Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:25

Kəramət Böyükçöl: "İlk romanım olan "Çöl"ü atam yazıb"


Kəramət Böyükçöl
Kəramət Böyükçöl
-

"Nə AYB-də qalmaq əclaflıq deyil, nə də ordan çıxmaq qəhrəmanlıq sayılmır"

"Mən bir neçə aydır ki, ailə qurmuşam və atamgildən ayrı yaşayıram, onunla tez-tez “Facebook”-da danışırdıq, daha o da yoxdu. Bu yaxınlarda məni dostluğundan çıxarıb. Bilmirəm niyə, özü bilər".


Çağdaş ədəbiyyatın ən qalmaqallı imzalarından olan Kəramət Böyükçölün Qaynar.info-nun əməkdaşı Mövlud Mövluda müsahibəsini təqdim edirik:


- Nə yazırsan?

- “Səkkizinci gün” adlı romanım nəşriyyatdadır. Beş-on günə çap olunacaq. Hal-hazırda bir ildən çoxdur ki, “Baku Post” qəzetinə yazdığım hekayətləri saf-çürük eləyib kitab halına gətirmək istəyirəm. Başqa ciddi heç nə yazmıram, istidir.

- İlk nəsr kitabın olan “Çöl” romanı çox böyük uğur qazanandan sonra yazdığın əsəri özünün yazmadığını deyirdilər. İddia edənlər var idi ki, “Çöl” uzun illərin təcrübəli qələminin məhsuludur. Yəni bu əsəri Kəramət deyil, atası Qəşəm Nəcəfzadə yazıb. Bu iddialar barədə nə deyə bilərsən?

- Əziz dostum Mövlud, tamamilə doğru fikirdir. Yalan danışmaq nəyə lazımdır? Mən çox səmimiyəm, onsuz da hamı bilir ki, mənim nə istedadım, nə savadım, nə ağlım, nə də yazı qabiliyyətim var, ilk romanım olan “Çöl”ü atam yazıb, sonra ikinci romanımı - “Səkkizinci gün”ü də atam yazıb, daha sonra yaxınlarda işıq üzü görəcək hekayətlər kitabımı da atam yazıb və elə hal-hazırda sənlə üz-üzə oturub danışan da mənim atamdır, mən deyiləm.

- AYB üzvü olsan da, hakimiyyətin siyasətini müdafiə etsən də, daim qalmaqallı yazılar yazır, qələm yoldaşlarınla ciddi problemlər yaşayırsan. Niyə başın qeylü-qaldan açılmır? Elə bil özün də bu qalmaqalların olmasında maraqlısan...

- Mənim AYB üzvü olmağım tamamilə formaldır. Yəni, özümü oranın üzvü kimi hiss etmirəm. O ki, qaldı qələm yoldaşlarımla münasibətə, deyim ki, onların hər hansı yazıma görə məndən incimələrinə, təbii, pis oluram. Ancaq bunun da bir həddi var. Tutaq ki, bu yaxınlarda facebook-da bir neçə nəfər haqqında yazı paylaşmışdım. Ordan da götürüb saytlara, qəzetlərə qoymuşdular. Buna görə hansısa şair məndən küsülü gəzəcəksə, Fərid Hüseyn mənim haqqımda ağzına gələni yazacaqsa, oğlumun Daşkəsəndə villası var, özləri bilər.

- Aydındır. Bu yaxınlarda yaşıdların AYB sıralarını tərk etsələr də sən dostlarına qoşulmadın. Ancaq bəzən üzvü olduğun təşkilatı tənqid də edirsən. İndi vəziyyət necədir, AYB-yə münasibətin necədir?

- Təbii ki, AYB-dən çıxmaq üçün səbəblər çoxdur. Ancaq bilirsən, AYB-dən çıxmağı mənim gözümdən saldılar. Mən elə bilirdim AYB-dən çıxmaq böyük bir şeydir. Sən demə, heç kəsin vecinə deyilmiş. AYB-dən elə gənclər istefa verdi ki, adımın onlarla eyni sırada getməyinə razı deyiləm.

- Kimlərdi o gənclər?

- Babək Göyüş, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Elvin Bakiroğlu...

- Doğrudan sən o adamları istedadsız hesab edirsən?
Kəramət Böyükçöl və Mövlud Mövlud
Kəramət Böyükçöl və Mövlud Mövlud

- Deməzdim ki, istedadsızdırlar. Ancaq onların heç birini bir ədəbiyyat adamı kimi ciddi hesab etmirəm. Onlar bəlkə də nə etdiklərinin, nə işlə məşğul olduqlarının fərqində belə deyillər. Məsələnin əsl mahiyyətindən xəbərsizdirlər. Tutaq ki, Aysel Əlizadə, Elvin Bakiroğlu üçün o qurumdan çıxmaq hansısa yeyib-içmək məclisində verilən şıltaq bir qərar idisə, istedadlı yazıçımız Ayxan Ayvaz üçün bu məsələ tamam başqa cürdür. İnanıram ki, çıxanların əksəriyyəti suyu süzülə-süzülə yenidən Yazıçılar Birliyinə qayıdacaqlar. Ancaq Ayxan qayıtmaz. Çünki o, mahiyyət etibarı ilə heç vaxt AYB-nin üzvü olmayıb. Çoxları Ayxanı qınadı ki, “sən niyə AYB-dən çıxdın? Axı sənin adın ev növbəsində var idi”. Sonradan bu işə mane ola bilərlər ehtimalını nəzərə alaraq deyirdilər bu sözü. Ayxan isə ruhən azad və təmiz olduğu üçün bu məsləhətlərə gülürdü həmişə. Söhbət də elə bundan gedir. Ən sonda, təbii ki, nə AYB-də qalmaq əclaflıq deyil, nə də ordan çıxmaq qəhrəmanlıq sayılmır. Bu cür işlərin ədəbiyyata dəxli yoxdur.

- Yaxşı, gəl, söhbətin məcrasını bir az dəyişək. Atan da ədəbiyyat adamıdır. Açığı mənim üçün çox maraqlıdır, iki qoçun başı bir qazanda necə qaynayır? Atanla necə yola gedirsən? Aranızda yazı-pozu üstündə mübahisə düşürmü?

- Mən bir neçə aydır ki, ailə qurmuşam və atamgildən ayrı yaşayıram, onunla tez-tez “Facebook”-da danışırdıq, daha o da yoxdu. Bu yaxınlarda məni dostluğundan çıxarıb. Bilmirəm niyə, özü bilər. Kim nə yazdı, kim nə yazmadı, hərə özü bilər. Atamla bir evdə qalanda da bir-birimizin işinə qarışmamışıq. Yəni, tam müstəqil. O, mənə heç vaxt tərbiyə verməyib. Məsələn, ədəbi mühitdə atamın xoşu gəlməyən və yaxud atamdan xoşu gəlməyən adamlar var ki, mən onlarla yaxın dostam və yaradıcılıqlarını çox yüksək qiymətləndirirəm.

- Bəs atanı necə qiymətləndirirsən bir şair kimi?

- Atam çox yaxşı şairdir. Ancaq... (gülüş)

- Nə ancaq?

- Həqiqətdən qorxur. Bu da təbiidir. O, qəhrəman deyil ki... şairdir.

- Axı Şandor Petefi də şair idi, İmadəddin Nəsimi də, Nazim Hikmət də?

- Ay Mövlud, bu cür müqayisələr çox yanlışdır, məncə. Bizim sevimli şairimiz Salam Sarvan hansı qəhrəmanlığı edib? Sadəcə yaxşı şeirlər yazıb. Şair neyləməlidir ki? Nəsiminin dərisini soyublar deyə hamı dərisini soydurmalıdır? Özü də indi ayrı bir dövrdür. Əgər Nəsimi bizim dövrdə yaşasaydı və onun dərisini soysaydılar, ən yaxın dostları axşam saytlara ayrı-ayrı imzalarla şərh yazacaqdılar ki, “Guya Nəsimi nə şairdi, dərisini soydurub özünü reklam etdirdi”.

Yaxud, Qulu Ağsəs, Elçin Hüseynbəyli, Rəşad Məcid, Əsəd Cahangir, Etimad Başkeçid bir vətəndaş olaraq nə vaxt çıxıb bir həqiqəti deyiblər? Onda bunların hamısını bir-bir kimlərsə müqayisə etməliyik? Halbuki dediyim söz elə bunların hamısına aiddir. Qəşəm mənim atam olduğu üçün dedim bu sözü. Özü də çox səmimi. Ancaq gəl görək Azərbaycanda nə qədər istedadlı adamlar həqiqətdən ən azı öz istedadları qədər qorxurlar. Ancaq burda bir incə məsələ də var, bilirəm ki, sən o sualı mənə verəcəksən, qoy elə özüm deyim: həqiqəti deyə bilmirsənsə, yalanı da müdafiə etmə. Mən dəfələrlə atamın özünə də demişəm ki, sən bəzi yazılarında yalanı müdafiə etmisən.

- Nədir o yalan?

- Azərbaycan Yazıçılar Birliyi və onun ədəbi siyasəti.

- Hər bir yazıçının mənsub olduğu bir ədəbi məktəb, öyrəndiyi bir yazıçı olur, bəs Kəramət Böyükçölün sevə-sevə oxuduğu, öyrəndiyi yazıçılar kimlərdir?

- Bax, çoxlu sayda yazıçılar saya bilərəm. Ancaq ehtiyac yoxdur. Yüz kitab oxuyub öyrəndiyim şeylər olur, ancaq bacımın gəlin köçəndən sonra anamın qazandan bir tikə payı azalda bilməməsi mənə yazmaq üçün daha çox həyat faktı verir. Babamın, nənəmin, atamın həyatını daha yaxşı yaza bilirəm. Mənim gücüm budur. Tez-tez deyirəm bu sözü: mən anadangəlmə istedad deyiləm, atadangəlməyəm.

- Keçək son olaylara. Kamal Abdulla və Əsəd Cahangir “polemika”sına sən də qoşuldun və belə demək mümkünsə, bir aya yaxın davam eləyən mübahisəyə öz yazınla nöqtə qoydun.

- Doğrudur, Kamal Abdulla haqqında mətbuat səhifələrində, müxtəlif web saytlarda onun bir ictimai-siyasi xadim kimi nüfuzuna, bir yazıçı kimi ədəbi mühitdəki mövqeyinə xələl gətirə biləcək məlumatların yayıldığının şahidi olub biz üç yazar - sən, mən və Ayxan birlikdə bunlara öz etirazımızı bildirdik. Əsəd barədə yazıya gəlincə... Əsədin az qalsın yaşı əllini haqlayıb, görün nə işlərlə məşğuldur. Əsəd Cahangir üçün bir qələm sahibi haqqında təriflə tənqidin göbəyi eyni vaxtda kəsilir. Mən əminəm, bu saat Əsədin kompüterində təriflədiyi adamlar haqqında hazır və hələ çapa getməmiş çoxlu sayda yazılar var. Onun tənqidlərini mən kimyəvi silaha bənzədirəm, çünki burda tənqid hədəfi ədəbi mətn deyil, şəxsiyyət qabardılır və məsələ siyasiləşdirilir. Ədəbi mətnlər haqqında “Kommunist” qəzetində vaxtı ilə belə məqalələr yazılırdı. Əsəd elə bil əsəbi kommunistdir. Özünü gənclərin himayədarı kimi göstərən bu adam əslində, gənclər arasında pozucu işlər aparır, tanınmış ziyalılar haqqında gənclərdə mənfi rəylər yaradır və eyni zamanda (məhz eyni zamanda!) həmin ziyalılara altdan-altdan sevgi mesajları göndərir. Əsəd Cahangir gənc yazarları öz məkrli siyasətinə çəkir və onları yaradıcılıq yolundan yayındırır. Və bu son hadisələrdə aydın oldu ki, o, bir tərəfdən gəncləri Slavyan Universitetinin üstünə qaldırır, o biri tərəfdən Kamal Abdullayla barışmağın yollarını axtarır. Mən Əsədi çox yaxşı tanıyıram. Nə qədər yaxşı tanıyıramsa, onun haqqında o qədər də sərt yazılar yaza bilərəm.
Kəramət Böyükçöl və Kamal Abdulla
Kəramət Böyükçöl və Kamal Abdulla

- Hansı kitabları oxuyursan son vaxtlar?

- Kitab oxumuram, kitablara nifrət edirəm. Məsləhət görərdim ki, heç kəs də kitab oxumasın. Oxuduğum kitabı sevdiyim qızlar kimi tez də unuduram.

- Sənə elə gəlmirmi ki, kitab haqqında belə danışmağının səbəbi “literaturşina”nın nümayəndələridir? Bəlkə onlar səni kitabdan bıkdırıblar?

- Bəlkə də buna görədir, doğrudur.

- Yazıçılar Birliyinin qurultayının gecikməsini, nizamnamənin pozulmasını necə qəbul edirsən?

- Mənim Yazıçılar Birliyinin qurultayından, onun nizamnaməsindən başım çıxmır. Heç bilmirəm ki, qurultay axırıncı dəfə nə vaxt olub. Maraqlanmıram.

- Bəs yaşıdlarından kimləri oxuyursan, kimlərin yazıları səni valeh edir?

- Valeh edir? (gülüş). Cavid Zeynallı, Qismət, Alik Əlioğlu var, istedadlı uşaqlardır. Onların yazıları məni valeh edir.

- Bəs bizdən əvvəlkilərdən kimləri oxuyursan?

- Kamal Abdullanın "Səhvlərimizin qrammatikası" silsiləsindən yeni bir hekayəsini oxudum. Əsəd Cahangir onun-bunun imzasıyla şər-böhtan dolu yazılar yazır, Kamal Abdulla isə belə bir hekayə. Hekayə nə qədər ustalıqla yazılıb, hekayədə nə qədər həyat faktı var, yazıçı yaddaşı nə qədər güclüdür. Bütün bunlar məni heyrətə gətirdi.
Şərif Ağayarın “Xanım T” kitabındakı hekayələr adamın alnına güllə kimi dəyir. Seymur Baycanın “Mənim mübarizəm” kitabı elə bil jurnalistlər üçün tikilmiş 16 mərtəbəli bir binadır, evi olmayan bütün vicdanlı jurnaslitlər gedib o kitabda gecələyə bilərlər.

- Kərəm, belə bir istedadlı cavabdan sonra mən müsahibəni davam etdirmək istəmirəm. Gəl, elə, müsahibəni burda bitirək…

- Özün bilərsən. (gülüş)

Söhbətləşdi: Mövlud Mövlud

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG