olunub. Ancaq şirkət bu müalicələrin xərcini üzərinə götürmək istəmir:

«1-ci qrup əlilə çevrildim. Şirkət məni müalicə etdirmək istəmədi. Bir tərəfdən də ailəm məni atdı. İndi vəziyyətim çox ağırdır».

Famil Sadıqovun başına gələnlərə görə şirkətdə işçilərin təhlükəsizliyinə cavabdeh olan İlham Quliyev mühakimə olunub. O, məhkəmə ifadəsində göstərib ki, 2008-ci ildən «Yenilik» firmasına iş icraçısı kimi işə qəbul olunub. Famil Sadıqovu iş vaxtı təhlükəsizlik ləvazimatları ilə təmin etməli olduğu halda səhlənkarlığa yol verib.

«İNANIB İDDİANI GERİ GÖTÜRDÜM...»

«Yenilik»dən bildiriblər ki, Famil Sadıqov firmaya qanuni yolla işə götürülüb. Yıxılıb xəsarətlər alandan sonra firma onun xəstəxana xərclərini öz üzərinə götürüb. Hissə-hissə olmaqla 10 min manatdan çox pul xərcləyib. Sonradan Famil Sadıqov «şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə görə maddi və mənəvi ziyanın ödənilməsi, istehsalat zədəsi faktının tanınması» iddiası ilə məhkəməyə müraciət edib. Ancaq məhkəmə başa çatmamış iddiasını geri götürüb. Buna görə də məhkəmə onun iddiasına xitam verib.

Famil Sadıqov isə şirkət tərəfindən aldadıldığını deyir:

«Keçən məhkəmədə məni aldatdılar. 23 min manatlıq iddia qoymuşduq, gətirib mənə 3 min manat verdilər. Dedilər, iddianı geri götür, xərclərini hissə-hissə ödəyəcəyik. Mən də inanıb iddiamı geri götürdüm».

İşdə ömürlük əlilə çevrilən Famil Sadıqov «Yenilik» firmasını yenə məhkəməyə verəcəyini bildirir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG