Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Azərbaycanla Rusiya arasında 5 sənəd imzalanıb


Putin və Əliyev,13 avqust 2013
Putin və Əliyev,13 avqust 2013
-
Avqustun 13-də Rusiya prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlib.


PUTİN QARABAĞ PROBLEMİ HAQQINDA

Rusiya prezidenti Vladimir Putin bildirir ki, Dağlıq Qarabağ problemi yalnız siyasi yolla həll oluna bilər.

“RİA Novosti”-nin məlumatına görə, bunu Rusiya prezident Putin Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, Xəzər bölgəsində delimitasiya və ekologiya məsələləri ilə bağlı problemləri bütün region ölkələrinin maraqlarına uyğun həll etməık lazımdır.


4 MİLYARD DOLLARLIQ SİLAH

«Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sürətlə inkişaf edir və artım tendensiyasına malikdir».

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rusiya prezidenti Vladimir Putin-lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İlham Əliyev hazırda iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığın 4 milyard dollar civarında olduğunu qeyd edib. O, hazırda Azərbaycanın dünyada Rusiya texnikasının alıcısı olan aparıcı ölkələrdən biri olduğunu bildirib.

ARDNŞ VƏ «ROSNEFT» ARASINDA RAZILAŞMA

Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın «Rosneft» şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb və neftin nəqlinin əsas şərtləri barədə razılaşma əldə olunub.

Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə «Rosneft»in rəhbəri Igor Sechin imzalayıblar.

Azərbaycan-Rusiya əlaqələri

İNFOQRAFİKA
Azərbaycan-Rusiya əlaqələri


Rusiyanın energetika naziri Alexander Novak jurnalistlərə açıqlamasında bildirib ki, söhbət neftin qarşılıqlı tədarükü və nəqlindən gedir.

SƏNƏDLƏR İMZALANDI

Prezidentlər İlham Əliyev və Vladimir Putin-in 13 avqust görüşündən sonra Azərbaycan-Rusiya sənədləri imzalanıb. Sənədlər bunlardır:

- Azərbaycan Dövlət Neft Şirkəti ilə Rusiyanın «Rosneft» Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq sazişi və bu iki qurum arasında neft nəqlinin əsas şərtləri haqda sənəd;

Vladimir Putin və İlham Əliyev, 13 avqust 2013
Vladimir Putin və İlham Əliyev, 13 avqust 2013
- Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri Nazirliyi arasında 2013-2015-ci illər üzrə kompleks əməkdaşlıq planı;

- Azərbaycan hökuməti ilə Rusiya hökumət arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında saziş;

- Samur çayı üzərində Azərbaycan-Rusiya avtomobil körpüsünün tikintisi haqda saziş;

- Azərbaycanla Rusiya arasında 2015-ci ilədək humanitar əməkdaşlıq proqramı.

İKİ ÖLKƏNİN REKORDU

«Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə əlavə təkan verəcək».

«İnterfaks»ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev avqustun 13-də Bakıda Rusiya prezidenti Vladimir Putin-lə görüşdə deyib. İlham Əliyev hazırda iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini və bu səfərdən sonra bunun daha dinamik şəkildə davam etdiriləcəyini bildirib.

Öz növbəsində, Vladimir Putin iqtisadi çətinliklərə baxmayaraq, iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini və ticarət dövriyyəsinin rekord həddə çatdığını deyib:
Putin təyyarədə gəldi. Rusiya prezidentinin Azərbaycana hərbi gəmidə gələcəyinə dair məlumatlar doğru çıxmadı.
Putin təyyarədə gəldi. Rusiya prezidentinin Azərbaycana hərbi gəmidə gələcəyinə dair məlumatlar doğru çıxmadı.

«Bu sahədə ikinciyik, ticarət dövriyyəsi artır. Ən xoşagələn də odur ki, ticarət dövriyyəsinin strukturu istər Azərbaycan, istərsə də Rusiya tərəfdən olduqca yaxşıdır».

PUTİN GƏMİ İLƏ YOX, TƏYYARƏDƏ GƏLDİ

Avqustun 13-də Rusiya prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlib.

Rusiya prezidentinin rəsmi saytının yazdığı kimi, səfər zamanı ilk növbədə ticari-iqtisadi əlaqələr, yanacaq-energetika sahəsində əməkdaşlıq müzakirə olunur.

Həmin məlumatda o da bildirilir ki, «danışıqlarda beynəlxalq və regional məsələlərlə yanaşı, Xəzər dənizinin hüquqi statusuna, Dağlıq Qarabağ münaqişəsinə də diqqət yetiriləcək. Danışıqların sonunda bir neçə ikitərəfli sənədin imzalanması gözlənilir».

Vladimir Putin-i xarici işlər və müdafiə nazirləri də içində olmaqla, Rusiya hökumətinin geniş nümayəndə heyəti müşayiət edir.

Bu, Vladimir Putin-in Rusiya prezidenti sifətində Azərbaycana dördüncü, yenidən prezident seçiləndən sonra isə ilk səfəridir.

Putin-in Azərbaycana seçkiöncəsi səfərini İlham Əliyevə dəstək şəklində qiymətləndirənlər də var. Politoloq Zərdüşt Əlizadə əmindir ki, Putin bu səfəri ilə İlham Əliyevi dəstəklədiyini göstərir:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Azərbaycanda hakim zümrənin başında duran insanların xahişi ilə Putin böyük minnət edib Azərbaycana gəlir. O bu səfəri ilə Azərbaycan elitasına «mən İlham Əliyevi dəstəkləyirəm» mesajını çatdırır və demək istəyir ki, onun dəstəklədiyi adam indiki prezidentdir».

PUTİN AZƏRBAYCANI AVRASİYA İTTİFAQINA QOŞULMAĞA ÇAĞIRACAQ

Putin hələ baş nazir olarkən – 2011-ci ildə keçmiş sovet respublikalarını Avrasiya İttifaqında birləşməyə çağırmışdı. Rusiya prezidentinin indiki səfər zamanı da Azərbaycana Avrasiya İttifaqına daxil olmağı təklif edəcəyi haqqında fikirlər dolaşır.

FAR Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, Putin-in başlıca amacı elə Azərbaycanı Avrasiya İttifaqına çəkməkdir:

«Ya birləşmək, ya da Avrasiya İttifaqının proqramlarında iştirak etmək – iqtisadi, hərbi sahələrdəki proqramlarda. Rusiya deyir ki, tam birləşmirsənsə, ayrı-ayrı proqramlara qatıl. Şimal qonşumuz başqa qüvvələrin Azərbaycana gəlib öz raketlərini Rusiya sərhədlərinə gətirməsini istəmir».

Politoloq Rasim Musabəyovun fikrincə, bu səfər bir müddət öncə soyumuş münasibətlərin yenidən isindiyinə işarədir:
Rasim Musabəyov
Rasim Musabəyov

«Səfərin əsas mahiyyəti ondan ibarətdir ki, bir müddət əvvəl Azərbaycan-Rusiya dialoqu dondurulmuşdu. İndi davam etdirilir. Düşünürəm ki, çoxşaxəli əlaqələr götür-qoy ediləndən sonra maraqları uyğunlaşdırmaqla gələcək üçün bəlli bir işbirliyi qurmaq mümkün olacaq. Bu gün Avrasiya İttifaqı ilə bağlı, hələlik, ortalıqda bir şey yoxdur. Həmin birliyə qoşulmasının Azərbaycana faydası da yoxdur».

Vladimir Putin-in səfəri ilə bağlı avqustun 12-də Rusiya Xəzər donanmasının iki hərbi gəmisi – «Dağıstan» raket gəmisi və «Volqodonsk» kiçik artilleriya gəmisi Bakı limanına daxil olub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu gəmilər Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi çərçivəsində Bakıya gəlib.

Vladimir Putin bu axşam Bakıdan gedəcək. Onu müşayiət edən şəxslərin bir hissəsi Qəbələyə yola düşəcək. Orada danışıqlar davam etdiriləcək.
XS
SM
MD
LG