Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:48

«R. İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq, imza vərəqələri verilməyəcək»


Siyavuş Novruzov

Siyavuş Novruzov

-

«Milli Şuranın Təşəbbüs Qrupu tərəfindən Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi tamamilə qeyri-qanunidir. Ona görə də sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunsa da, qeydə alınmayacaq, imza vərəqləri verilməyəcək».

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, MSK Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq R. İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədləri qəbul etməlidir:

MSK-nın binası

MSK-nın binası

«Bundan sonra Azərbaycan Konstitusiyasının 100-cü maddəsinə uyğun olaraq ikili vətəndaşlıq, digər ölkə qarşısında öhdəliklər məsələsinə baxılacaq. Buna baxıldıqda onun namizədliyi qeydə alınmayacaq, qanuna uyğun olaraq imza vərəqələri verilməyəcək. Rüstəm İbrahimbəyovun göstəriciləri Azərbaycan Konstitusiyasına ziddir. Bu baxımdan da o sənədlərini MSK-ya təqdim etsə də, digər ölkə vətəndaşlığından çıxmayana qədər namizədliyi qeydə alına, imza vərəqələri verilə bilməz».

«MİLLİ ŞURA NAMİZƏD İRƏLİ SÜRƏ BİLMƏZ»

YAP funksionerinin sözlərinə görə, R. İbrahimbəyov əslində Milli Şuranın namizədi deyil:

«Onlar cəmiyyətə düzgün olmayan informasiya sırımaq istəyirlər. Çünki İbrahimbəyov Milli Şuranın yox, Milli Şuradakı təşəbbüs qrupunun - bir qrup insanın irəli sürdüyü namizəddir. Əslində Milli Şuranın özünün də namizəd irəli sürmək səlahiyyəti yoxdur, ona görə təşəbbüs qrupu yaradılıb. Milli Şura qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatıdır. Belə qeyri-hökumət təşkilatı isə namizəd irəli sürə bilməz. Seçki qanunvericiliyinə görə namizədi ya siyasi partiya, ya da namizəd öz təşəbbüsü ilə irəli sürə bilər».

«PUTİN-İN BAKIYA SƏFƏRİNİN SEÇKİLƏRLƏ HEÇ BIR ƏLAQƏSİ YOXDUR»

V. Putin və İ. Əliyev

V. Putin və İ. Əliyev

S. Novruzov R. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması prosesinin sürətlənməsinin prezident Vladimir Putin-in Bakı səfərinin nəticəsindən asılı olması ilə bağlı fikirlərə də toxunub:

«Bütün bunlar Rüstəm İbrahimbəyovun və onun ətrafındakı beş-on nəfərin dəyərinin artırılması məqsədi ilə ortaya atılmış dezinformasiyalardır. Çünki bu səfər çərçivəsində iki dövlət arasında sənədlər imzalanacaq, daha vacib danışıqlar olacaq, dövlətlərarası münasibətlərdən söhbət gedəcək. Rüstəm İbrahimbəyovun məsələsi isə o qədər kiçik predmetdir ki, bu yalnız adi miqrasiya xidməti orqanı səviyyəsində ediləcək söhbətdir. Onun məsələsinin iki dövlət başçısı arasında müzakirə olunacağı barədə fikirlər ancaq gülüş doğurur. Bu, iki prezidentin görüşünün gündəliyinə tamamilə aidiyyəti olmayan bir məsələdir».

YAP funksioneri V. Putinin uzun fasilədən sonra Azərbaycana məhz prezident seçkiləri öncəsi gəlişinin birmənalı qarşılanmamasına da münasibət bildirib: «Putin-in Bakıya səfərinin seçkilərlə heç bir əlaqəsi yoxdur. O, yeni prezident seçilib və seçildikdən sonra müvafiq səfərlər edir. Bu səfərlərdən biri də Azərbaycana edilir».

Ötən gün Milli Şura Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb. Yazıçı, rejissor Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması onun seçkidə iştirakına mane olur. Buna görə də o, vətəndaşlıqdan imtina ilə bağlı Rusiya hökumətinə müraciət edib. Amma hələlik müraciətinə cavab almayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG