Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:39

Susuz Cəngəmiran kəndinin nisyə dəftərləri...


Cəngəmiran kəndlilərinin borc dəftəri...
Cəngəmiran kəndlilərinin borc dəftəri...
-

Cəngəmiran kəndi Lerik rayon mərkəzinin 3-4 kilometrliyində yerləşir. Bu baxımdan kənd sakinlərinin demələrinə görə, bəxtləri gətirib. Kənd rayon mərkəzinə yaxın olduğundan burada işıq da, təbii qaz da var. Bu yaxınlarda kəndin əsas yoluna asfalt da çəkilib. Bununla belə sakinlər problemlərinin heç də az olmadığını deyirlər. İçməli su ən vaciblərindəndir.

Kəndin bir neçə yerində bulaq görsək də, sakinlər bulaqlardan suyun damla-damla axdığını bildirir.

Kənd sakini Sərhəng Qafarov da suyun olmamasından danışır:

«SUVARMA QALSIN BİR YANA, HEÇ İÇMƏLİ SU DA YOXDUR»

«Suvarma qalsın bir yana, heç içməli su da yoxdur. 3-4 kilometr gedib, suyu uzaq yerdən gətiririk. Eşşəklə-araba ilə gətiririk, əziyyət çəkirik. Ona görə də kənddən kütləvi şəkildə köçüb gedirlər. Kənddə adam çox azalıb. Hamısı suya görədir. Problemlər var, əsas məsələ su problemidir. Dövlət tərəfindən, bir qurum tərəfindən köməklik olsa, camaat da yaşayar».

Cəngəmiran kəndi
Cəngəmiran kəndi
Sərhəng Qafarov deyir ki, sovetlər dövründə kəndin ərazisindəki bulaqlara əl gəzdirirdilər. Hər bulağın yanında su anbarı olub. Bulaqdan axan su anbarlara tökülürdü, itkiyə getmirdi. İndi bulaqlar yiyəsiz qalıb. Bildirir ki, bulaqlar əvvəlki kimi əhalini içməli su ilə təmin edə bilmir:

«KƏNDDƏN 300-400 ADAM KÖÇÜB»

«Bir dənə krandır, həmin su 5-6 evi belə təmin eləmir. İşıq var, qaz var. Bizə əsas su lazımdır. Rayona ən yaxın kənd buradır. Kənddən 300-400 adam köçüb. İş yoxdur. Həm də su olsa, işləyərlər».

1 MAĞAZADA 4 MİN MANATLIQ NİSYƏ DƏFTƏRİ...

Kənddə iki mağaza fəaliyyət göstərir. Hər ikisində də nisyə dəftəri var. Təkcə bir mağazaya kənd sakinlərinin 4 min manatdan çox borcu yığılıb. Borcluların əksəriyyəti övladları Rusiyaya köçən yaşlı adamlar və təqaüdçülərdir.

Adının çəkilməsini istəməyən bir kənd sakini:

«KİTABXANADA TƏZƏ KİTAB YOXDUR»

Cəngəmiranda «köçənlər məhəlləsi»
Cəngəmiranda «köçənlər məhəlləsi»
«Kənd boşalır. Niyə? Çünki kənddə iş yoxdur. Deyirlər ki, kəndliyə torpaq sahəsi verilib, əkin əksinlər. Bunu iş yerləri kimi qələmə verirlər. Bu, düz deyil. Məsələn, mən yüz kilo kartof əkmişəm, yüz əlli kilo çıxartdım. Torpaqla əlləşməyə dəyərmi? Kənddə yaşayış çətindir. Ona görə çətindir ki, su problemi var. Mədəniyyət obyektləri yoxdur. Bir dənə mədəniyyət evi veriblər, 1-2 kilometr uzaqdadır. Bunun palçığı var, qışı var. Burda bir çayxana var. O da sovet dövründən qalmadır, o da əyilib, kiminsə üstünə yıxılacaq. Kitabxanada təzə kitab yoxdur».

Kənd sakininin bildirdiyinə görə, kəndin ara yollarına sonuncu dəfə 50 il əvvəl əl gəzdirilib. Kəndin elektrik dirəklərini sakinlər özləri alıb və öz hesablarına da elektrik xətti çəkdiriblər. Dediyinə görə, xətlər nasaz olduğundan küləkli havada işıqlar tez-tez sönür.

Cəngəmiranlıların məktəb problemi də var:

«ƏN BÖYÜK DƏRD MƏKTƏB DƏRDİDİR»

Yeni məktəb binası
Yeni məktəb binası
«Sovxozun inzibati binasını məktəb üçün veriblər. Məktəb tələbatı ödəmir. Onun döşəməsi sementdəndir, soyuqdur. Soba yandırsan da xeyri yoxdur. Uşaqların 70-80 faizi orda vərəm xəstəliyinə tutula bilər. Çünki məktəb binası üçün uyğunlaşdırılmış bina deyil. Əvvəllər sovxozun inzibati binası olub. Ən böyük dərd məktəb dərdidir».

Kənd sakini, müəllim Zabit Mirzəyev işsizlikdən 4 oğlunun Bakıya köçdüyünü bildirir:

«İşsizlikdən əhali axışaraq, şəhərə gedir. 4 oğlum var, 4-ü də şəhərdədir. İş olmayıb, ailələrini götürüb, gediblər».

«KÖÇƏNLƏR MƏHƏLLƏSİ»

Kəndin «köçənlər məhəlləsi» var. Burda 10-a yaxın evin qapısı bağlıdır, köçüb gediblər. Burada yaşayışdan əsər-əlamət yoxdur. Həyətləri ot basıb. Təmir görməyən evlərin suvaqları tökülüb.

Məhəllənin yaxınlığında bir bulaq var. Bulaq başında olan bir yeniyetmə ilə söhbət edirik. Məlum olur ki, gün ərzində cəmi bir 22 litrlik qabı su ilə doldura bilirlər. Yaşlı bir sakin deyir ki, bir neçə ildir baş verən zəlzələlərdən sonra bulaqların suyu kəsilməkdədir. O, bunu pis əlamət hesab edir.

Dərədə paltar yuyan qadın
Dərədə paltar yuyan qadın
Su olmadığından qadınlar dərənin çirkab suları ilə paltar yumağa məcburdurlar. Dediklərinə görə, dərədən az su axdığı üçün burda da böyük növbələr olur.

Dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşən Cəngəmiran kəndindən geri qayıdırıq. Biçilmiş taxıl sahələrində qoyun otaran çobanlar rastımıza çıxır. Çobanlar quraqlıqdan yanmış sahələri göstərərək, suyun bu il ərşə çəkildiyindən gileylənirlər:

«Bu yerlərdə su yoxdur. Qoyunlar haradan gəldi, gölməçələrdən su içir. Bulaq suyu yoxdur bizdə».

Çobanlar
Çobanlar
Çobanların gileyi həm də banklardandır. Dediklərinə görə, banklar onlara kredit vermədiyindən qoyunlarının sayını artıra bilmirlər.

İCRA HAKİMİYYƏTİNİN MÖVQEYİ...

Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov Cəngəmiran kəndində problemlərin olduğunu təsdiqləyir. Bildirir ki, kənddə məktəb tikintisi nəzərdə tutulub.

Müavinin sözlərinə görə, Lerikin bütün kəndlərində içməli su problemi var. 33 kənddə isə içməli su məsələsi daha ciddidir. Rayon rəsmisi bildirir ki, Cəngəmiran kəndinin sakinləri suyu bulaqlardan götürür. Lakin elə kəndlər var ki, bulağı da yoxdur.

Müavinin bildirdiyinə görə, hazırda Lerik qəsəbəsini içməli su ilə təmin etmək üçün işlər görülür. Kəndlərdə isə bu işə yaxın illərdə başlanacaq.
XS
SM
MD
LG