Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:23

«Əliyev seçkidən əvvəl Putinlə üzləşməli olacaq»


Putin və Əliyev
Putin və Əliyev
-

«Əgər Əliyev Saakashvili, Erdoğan və Morsi-nin zavallı amerikapərəst rejimlərinin yolunu getmək istəyirsə, bu, Moskvanın istəmədiyi bir şeydir». Bu sözləri Moskva Dövlət Universitetinin professoru və Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin dilə gətirib və fikrini belə davam etdirib:

«Bakı başa düşməlidir ki, onun ərazi bütövlüyünün qarantı ABŞ və ya Türkiyə yox, təkcə Rusiyadır».

DÖRDİLLİK HİCRANIN VÜSALI

Cəmilə Məmmədova yazır ki, bu, Vladimir Putin-in avqust ayında Azərbaycana sensasiyalı səfəri ərəfəsində Bakının hakim elitasının Rusiya siyasət bilicisindən eşitmək istədiyi sözlər deyil.

Bloqqer yazır ki, Putin üçüncü müddətə seçildikdən sonra Əliyevlə ilk dəfə görüşəcək. Müəllif iki liderin artıq dörd ildir görüşmədiyini xatırladır və bu müddətdə Rusiyanın narazılığı üçün yetərincə əsas toplandığını diqqətə yetirir. Məsələn, Azərbaycanın qlobal enerji sektorundakı ambisiyaları, NATO ilə əməkdaşlığı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İttifaqına qoşulmaqdan boyun qaçırması.

Arxiv foto
Arxiv foto
Bloqqerin fikrincə, Bakı ilə Moskva arasındakı durğunluq iki şeydən qaynaqlana bilər:
a) iki ölkə arasında ata Əliyevin bərkitdiyi ənənəvi bağlar qırılmazdır və onlar heç vaxt bir-birinin əleyhinə getməyəcəklər; və ya – b) tarixin məhvəri yenidən Rusiyaya tərəf dönür və əgər bu belədirsə, yaxın bir neçə ayda dəyişiklik gözləməyə dəyər.

Cəmilə Məmmədova yazır ki, postsovet Azərbaycanını dünya səhnəsinə Bakı-Tbilisi-Ceyhan neft kəməri çıxarıb. Azərbaycan Dövlət Neft Şirkətinin Şahdəniz yataqlarından qazı Avropa bazarına çıxaracaq Trans-Anadolu Konsorsiumunda 80 faiz payı var. Bu kəmər 2018-ci ildə işə düşməlidir. Azərbaycan Avropanın sabit qaz və neft təchizatçısı olduğunu sübut edib, amma bir incəlik var ki, ölkənin Avropaya yönəlik bütün layihələri Rusiya və İrandan yan keçir.

Müəllifin fikrincə, bu halı təsadüf saymaq olmaz.

Cəmilə Məmmədova Bakı və Moskvanın bu yaxınlarda aralarındakı iki strateji sazişi dayandırdığını da qeyd edir. Bunlardan biri Azərbaycan neftini Rusiyaya daşıyan Bakı-Novorossiysk kəməridir. Hər iki tərəf bu addımlarını boru kəmərin iqtisadi səmərəsizliyinə bağlayıb. Rusiya Qəbələ RLS-in lisenziya müddətini artırmaqdan da imtina edib.

İBRAHİMBƏYOV AMİLİ

Cəmilə Məmmədova yazır ki, iki ölkənin münasibətlərindəki durğunluq indi adı çox hallanan Rüstəm İbrahimbəyovdan da qaynaqlanır – dünya şöhrətli ssenarist Azərbaycan prezidentliyi uğrunda yarışa qoşulmaq niyyətini bildirib.

Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Bloqqer Azərbaycan hökumətinin R. İbrahimbəyovu ciddi tənqidə tutduğunu vurğulayır, axı o, 2012-ci ildə yaradılmış və Azərbaycan prezidentinin kürəkəninin atası Araz Ağalarov da daxil, azərbaycanəsilli biznesmenlərdən ibarət Rusiya Azərbaycan Təşkilatları İttifaqının qurucularından biridir. Vagit Ələkbərov, Telman İsmayılov, Söyün Sadıqov, hətta dağıstanlı Ramazan Abdulatipov və başqaları da bu təşkilata daxildirlər.

Müəllif bir sıra rəsmilərin ABŞ-a səfərlərinə qadağa qoyan Magnitsky aktının Azərbaycan rəsmilərinə də şamil olunması ilə bağlı R. İbrahimbəyovun cəhdləri barədə yayılan söyləntilərdən də söz açır.

Cəmilə Məmmədovanın fikrincə, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbəsi şübhə doğurmasa da, R. İbrahimbəyovun Azərbaycana gəlişi hakimiyyətin bir sıra qanunsuz davranışlarına səbəb ola bilər.

BİZ QARDAŞIQ, AMMA AĞ ELƏMƏK OLMAZ

Müəllif yazır ki, bu ilin iyul ayında «Rosneft»in rəhbəri İgor Sechin Bakıda İlham Əliyevlə görüşüb və həmin görüşün təfərrüatları haqda heç bir məlumat verilməyib.
«Reuters» agentliyinin məlumatına görə, bu görüşdə Şahdəniz layihəsinin ikinci fazasında Rusiyaya pay verilməsi və müştərək müəssisə yaradılması məsələsi də müzakirə edilə bilərdi.

Sergey Markov
Sergey Markov
Rusiya Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov-un fikrincə, sözügedən görüşdə Azərbaycanda seçkilər məsələsi də dartışılıb.

Siyasət bilicisi Aleksandr Dugin qarşıdan gələn Putin-Əliyev görüşü barədə deyib ki, «Rusiyanın Azərbaycana müəyyən sualları olacaq, Azərbaycanın da Rusiyaya sualları var. Ən əsası odur ki, biz qardaşıq və qardaşlar arasında bəzən dava-dalaş və mübahisə də olur. Başlıcası, ağ eləməməkdir».

Cəmilə Məmmədova belə düşünür ki, Putin-lə Əliyevin görüşündə, əslində, çoxdan müzakirə edilməli olan məsələlər müzakirəyə çıxarılacaq. Deməli, həmin görüş Azərbaycanın qarşıdan gələn illər üçün siyasi öncəliklərini aydınlaşdıracaq:

«Və həm də prezident Əliyevin güc və müdrikliyini».


Tərcümə edən: Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG