Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16
-
Avqustun 5-dən 12-nə qədər Macarıstanın Döndöş şəhərində keçirilən XIII beynəlxalq mahnı və rəqs festivalı Şuşanın «Qarabağ» ansamblının uğurlu çıxışları ilə yadda qalıb.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyindən veriblər.

Xəbərdə deyilir ki, bu ilin mayında Döndöş şəhəri ilə qardaşlaşma sazişi imzalayan Şuşa icra hakimiyyəti beynəlxalq festivalda iştirak dəvəti aldıqdan sonra qısa müddətdə özünəməxsus Qarabağ musiqi sənətini əks etdirən zəngin proqram hazırlamağa nail olub.

Festival günlərində gənc azərbaycanlı musiqiçilər Çin, Fransa, Serbiya, Portuqaliya, Macarıstan, Ukrayna, Yunanıstan və b. ölkələrdən gəlmiş ifaçılarla birlikdə müxtəlif konsert proqramlarında, habelə festivalın bağlanışındakı qala-konsertdə iştirak edib, qeyri-adi ifaları ilə festivalın sevimlisinə çevrilib.

Avqustun 10-u festivalda «Azərbaycan günü» kimi yadda qalıb.

Həmin gün xüsusi konsert proqramı ilə çıxış edən şuşalılar bitib-tükənmək bilməyən alqışlar qazanıb.

Ənənəvi üçlüyün - tar, kamança və dəfin müşaiyəti ilə ifa olunan muğamlar, Qafqaz koloritini üzə çıxaran rəqslər macar tamaşaçıların diqqətini xüsusilə cəlb edib.

Layihə Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir.

Xəbərdə vurğulanır ki, festival çərçivəsində qədim Azərbaycan şəhəri Şuşa haqqında məlumatların və erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağla bağlı həqiqətlərin macar ictimaiyyəti və festival iştirakçıları arasında yayılmasına xüsusi diqqət yetirilib.

Döndöş şəhərinin meri Laslo Faraqo və Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov arasında keçirilən görüşdə gələcək əməkdaşlıq yolları müzakirə olunub, merin başçılığı ilə Döndöş nümayəndə heyətinin bu ilin payızında Azərbaycana səfəri ilə bağlı razılıq əldə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG