Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:50
-
Avqustun 18-də Azərbaycanda müxalifət partiyaları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda, «20-ci sahə»də mitinq keçirib. Əvvəlcədən Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış bu aksiya əsasən Şuranın oktyabrın 9-da keçiriləcək prezident seçkisində vahid namizədi olan Rüstəm İbrahimbəyova dəstək idi.

Hazırda Moskvada olan Rüstəm İbrahimbəyovun aksiyaya müraciəti səslənib. Həmin müraciətində o qeyd edir ki, hakimiyyət demokratik dəyişiklik istəyən mütərəqqi insanlara əsassız ittihamlar irəli sürür, onları şərləyib həbs edir, dövlət çevrilişində günahlandırır:

«Yalan böhtan şərə qarşı monolit birliyimiz ilə cavab verməyin vaxtı deyil mi? Demokratiya uğrunda mübarizə xalqın mübarizəsidir, mən bu yolda sizinləyəm. Qələbəyə qədər də sizinlə olacağam!»

Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etsə də, onunla bağlı prezident Vladimir Putin-in rəsmi sərəncam imzalaması lazımdır. Onun Rusiya vətəndaşlığından çıxması prosesi tam başa çatmamış Azərbaycanda prezident seçkisində iştirakı yerli qanunvericiliyə görə, mümkün deyil.

Musavat başqanı İsa Qəmbər mitinqdə çıxışında bildirib ki, onlar son ana qədər Rüstəm İbrahimbəyovu müdafiə edəcəklər. Amma hər ehtimala qarşı, Milli Şura avqustun 19-da toplaşıb başqa bir ziyalını da vahid namizədi elan edəcək ki, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı mümkün olmasa, müxalifət seçkidən kənarda qalmasın.

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığından polisin ona ciddi müdaxiləsi olmadan başa çatıb. Amma təşkilatçılar şəhərin mərkəzindən mitinqin keçiriləcəyi əraziyə gedən avtobusların hərəkətinə maneələr yaradıldığını, rayonlardan aksiya üçün Bakıya gələn müxalifət fəallarının qarşısının kəsildiyini bildirirlər.

Həmçinin, mitinqdən əvvəl müxalifət fəallarından 11-dən çox adam saxlanıb.

Aksiya zamanı qısa müddətə elektrik enerjisi kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG