Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:10
-

PUTİN-İN SƏFƏRİ ZAMANI RAMİZ MEHDİYEV NİYƏ GÖRÜNMƏDİ?

«Azadlıq» qəzeti yazır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya prezidenti Vladimir Putin-in Azərbaycana səfəri zamanı görünməz oldu: «İki ölkənin nümayəndə heyətlərinin görüşlərində hakimiyyətin faktiki olaraq ikinci şəxsi hesab edilən Ramiz Mehdiyevin görünməməsi kifayət qədər maraqlı məsələdir. Məsələ bundadır ki, Ramiz Mehdiyev həm də Azərbaycan hakimiyyətində Kremlin siyasi dairələrinə yaxın şəxs kimi tanınır.

Ramiz Mehdiyevin görünməz olması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Ekspertlərin fikrincə, bu səfərin təşkilində Ramiz Mehdiyev kənarda saxlanılıb. Hesab edilir ki, Putin-in gəlişi Azərbaycan hakimiyyətindəki rəqib - Paşayevlər qruplaşması tərəfindən təşkil olunub. Və güman ki, danışıqlar da Ramiz Mehdiyevin bağlı olduğu dairələrlə aparılmayıb».

NAXÇIVANDA VASİF TALIBOVA QARŞI GÖRÜNMƏMİŞ OLAY

«Yeni Müsavat» qəzeti yazır ki, avqustun 15-də Naxçıvanda yeni Ali Məclisin sədri Vasif Talıbovun iştirak etdiyi şəhər parkının açılışında bir qrup gözlənilmədən «istefa» şüarı səsləndirərək, əl çalmağa başlayıb. Xəbəri qəzetə «Yeni Müsavat»ın Naxçıvandakı müxbiri verib:

«Əməkdaşımızın sözlərinə görə, bu zaman Vasif Talıbov şəhər zəhmətkeşləri qarşısında çıxış edirmiş. O, nitqini yarımçıq saxlayaraq əli ilə mühafizəçilərə «istefa» qışqıranların uzaqlaşdırılması göstərişini verib. Naxçıvan polisi və Ali Məclisin Təhlükəsizlik İdarəsinin əməkdaşları şüar qışqıran gənclərdən üçünü saxlayıb. Əməkdaşımız deyir ki, gənclər döyülərək, polis maşınına əyləşdirilərək ərazidən uzaqlaşdırılıblar. Bu zaman «şəhər zəhmətkeşləri» arasında Vasif Talıbovun nitqinə qulaq asan yaşlı bir xanım özünü Ali Məclis sədrinin ayaqları altına atıb. Təhlükəsizlik Xidmətinin əməkdaşları eyni münasibəti yaşlı xanıma da göstəriblər. Naxçıvan sakini təhlükəsizlik əməkdaşları və polis tərəfindən maşına basılıb».

Qəzet yazır ki, hadisə ilə bağlı Naxçıvan Daxili İşlər Nazirliyi və Naxçıvan Şəhər Polis İdarəsi ilə əlaqə saxlasalar da, suallarına cavab verən tapılmayıb.

«İ. ƏLİYEVİN PARAMETRLƏRİNƏ UYĞUN SİYASƏTÇİ MÖVCUD DEYİL»

YAP icra katibi Əli Əhmədovun bu fikirlərini «Yeni Azərbaycan» qəzeti dərc edib.
Ə. Əhmədov Milli Şuranın vahid namizədi haqqında da danışıb. Deyib ki, «hesab etmirəm ki, Rüstəm İbrahimbəyovun «Milli şura» tərəfindən bir namizəd kimi qəbul olunması onun siyasi çəkisi ilə əlaqədardır. Bəlkə də bu, daha çox müxalifətin içərisindən 2013-cü ilin seçki kampaniyasında müxalifəti lazımınca təmsil edə biləcək bir namizədin axtarılıb tapıla bilinməməsi ilə əlaqədardır və bu axtarışlar Rüstəm İbrahimbəyovun üzərində bir qərar qəbul edilməsinə gətirib çıxarıb. Hesab etmirəm ki, bu, uğurlu bir qərardır. Ən azından ona görə ki, Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətinin azacıq olsa da bir hissəni birləşdirmək imkanlarına malik olan bir şəxs deyil».

QƏBİRİSTANLIQDA PUL QAZANAN AZƏRBAYCAN ALİMİ

«Bizim yol» qəzeti yazır ki, elmlər namizədi 180 manatlıq əmək haqqı ilə ailəsini dolandıra bilmədiyindən mollalıq edir:

«Elmlər namizədiyəm. Ancaq verdikləri 3-5 manat əmək haqqı ailəmin və mənim dolanışığıma yetmir. Məcburiyyətdən əlavə işlərlə məşğul oluram. Uşaqlıqdan «Quran» dərslərinə marağım olub. Ərəbcə yazıb-oxumağı öyrənmişəm. Bu gün acından ölməmək üçün burdayam. Gündə 2-3 yasin oxuyub, ailəmi dolandırıram», bu, Yasamal qəbiristanlığındakı molla Hacı Əlinin sözləridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG