Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:27
-

Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Onun çapa münasib bildiyi əsərləri təqdim etməyə başlayırıq. Çap sırası şərtidir.


Vüsal Nuru


QAYIDIŞ

Sahənin ortasından keçən cığırla qaynatamgilə gedirdik. Yoldaşım məndən bir addım arxada qalmışdı. İkimiz də hüzünlüydük.

Yəqin ki, qarşısından keçdiyimiz pilot qəbirləri əhvalımızı dəyişmişdi. O qəbirlərin sinə və başdaşları yoxuydu, hündür təpəcik də deyildi, amma qəzada yanıb kül olmuş pilot qəbirləri olduğunu bilirdik.

Birdən yoldaşım qolumdan tutub məni saxladı. Çevrilib təəccüblə ona baxdım. O əliylə qəbrin birini göstərirdi.

Qəbrə yaxınlaşdım, gözümə inana bilmirdim, qəbir tərpənirdi. Dizimi yerə qoyub qəbrin üstündəki torpağı kənara dağıtdım. Torpaq bükülmüş xalının üstünə tökülmüşdü. Yoldaşım başımın üstündə durub həyəcanla gözləyirdi.

Xalının qatlarını ehtiyatla açmağa başladım: əvvəl baş tərəfin qatını yuxarı qaldırdım, sonra ayaq tərəfin qatını aşağı endirdim, sonra da yavaş-yavaş yanları açdım.

Xalının ortasında kartondan düzəldilmiş adam fiquru uzanmışdı. Onun karandaşla çəkilmiş qalın qaşları, yöndəmsiz yumrulanmış gözləri və iri ağzı tərpənirdi. Əzilib-büzülürdü, lakin söz deyə bilmirdi, eləcə tövşüyürdü. Başına bağlanmış tənzifin üstünə alnının yarasından qan ləkəsi çıxmışdı.

Mən onu qolumun üsütünə alıb ayağa durdum. Düşündüm ki, qaynatamgildə ona daha çox kömək eləyə bilərik.

Bir neçə addım gedəndən sonra qəbirlərdən birinin içəridən yumruqlandığını ikimiz də gördük. Mən qollarımın üstünə uzanmış karton pilotu yerə qoymaq istəmirdim. Bunu yoldaşım başa düşdü və dərhal yaxınlaşıb qəbrin torpağını dağıtdı, xalını açdı. Orda uzanan da eynən qucağımdakı kimi idi.

Ancaq onun qaş-gözünü bir az fərqli çəkmişdilər və sol ayağı topuqdan kəsilmişdi, xeyli bint dolamışdılar, yarası hələ də qanıyırdı. Yoldaşım onu mənim kimi qollarının üstünə götürdü və ikimiz də qarşıda görünən evə doğru yeyin addımlarla getdik.

Günəş yerə əyiləndə mən evin qapısına çatmışdım. Astanadan içəri girirdim, qaynatam çıxıb məni qarşıladı. Yoldaşım da dalımca içəri girdi, onun qollarının üstündə pilotu görmədim. Təəccüblə harda olduğunu soruşdum, dedi ki, o çox islanmışdı zivədən asdım ki, qurusun.

Biz içəri girdik və mən pilotu qaynatamın çarpayısında uzandırdım. O özünə gəlirdi.

Elə təzəcə çarpayıdan aralanmışdım ki, aşağıdan uçan təyyarə gurultusundan ev silkələndi. Hamımız tələm-tələsik evdən çölə çıxdıq, başımızı qaldırıb səmaya baxdıq. Karton təyyarə aşağıdan manevirlə uçurdu.

Yoldaşımla mən zivəyə baxdıq, pilot orda deyildi. Bu vaxt çarpayıda uzandırdığım pilot məni və yoldaşımı kənara itələyib aramızdan keçdi və bizdən bir-iki addım qabağa çıxdı. İki əlini yuxarı qaldıraraq təyyarəylə uçan dosutunu harayladı, onu da aparmasını, azad eləməsini tələb elədi. Cığırla üzü yuxarı qaçıb bizdən uzaqlaşdı. Təyyarə sahənin başında aşağı enirdi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG