Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:57

Akif Muradverdiyev adının dövlət çevrilişində hallanmasına münasibət bildirir


Akif Muradverdiyev
Akif Muradverdiyev
-
Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev bəyanat yayıb.

Bəyanat onun vəkili Fuad Ağayevin bloqunda çap edilib.

Akif Muradverdiyev son zamanlar internetdə yayılan fikirlərə aydınlıq gətirib:

«Mən Eldar Namazovla uzun illər birlikdə işləmişəm. Son ilyarımda onunla bir neçə dəfə görüşmüşəm. Ona baş vermiş ağır itki ilə əlaqədar 7-8 dəfə yas məclisində iştirak etmişəm. Elə olub ki, bir neçə dəfə də yemək yemişik. Mənim Eldar müəllimlə münasibətlərimi qəbahət bilirlərsə, ar olsun o məqaləni sifariş verənlərə».

Akif Muradverdiyev Telman İsmayılovla çoxdan tanış olduğunu, son bir ildə cəmi iki dəfə görüşdüyünü deyir. O, Abbas Abbasovla da 2013-cü ilin mayında ayaqüstü söhbət etdiyini söyləyir:

«Abbas Abbasov Vladimir şəhərinə tələsdiyini deyərək, əlavə etdi ki, Akif, sənə qarşı olan haqsızlığı indi mənə qarşı döndəriblər. Ancaq bilsinlər ki, biz Heydər Əliyevin oğlanlarıyıq, İlham Əliyevin də qardaşları. Bundan sonra mən Moskvada olmamışam».

Eldar Namazov
Eldar Namazov
«Lukoil» neft şirkətinin prezidenti Vahid Ələkbərovla 2003-cü ilin dekabr ayında görüşdüyünü deyən Akif Muradverdiyev sonralar onu heç teleekranda da görmədiyini bildirir. Rüstəm İbrahimbəyovla isə həyatında cəmi 3-4 dəfə üzbəüz gəldiyini söyləyir:

«Oxuyanda ki, mən Eldar Namazovun guya Eldar Həsənovla görüşüb danışmaqları barədə ifadə vermişəm, çox xəcalət çəkdim. Açığı, mənim adımdan bu boyda yalan yazılması ikrah hissi doğurur. Mənim, ümumiyyətlə, belə bir məlumatım olmayıb. Eldar Həsənovu isə 2004-cü ildən sonra görməmişəm.

O ki qaldı mənim Moskvaya gedib-gəlmək xərclərimi Eldar Namazovun ödəməsinə və onunla bir hoteldə qalmağımıza, bu, artıq simasızlıqdır. Mən son ildə 4 dəfə Moskvada olmuşam, heç zaman da mehmanxanada qalmamış, qohumumun mənzilində yaşamışam. Sonda qeyd etmək istəyirəm ki, hər kəs bilsin, mənim Azərbaycan Respublikası Prezidentinin işlər müdiri vəzifəsində çalışdığım illərdə Moskvada vəzifədə olanların heç biri Prezident Aparatında işləmir.
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Vyacheslav Volodin
Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Vyacheslav Volodin
Moskvada Prezident Administrasiyasında işləyən Volodin adlı adamla nəinki əlaqəm yoxdur, onun hansı vəzifədə çalışdığını da sözügedən məqalədən bilmişəm».

Akif Muradverdiyevi iyunun 20-də xüsusi xidmət orqanlarının əməkdaşları Bakı hava limanında saxlayıb. Haqqında ikiaylıq həbs qətimkan tədbiri seçilib. O, çar Rusiyasına aid 40 ədəd qızıl sikkəni Rusiyaya aparmaqda ittiham olunub. Haqqında CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Vəkil ittihamı əsassız adlandırır.

Bu günlər yerli saytların birində Milli Şura üzvlərinin Rusiya Prezident Administrasiyasının yüksəkvəzifəli rəsmisinin dəstəyi ilə Azərbaycanda dövlət çevrilişi hazırladıqları barədə yazı dərc olunub. Həmin yazıda Akif Muradverdiyevin bu məsələdə vasitəçilik etdiyi iddia olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG